"Buta Airways" Sərnişin Aviaşirkətinin "Sərnişinlərin və yüklərin daşınması qaydaları"

1. Ümumi müddəalar

1.1.1 Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları "Buta Airways" Sərnişin Aviaşirkətinin (sonra mətndə - "Aviaşirkət") sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir.

1.1.2 Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları hava daşımalarına dair beynəlxalq hüquqi sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli "Aviasiya haqqında" Qanununa və Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə əsasən işlənib hazırlanmışdır.

1.1.3 Bu Qaydalar uçuşların təhlükəsizliyini və xidmət keyfiyyətini lazımi səviyyədə təmin edən "Buta Airways" Sərnişin Aviaşirkətinin hava gəmilərində sərnişin, baqaj və yüklərin daşınması şərtlərinin, habelə sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması zamanı, bu daşımalara aidiyyəti olan xidmətlər də daxil olmaqla, subyektlərin məsuliyyət prinsipi və normalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır.

1.1.4 Bu Qaydalar "Buta Airways" Sərnişin Aviaşirkətinin işçi heyətinə, Xidmət üzrə agentlərə,

1.1.5 Daşımaların satışı üzrə agentlərə, Aviaşirkətin sərnişinlərinə və yük müştərilərinə şamil olunur.

1.1.6 Xüsusi daşıma şərtləri ilə digər qaydalar nəzərdə tutulmadığı halda, bu Qaydalar həmin daşımaya aidiyyəti olan və "Buta Airways" Sərnişin Aviaşirkətinin həyata keçirdiyi xidmətlər də daxil olmaqla, istənilən baqaj, yük və sərnişin daşınmasına tətbiq olunur.

1.1.7 1.5. Xidmət üzrə agentlər, Daşımaların satışı üzrə agentlər, Aviaşirkətin əməkdaşları və ya təmsilçiləri bu Qaydalara ciddi riayət etməlidirlər və onun müddəalarını təhrif etmək və ya dəyişmək hüququna malik deyillər.

2. Terminlər, anlayışlar və ixtisarlar

2.1 Bu Qaydalarda göstərilən terminlər aşağıdakı mənaları ifadə edir:

AİDİYYƏTİ ŞƏXS - Sərnişin, onun qanuni təmsilçiləri və qanunla müəyyən olunmuş qaydada Sərnişini təmsil etmək üçün səlahiyyətləndirilmiş digər şəxslər.

AVİAŞİRKƏT - "Buta Airways" Sərnişin Aviaşirkəti, qənaətli sxem üzrə aviadaşımaların təşkili və yerinə yetirilməsi ilə bağlı funksiyaları həyata keçirən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi.

AVİAŞİRKƏTİN QAYDALARI - Aviaşirkət tərəfindən müəyyən edilən və Sərnişinlərin və/və ya baqajın, yükün daşınması zamanı tətbiq edilən qaydalar.

AVİAŞİRKƏTİN RƏSMİ VEB SƏHİFƏSİ - www.butaairways.az veb resursu

AVİASİYA TƏHLÜKƏSİZLİYİ - insan və maddi ehtiyatlar da daxil olmaqla, aviasiyanı qanunsuz müdaxilə aktlarından qorumaq üçün tətbiq olunan kompleks tədbirlər.

BAQAJ - Aviaşirkətin məsuliyyəti altında daşınma üçün qəbul edilən baqaj. Bunun əvəzində sərnişinə baqaj qəbzi və baqaj birkası verilir.

BAQAJ QƏBZİ - daşıma müqaviləsinə uyğun olaraq qeydiyyata alınmış baqajın daşınması üçün daşıyıcı tərəfindən verilən qəbz.

BAQAJI EYNİLƏŞDİRMƏ BİRKASI (BAQAJ BİRKASI) - qeydiyyata alınmış baqajın, yəni sərnişin tərəfindən daşınma üçün Aviaşirkətin məsuliyyəti altına verilmiş baqajın eyniləşdirilməsi üçün Aviaşirkət tərəfindən verilən sənəd.

BAQAJIN ÇƏKİSİNİN ƏSKİK GƏLMƏSİ - təyinat məntəqəsinə gəldikdən sonra Sərnişin baqajının kütləsinin daşıma sənədlərində göstərilən məlumatlarla müqayisədə az olması.

