“Buta Airways” aviaşirkətinin ilk təyyarəsi Bakıya gətirilmişdir

25.08.2017

Bakıda “Buta Airways” aviaşirkətinin ilk “Embraer ERJ-190” təyyarəsinin qəbulu mərasimi keçirilmişdir.  

Təyyarə istehsalçı zavoddan Heydər Əliyev Beynəlxalq Aeroportuna çatdırılmışdır. Ənənəyə uyğun olaraq, təyyarə hava limanında "su arkası" ilə qarşılanmışdır.

Azərbaycanın “Buta Airways” lou-kosterinin yaradılması da daxil olmaqla aviabiletlərin qiymətinin aşağı salınması istiqamətindəki böyük miqyaslı işlər Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin geniş iclasında verdiyi müvafiq tapşırığı çərçivəsində həyata keçirilir.

“Buta Airways” ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirəcək. Sentyabrın 1-dən etibarən Bakıdan Moskva ("Vnukovo" hava limanı), Kiyev ("Julyanı" hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana, qış uçuş cədvəlinin (oktyabrın 29-dan etibarən) başlamasıyla isə Bakıdan İstanbula ("Sabiha Gökçən" hava limanı) və Sankt-Peterburqa, eləcə də Gəncədən Moskvaya ("Vnukovo" hava limanı) uçuşlar həyata keçiriləcək.  

Bütün istiqamətlər üzrə minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. “Buta Airways” tipik lou-koster sxemi üzrə fəaliyyət göstərir və baqajın daşınması, təyyarə göyərtəsində isti yeməklər, təyyarədə yer seçimi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif olunacaq.                                                                                                          

Yaxın günlərdə “Buta Airways”in daha bir yeni “Embraer ERJ-190” təyyarəsi Bakıya gətiriləcək. Ekonom sinif modifikasiyalı bu təyyarə 106 nəfərlik sərnişin tutumuna malikdir. Zamanla aviaşirkətin hava gəmiləri parkındakı “Embraer-190” təyyarələrinin sayı 8-dək artırılacaq.

Qeyd edək ki, lou-kosterin livreyasındakı buta naxışları Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə, həmçinin “Azərbaycan Hava Yolları” QSC-nin (“Buta Airways” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində təsvir olunmuşdur. Rəngarəng kompozisiya Azərbaycanın rəmzlərindən biri – buta formasında mifoloji Simurq quşu ilə tamamlanır.

İnanırıq ki, “Buta Airways”in milli rəmzlərlə bəzədilmiş təyyarələri Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcək və ölkənin turizminin daha da inkişaf etməsinə kömək edəcək.

Son xəbərlər

28.07.2023

“Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid brend altında birləşir

Ətraflı
03.06.2023

Səyahət xəbərdarlığı: İran İslam Respublikası

Ətraflı
07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı