Azərbaycanda milli büdcə aviadaşıyıcısı BUTA AIRWAYS yaradılacaq

14.12.2016

14 dekabr 2016-cı il, Bakı - "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilmişdir.

BUTA AIRWAYS adlandırılan yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

BUTA AIRWAYS aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

Qeyd edək ki, mülki aviasiya biznesi çox mürəkkəb və spesifikdir, və hər bir ciddi dəyişiklik vaxt tələb edir. Büdcə aviaşirkətinin fəaliyyət göstərməsində çox nüans var, hazırda bütün aspektlər üzərində fəal iş aparılır. BUTA AIRWAYS aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.

Aviabiletlərin qiymətinin aşağı salınması üzrə genişmiqyaslı işlər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Bu ilin mart ayından etibarən AZALJET brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.

Hazırda AZALJET-in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir. Bu, Azərbaycana uçuşlar həyata keçirən bütün aviaşirkətlər arasında ən rəqabət qabiliyyətli qiymətlərdən biridir.

Ümid edirik ki, milli lou-kosterin xidmətləri həm vətəndaşlarımızın ürəyincə olacaq, həm də ölkəmizə turist axınını artıracaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

14.05.2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı
13.03.2018

“Buta Airways” Türkiyənin məşhur kurortuna aviareys açır

Ətraflı
16.01.2018

“Buta Airways” ilk Bakı-Sofiya-Bakı aviareysini həyata keçirib

Ətraflı