BAQAJIN DAŞINMASI ZAMANI NÖQSANLAR HAQQINDA AKT (PIR - Property Irregularity Report) - bir və ya bir neçə Daşıyıcının hava gəmiləri ilə həyata keçirilən daşıma zamanı baqaja dəymiş ziyan (baqajın itməsi, əskik gəlməsi, zədələnməsi) aşkar edildikdən dərhal sonra, Sərnişin aerovağzalın rejim zonasından çıxmazdan əvvəl, onun iştirakı ilə Aviaşirkət tərəfindən tərtib edilən, Aviaşirkət və Sərnişin tərəfindən imzalanan sənəd.

BAQAJIN İTİRİLMƏSİ - baqajın axtarış üçün müəyyən edilmiş vaxt ərzində təyinat məntəqəsinə çatdırılmaması və Daşıyıcı tərəfindən bu faktın təsdiq edilməsi.

BAQAJIN YUBADILMASI - sərnişinin baqajının təyinat məntəqəsinə yol verilən müddətdən gec çatdırılması.

BAQAJIN, YÜKÜN ZƏDƏLƏNMƏSİ - baqajın və ya yükün ilkin təyinatına görə tam istifadə edilməsinin mümkün olmaması (dəyərinin itirilməsi) ilə nəticələnən zədələnmə;

BEYNƏLXALQ DAŞIMA - daşımada fasilələrin olub-olmamasından asılı olmayaraq, yola düşmə məntəqəsi və təyinat məntəqəsi müxtəlif ölkələrin ərazisində yerləşməklə, yaxud hər iki məntəqə bir ölkənin ərazisində yerləşərək digər ölkənin ərazisində dayanacağın nəzərdə tutulması şərtilə sərnişin və baqaj daşıması.

BİLET - adi bilet (sərnişin bileti və baqaj qəbzi) - kağızda hazırlanan və daşıyıcı tərəfindən təsdiq olunan müəyyən nümunəli daşıma sənədidir, müqavilənin bağlandığını, habelə sərnişinin və onun baqajının hava daşıması şərtlərini təsdiq edir;

ÇARTER DAŞIMALARI (ÇARTER REYSİ) - sərnişinləri, yükü və ya poçtu təyinat məntəqəsinə çatdırmaq üçün sifarişçi tərəfindən bağlanmış sifarişli (çarter) reysi haqqında müqavilənin şərtlərinə müvafiq olaraq yerinə yetirilən reys.

DAŞIMADAN İMTİNA - Aviaşirkətin Sərnişini müəyyən reysə qəbul etməkdən imtina etməsi.

DAŞIMALARIN SATIŞI ÜZRƏ AGENT - Agent razılaşmasına müvafiq olaraq Aviaşirkətin reyslərinə və müvafiq səlahiyyətləri olduğu təqdirdə, digər Daşıyıcıların reyslərinə daşımaların satışı zamanı Aviaşirkətin maraqlarını təmsil etmək üçün təyin olunmuş şəxs (sonra mətndə - Agent).

DAXİLİ DAŞIMALAR - Göndərilmə və təyinat məntəqəsi, habelə bütün nəzərdə tutulmuş dayanacaqlar Azərbaycanın ərazisində yerləşməklə sərnişinlərin və onların baqajının daşınması.

DEPORTASİYA OLUNMUŞ ŞƏXSLƏR - ölkəyə qanuni və ya qeyri-qanuni yollarla gəlmiş və bir müddət sonra dövlət orqanlarının sərəncamı ilə ölkədən çıxarılmaq əmri almış (mühafizəçilərlə müşayiət olunan və ya müşayiət olunmayan) şəxslər.

DÖVLƏT ORQANLARI - sərnişinlər tərəfindən gömrük, valyuta, sərhəd, sanitar, baytarlıq və karantin qaydalarına riayət olunmasına nəzarət edən təşkilatlar, idarələr və onların bölmələri.

ƏL YÜKÜ - "CABIN LUGGAGE" birkası ilə nişanlanmış və daşıma zamanı Aviaşirkətin razılığı ilə Sərnişinin nəzarəti altında hava gəmisinin salonunda olan baqaj.

ƏLAVƏ DAŞIMA (ƏLAVƏ REYS) - hava gəmilərinin müntəzəm reyslər həyata keçirilən eyni marşrut üzrə hərəkət cədvəlindən əlavə reys yerinə yetirməsi.

ELEKTRON BİLET - daşıyıcının kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə sayılan adi biletin elektron analoqu. Bu bilet kağızda çap olunmuş adi aviabiletdə göstərilən məlumata analoji olan məlumatı tam şəkildə əks etdirir və qüvvədə olan elektron ticarət haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir.

FORS-MAJOR HALLAR - dəfedilməz qüvvənin təsiri, Aviaşirkətin və / və ya Sərnişinin nəzarətindən kənarda olan, nəticələrinin qarşısının alınması mümkün olmayan qeyri-adi və gözlənilməz şərait (istisna: əlverişsiz meteoroloji şərait).

GÜNLƏR - təqvim günləri, bayram, istirahət və qeyri-iş günləri də daxil olmaqla, həftənin bütün yeddi günü, bir şərtlə ki, bildiriş təqdim edilərkən bildirişin göndərildiyi gün nəzərə alınmır və etibarlılıq müddəti müəyyən edilərkən biletin verildiyi gün və ya uçuşun başlandığı gün nəzərə alınmır.

GÜZƏŞT - Aviaşirkətin qaydalarına əsasən tətbiq edilən müəyyən tarifin aşağı salınması.

HAAQA PROTOKOLU - Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün Konvensiyaya düzəlişlər barədə Protokol (1955).

HAVA DAŞIMASI MÜQAVİLƏSİ - müəyyən edilmiş haqq müqabilində sərnişinin, baqajın və ya yükün təyinat məntəqəsinə (məntəqələrinə) çatdırılmasına dair daşıyıcı ilə fiziki və ya hüquqi şəxs arasında bağlanmış müqavilə. Sərnişinin hava daşınması müqaviləsi biletlə, yükün hava daşınması müqaviləsi yük qaiməsi ilə, baqajın hava daşınması müqaviləsi isə baqaj qəbzi ilə təsdiq olunur.

MARŞRUTDA DAYANACAQ (yaxud STOPOVER) - daşımanın Aviaşirkət və Sərnişin arasında əvvəlcədən razılaşdırılmış qaydada, göndərmə və təyinat məntəqələrindən başqa istənilən məntəqədə müvəqqəti dayandırılması (24 saatdan çox).

MƏBLƏĞLƏRİN QAYTARILMASI - əvvəlcədən ödənilmiş, lakin istifadə edilməmiş və ya qismən istifadə edilmiş daşımanın dəyərinin bir hissəsinin və ya bütün məbləğin tarifi ödəmiş Sərnişinə və ya şəxsə (təşkilata) qaytarılması.

MƏXFİ TARİF - Qlobal təxsisetmə (bronlaşdırma) sistemlərində Aviaşirkət tərəfindən dərc olunmayan xüsusi tarif.

MÜHAFİZƏÇİLƏRİN MÜŞAYİƏTİ İLƏ DEPORTASİYA EDİLƏN ŞƏXS - müvafiq orqanların səlahiyyətli əməkdaşları tərəfindən müşayiət olunmaqla məcburi daşınmanı həyata keçirən şəxs.

MÜHAFİZƏÇİLƏRİN MÜŞAYİƏTİ OLMADAN DEPORTASİYA OLUNAN ŞƏXS - müvafiq orqanların səlahiyyətli əməkdaşları tərəfindən müşayiət olunmadan məcburi daşınması

MÜNTƏZƏM DAŞIMALAR (MÜNTƏZƏM REYS) - müəyyən edilmiş hərəkət cədvəlinə müvafiq olaraq hava gəmisinin marşrut üzrə yerinə yetirdiyi reys.

MÜRACİƏT - fiziki və ya hüquqi şəxs tərəfindən yazılı və ya şifahi şəkildə fərdi və ya qrup halında ifadə edilən rəy, təklif (irad) və şikayətlər.

MÜSTƏSNA ŞƏRTLƏR - Sərnişin və baqaj daşınmasının adi əməliyyatlarla və mülki hava gəmilərinin istismarı prosedurları ilə əlaqəli olmadığı şərtlər, o cümlədən sülhməramlı qüvvələrin daşınması, təbii fəlakətlərin və ya qəzaların aradan qaldırılması və s. üçün daşımaların həyata keçirilməsi şərtləri.

ÖDƏNİŞLİ BAQAJ (NORMADAN ARTIQ) - Baqajın kütləsinin (çəkisinin) Aviaşirkət tərəfindən müəyyən edilmiş pulsuz daşıma normasından artıq olan və müəyyən edilmiş tariflərə müvafiq olaraq Sərnişin tərəfindən ödənilən hissəsi, habelə baqajın pulsuz daşıma norması şamil olunmayan əşyalar (iri həcmli baqaj; idman ləvazimatı; ev və otaq (əhliləşdirilmiş) heyvanları (eşitmə / görmə qabiliyyəti olmayan Sərnişinləri müşayiət edən itlərdən başqa); elan edilmiş dəyəri Daşıyıcının Varşava Konvensiyası və Monreal Konvensiyası ilə müəyyən edilmiş məsuliyyət həddini aşan baqaj).

ÖDƏNİŞLİ BAQAJIN QƏBZİ (BİLETİ) (Excess Baggage Ticket - EBT) - normadan artıq baqajın və ya daşınmasına görə mütləq ödəniş aparılmalı olan əşyaların daşınması üçün ödənişin həyata keçirildiyini təsdiq edən sənəd.

PRETENZİYA - hava daşımaları haqqında müqavilənin şərtlərinin yerinə yetirilməməsi nəticəsində aidiyyəti şəxsin zərərinin (itkilərinin) əvəzinin ödənilməsi barədə bu Qaydalarla nəzərdə tutulmuş vaxtda təqdim edilən yazılı tələb.

QEYDİYYATA ALINMAMIŞ BAQAJ - Sərnişinin qeydiyyata alınmış baqajından başqa, hava gəmisinin sərnişin salonunda daşınan istənilən baqaj (o cümlədən əl yükü).

QEYDİYYATA ALINMIŞ BAQAJ - Aviaşirkət tərəfindən qorunması və təyinat yerinə vaxtında çatdırılması məsuliyyəti ilə daşınmaya qəbul edilmiş, baqaj qəbzi və hər baqaj yeri üçün bir eyniləşdirmə birkası verilmiş Sərnişinin baqajı.

QRUP ŞƏKLİNDƏ DAŞIMA - Səyahət üçün ümumi məqsədi və eyni uçuş və enmə tarixi olan, biletin dəyərini qrup tarifi üzrə ödəmiş bir qrup şəxsin (ekonom sinifdə ən azı 10 nəfər və biznes sinifdə ən azı 6 nəfər, 2 yaşınadək uşaqlar nəzərə alınmadan) daşınması.

RƏY - göstərilmiş xidmətlər, Aviaşirkətin ayrı-ayrı bölmələri və ya bütünlükdə şirkətin işi haqqında fiziki və ya hüquqi şəxslərin fərdi və ya qrup şəklində yazılı və ya şifahi ifadə edilmiş rəyləri.

SƏRNİŞİN - ekipaj üzvləri istisna olmaqla, hava daşıması müqaviləsinə müvafiq olaraq hava gəmisində daşınan və ya daşınmalı olan şəxs;

Sərnişinin və baqajın daşınması üçün kuponun etibarlı olduğu müəyyən məntəqələr göstərilir.

ŞİKAYƏT - Aviaşirkətin vəzifəli şəxslərinin hərəkətləri / hərəkətsizliyi nəticəsində fiziki və ya hüquqi şəxslərin pozulmuş qanuni mənafelərinin bərpa olunması tələbi ilə müraciət.

TARİF - bir Sərnişinin, yaxud baqaj, yük, poçtun həcminin və ya kütlə vahidinin müvafiq xidmət sinfində, müvafiq marşrut üzrə daşınması üçün Aviaşirkət tərəfindən alınan müəyyən edilmiş məbləğ.

TƏKLİFLƏR - fiziki və ya hüquqi şəxslərin Aviaşirkətin ayrı-ayrı bölmələri və ya bütün aviaşirkətin fəaliyyəti barədə tövsiyələrini, məsləhətlərini əks etdirən fərdi və ya qrup şəklində müraciəti.

TƏLƏB OLUNMAMIŞ BAQAJ - qeydiyyata alınan, baqaj birkasında göstərilən təyinat yerinə gətirilən, lakin Sərnişin tərəfindən götürülməyən baqaj.

TƏSDİQ EDİLMİŞ TƏXSİSETMƏ - avtomatlaşdırılmış təxsisetmə sistemində qeydiyyata alınmış və Aviaşirkət tərəfindən təsdiq edilmiş təxsisetmə. Biletdə "OK" işarəsi ilə qeyd olunur.

TƏTBİQ OLUNAN QANUNLAR - qüvvədə olan beynəlxalq qanunvericilik, həmçinin ərazisindən kənara, ərazisinə və ya ərazisindən keçməklə sərnişinlərin və baqajın hava daşımalarının həyata keçirildiyi istənilən dövlətin hava daşımalarını tənzimləyən qanun, qərar və sərəncamları, digər normativ hüquqi aktları.

TƏXSİSETMƏ (yaxud rezervasiya) - Sərnişinin daşınması üçün hava gəmisində müəyyən reysə və tarixə yerin əvvəlcədən sifariş edilməsi, yaxud baqajın (yükün) daşınması üçün hava gəmisində müəyyən reysə və tarixə həcmin və tonnajın əvvəlcədən sifariş edilməsi.

TƏYİNAT MƏNTƏQƏSİ - biletdə göstərilmiş, Sərnişinin daşınmasının başa çatdığı məntəqə.

TRANSATLANTİK DAŞIMA (REYS) - ABŞ-dan və Kanadadan, yaxud ABŞ-a və Kanadaya hava daşımaları, habelə Qərbi Avropa ölkələrində STOPOVER şərtilə transatlantik regionda reyslər.

TRANSFER MƏNTƏQƏSİ - biletdə göstərilmiş aralıq hava limanı (məntəqə), burada hava daşımaları müqaviləsinə müvafiq olaraq Sərnişin marşrut üzrə yolunu davam etdirmək üçün 24 saat ərzində bir reysdən digər reysə keçir.

UÇUŞ KUPONU - sərnişin biletinin bir hissəsi, yaxud elektron bilet olduğu təqdirdə, elektron kupon deməkdir, burada

XİDMƏT SİNFİ - ödənilmiş tarifə müvafiq olaraq Sərnişinə göstərilən xidmətlərin siyahısı və normaları.

XİDMƏT ÜZRƏ AGENT - Sərnişinlərə və baqaja yerüstü xidmət əməliyyatlarını həyata keçirmək məqsədilə Aviaşirkət tərəfindən səlahiyyətləndirilmiş şəxs.

XÜSUSİ KATEQORİYALI SƏRNİŞİNLƏR - daşıma zamanı xüsusi diqqət və ya xüsusi şəraitin olmasını tələb edən Sərnişinlər.

XÜSUSİ ŞƏRTLƏR - bu Qaydaların müddəalarının digər ölkənin qaydaları ilə uyğun gəlməməsi və ya digər ölkənin qaydalarına əsasən bu Qaydalara nisbətən daha aşağı səviyyəli daşıma şərtlərinin müəyyən edilməsi, yaxud digər ölkənin onun qaydalarına riayət olunmasını tələb etməsi və bununla da daşıma müqaviləsinin yerinə yetirilməsinin təhlükə altına alınması nəticəsində meydana çıxan Sərnişinlərin və baqajın daşınması şərtləri.

XÜSUSİ TARİF - tarifin tətbiqi ilə bağlı müəyyən məhdudiyyətləri olan, ekonom sinifdə daşınma üçün müəyyən edilmiş (bir çox hallarda) və avtomatlaşdırılmış təxsisetmə sistemlərində xüsusi tarif kimi dərc olunmuş tarif.

YIĞIM -Aviaşirkət, Agent və ya digər səlahiyyətli orqanlar tərəfindən Sərnişinin və ya onun baqajının daşınması zamanı müəyyən edilmiş qaydada tarifdən əlavə yığılan təsdiq edilmiş məbləğ.

YOL VERİLƏN MÜDDƏTLƏR - Sərnişinin (baqajın) hava nəqliyyatı ilə daşınması zamanı Aviaşirkətin hərəkət cədvəlində müəyyən edilmiş uçuşun başlanma və başa çatma müddətindən artıq olan dövr, yol verilən müddət 2 saatdan 24 saatadək təşkil edir.

YOLA DÜŞMƏ MƏNTƏQƏSİ - biletdə göstərilmiş, Sərnişinin daşınmasının başlandığı məntəqə.

YÜK - baqaj və poçt istisna olmaqla, yük qaiməsi ilə rəsmiləşdirilən və hava gəmisində daşımaq üçün qəbul edilən əmlak;

YÜK GÖNDƏRƏN - Daşıyıcı ilə malların daşınması üçün bağlanılan müqavilədə tərəf olan və aviaqaimədə qeyd olunan şəxsdir

YÜK QAİMƏSİ - yükün hava gəmisi ilə daşınması üçün müqavilənin bağlandığını, onun şərtlərini və yükün daşınmaya qəbul edildiyini təsdiq edən sənəd;

МONREAL KONVENSİYASI - 28 may 1999-cu il tarixində Monreal şəhərində imzalanan "Beynəlxaq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya" (bundan sonra Monreal Konvensiyası)

VARŞAVA KONVENSİYASI - sadalanan sənədlərdən hansının Daşıma müqaviləsinə tətbiq ediləcəyindən asılı olaraq, aşağıdakı mənanı ifadə edəcəkdir:

  • 12 oktyabr 1929-cu ildə Varşavada imzalanmış Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün Konvensiya (sonra mətndə - Varşava Konvensiyası);
  • 28 sentyabr 1955-ci ildə Haaqada düzəlişlər edilmiş Varşava Konvensiyası;
  • Monrealda 1 nömrəli Əlavə Protokolla (1975) düzəlişlər edilmiş Varşava Konvensiyası;
  • Haaqada düzəlişlər edilmiş və Monrealda 2 nömrəli Əlavə Protokolla düzəlişlər edilmiş (1975) Varşava Konvensiyası;
  • Haaqada düzəlişlər edilmiş və Monrealda 4 nömrəli Əlavə Protokolla düzəlişlər edilmiş (1975) Varşava Konvensiyası;
  • Qvadalaxara, Daşıyıcı olmayan şəxslərin həyata keçirdiyi beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üzrə əlavə konvensiyalar (1961), Qvadalaxara şəhəri 18.09.1961.

ZƏRƏR - hava daşıması zamanı aşağıdakılar nəticəsində əmələ gələ bilən zərər:

  • Sərnişinin ölümü və ya sağlamlığına ziyan vurulması;
  • baqajın və ya onun bir hissəsinin itirilməsi, çatışmaması, zədələnməsi;
  • Sərnişinin və ya onun baqajının təyinat məntəqəsinə çatdırılmasının ləngidilməsi.

3. Dövlət orqanlarının qanun və tələblərinə riayət edilməsi

3.1.1 Aviaşirkətin və Sərnişinlərin, Yükgöndərənlərin və Yükalanların beynəlxalq və daxili hava daşımaları müqavilələrindən irəli gələn bütün hüquq və vəzifələri aşağıdakılarla nizamlanır:

  • Azərbaycan Respublikasının çoxtərəfli və ikitərəfli beynəlxalq müqavilə və sazişləri ilə;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının 24.06.2005-ci il tarixli 944-İİQ nömrəli "Aviasiya haqqında" Qanunu , Azərbaycan Respublikasının qüvvədə olan digər aidiyyəti qanunvericilik aktları ilə;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.07.2007-ci il tarixli 94 nömrəli qərarı ilə;
  • Aviaşirkətin nizamnaməsi ilə;
  • İATA-nın tövsiyələri ilə;
  • Tərəflərdən biri Aviaşirkət olan sazişlərlə;
  • Hazırkı Qaydalarla.

3.1.2 Sərnişinlərin və baqajın daşınması ərazisinə, ərazisindən kənara və ərazisindən keçməklə belə daşımaların həyata keçirildiyi istənilən ölkənin müvafiq qanunlarının, dövlət orqanlarının qərar, qayda və göstərişlərinin qüvvəsinə tabedir.

3.1.3 Azərbaycan Respublikasının ərazisində daşimalar zamanı Aviaşirkətin məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları və hazırkı Qaydalarla nizamlanır.

3.1.4 ABŞ və Kanadanın məntəqələrinə və məntəqələrindən daşımalar, hətta bu Qaydalardan fərqləndiyi hallarda belə, bu dövlətlərin qaydalarına riayət edilməklə həyata keçirilir.

3.1.5 Bu Qaydalar çarter müqavilələrinin şərtlərinə zidd olmadığı təqdirdə, çarter daşımalarına şamil edilir.

3.1.6 Avropa İttifaqı ərazisində yerləşmiş məntəqələrdən daşımalar həyata keçirilərkən, reys ləğv edildikdə, yubandıqda, sərnişinə daşımada imtina edildikdə, yaxud xidmət sinfi aşağı salındıqda Avropa İttifaqının 261/2004 nömrəli Qanununun tələblərinə əməl edilməlidir.

4. Qaydaların dəyişməsi

4.1.1 Aviaşirkətin hava daşımalarını tənzimləyən hazırkı Qaydaları, təlimatları və digər sənədləri Sərnişinlər xəbərdar edilmədən dəyişdirilə bilər, bir şərtlə ki, belə dəyişikliklərdən heç biri Sərnişinin daşınmasına başlandıqdan sonra ona tətbiq edilməyəcək.

4.1.2 Aviaşirkətin nümayəndələri, əməkdaşları və agentləri hazırkı Qaydalara ciddi riayət etməlidirlər və onun müddəalarını təhrif etmək və dəyişmək ixtiyarına malik deyillər.

4.1.3 Hazırkı Qaydalara bütün düzəlişlər, əlavələr və dəyişikliklər müəyyən edilmiş qaydada daxil edilir və Aviaşirkətin rəhbəri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

4.1.4 Qaydalar yalnız "Buta Airways" Sərnişin Aviaşirkətinin əməkdaşlarının, Agentlərinin və xidmət üzrə Agentlərin, Sərnişinlərin, digər Daşıyıcıların və dövlət orqanlarının verdikləri təkliflərə baxılması yolu ilə "Buta Airways" Sərnişin Aviaşirkəti tərəfindən dəyişdirilir.

5. Elektron Bilet

5.1 Ümumi müddəalar

5.1.1 Aviaşirkətin kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə sayılan adi biletin elektron analoqu. Bu bilet kağızda çap olunmuş adi aviabiletdə göstərilən məlumata analoji olan məlumatı tam şəkildə əks etdirir və qüvvədə olan elektron ticarət haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir.

5.1.2 Sərnişin elektron biletin rəsmiləşdirilmiş marşrut-qəbzini (çap formada, kağızda surətini) bilavasitə Aviaşirkətin və onun Agentinin daşımaların satışı məntəqəsində ala bilər, yaxud Aviaşirkət və ya onun Səlahiyyətli Agenti ilə razılaşdırılmış çatdırma üsulunu seçə bilər, ya da Aviaşirkət və ya onun Səlahiyyətli Agenti tərəfindən müəyyən edilmiş qaydada bileti internet vasitəsilə Aviaşirkətin rəsmi veb səhifəsində əldə etdiyi təqdirdə, marşrut/qəbzi müstəqil olaraq ala bilər. Marşrut-qəbz - bu Qaydalara əsasən elektron biletin təxsis edildiyini və dəyərinin ödənildiyini təsdiq edən məlumatdır.

5.1.3 Sərnişin Biletində Sərnişinin adı, soyadı (tam şəkildə), biletin verildiyi yer və tarix, yola düşmə və təyinat yeri, nəzərdə tutulmuş dayanacaqlar, aviabiletin dəyəri, aviaşirkətin adı və ünvanı mütləq göstərilməli, bu və ya digər beynəlxalq qanunvericiliklə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət haqqında qaydaların bu daşımaya şamil edildiyi qeyd olunmalıdır. 

5.1.4 Çarter reysinin Sərnişini üçün rəsmiləşdirilən biletdə fraxt müqaviləsi üzrə yerinə yetirilən sərnişin, baqaj, yük daşınmasına görə ödənişin miqdarı göstərilmir.

5.1.5 Bilet Sərnişinə yalnız Aviaşirkət tərəfindən müəyyən edilmiş tarif üzrə daşıma dəyəri ödənildikdən sonra verilir. Nağdsız hesablaşma qaydasında, güzəştli şərtlərlə və ya pulsuz alınan bilet yalnız bütün zəruri rəsmiləşdirmələr yerinə yetirildikdən sonra verilir. Yalnız pasport və aviabilet təqdim edildikdən sonra Sərnişin daşımaya buraxılır.

5.1.6 Aviaşirkətin razılığı olduqda Sərnişinin xahişi ilə sərnişin biletində dəyişiklik edilməsinə yol verilir və belə bilet qüvvədə olduğu müddət ərzində, Aviaşirkətin tariflərinin tətbiqi qaydalarına müvafiq olaraq, Aviaşirkət və ya onun Səlahiyyətli Agenti (Agenti) tərəfindən Biletin alındığı yerdə dəyişikliklər edilir.

5.1.7 Aviaşirkətin tariflərinin tətbiq edilməsi qaydalarına müvafiq olaraq, müvafiq rüsumlar ödənildikdən sonra bilet yenidən rəsmiləşdirilməklə biletin tarixi, reysin nömrəsi və uçuş vaxtı dəyişdirilə bilər.

5.1.8 Aviaşirkət və ya xidmət göstərən təşkilat biletin bir hissəsi olan, baqajın daşımaya qəbul olunduğunu təsdiq edən baqaj qəbzində yerlərin sayını və baqajın brutto-çəkisini göstərməlidir. Sərnişində elektron formada bilet olduqda, yerlərin sayı və / və ya baqajın çəkisi barədə məlumat da Sərnişinlərin qeydiyyatının və baqajın rəsmiləşdirilməsinin avtomatlaşdırılmış sisteminə elektron qaydada daxil edilir.

5.2 Biletin etibarlılığı

5.2.1 Bilet yer təxsis edilmiş, tarixi və nömrəsi qeyd olunmuş reyslə, biletdə göstərilmiş xidmət sinfində, müddətdə və marşrut üzrə yola düşmə məntəqəsindən təyinat məntəqəsinədək sərnişin və baqaj daşınması üçün etibarlıdır.

5.2.2 Normal tarif üzrə rəsmiləşdirilmiş bilet Sərnişinin və onun baqajının daşınması üçün ilk uçuş tarixindən bir il ərzində etibarlıdır.

5.2.3 Əgər bilet uzun ildə 29 fevral tarixində rəsmiləşdirilmişdirsə, bu zaman bilet növbəti il 01 mart tarixinədək qüvvədədir.

5.2.4 “Sərnişin marşrut üzrə səyahət zamanı vəfat etdiyi halda, Sərnişini müşayiət edən şəxslərin biletləri minimum qalma müddətini dəyişmək və ya etibarlılıq müddəti uzadılmaqla  ödənişsiz olaraq dəyişdirilə bilər. Səyahətə başlayan Sərnişinin yaxın ailə üzvlərindən biri vəfat etdikdə, sərnişinin biletlərinin və sərnişini müşayiət edən yaxın ailə üzvləri olan şəxslərin biletlərinin etibarlılıq müddəti də anoloji qaydada dəyişdirilə bilər. Hər hansı belə dəyişiklik, ölüm haqqında müvafiq şəhadətnamə təqdim edildikdən sonra həyata keçirilir və etibarlılıq müddətinin belə qaydada uzadılması ölümdən sonra 45 gündən artıq müddətə olmayacaqdır. Bu halda yaxın ailə üzvləri həyat yoldaşı, valideynlər, baba və nənə, övladları və nəvələri (övladlığa götürülən uşaqlar daxil olmaqla), qardaş və bacıları hesab edilir.”

5.3 Xidmət sinfi

5.3.1 Ödənilmiş tariflərə müvafiq olaraq Sərnişinlərə biznes və ya ekonom siniflərdə xidmət təqdim edilir. Xidmət sinifləri üzrə xidmətin göstərilməsi normaları və siyahısı Aviaşirkət tərəfindən müəyyən edilir. Sərnişinin tələbi ilə Aviaşirkət (onun Agenti) müvafiq sinifdə göstərilən xidmət barədə Sərnişini məlumatlandırmalıdır.

5.3.2 Sərnişin biletdə göstərilmiş xidmət sinfində, uçuş tarixində və Sərnişinin təsdiq edilmiş təxsisi olan müvafiq reysə daşımaya qəbul olunur.

6. Marşrutda dayanma (STOPOVER)

6.1.1 Yalnız Aviaşirkətlə və ya onun Agenti ilə əvvəlcədən razılaşdırılması və biletdə nəzərdə tutulması şərtilə marşrutda dayanmaya yol verilir.

6.1.2 Əgər biletin dəyəri normal tarif üzrə ödənilibsə, Sərnişinə daşıma marşrutu üzrə istənilən məntəqəsində dayanmağa icazə verilir.

6.1.3 Əgər biletin dəyəri xüsusi tarif üzrə ödənilibsə, Sərnişinin marşrutda dayanmaları bu xüsusi tarifin tətbiqi qaydaları ilə tənzimlənir.

6.1.4 İstənilən halda, martşrutda dayanmaq üçün aşağıdakı şərtlərə riayət edilməlidir:

  • Dayanma Sərnişinin biletinin müddəti hüdudlarında həyata keçirilir;
  • Dayanmanın nəzərdə tutulduğu ölkənin dövlət orqanları tərəfindən dayanacağa icazə verilmişdir.

7. Tarif və yığımlar

7.1 Tarif və yığımların tətbiqi barədə ümumi müddəalar

7.1.1 Tətbiq olunan tariflər - biletin dəyərinin ödənildiyi gün müvafiq xidmət sinfi üçün etibarlı olan, biletdə göstərilmiş yola düşmə məntəqəsindən təyinat məntəqəsinədək reysin və ya reyslərin tarifləridir. Bu tariflər Aviaşirkət tərəfindən və ya Aviaşirkətin adından müəyyən edilir və dərc olunur (yaxud, əgər dərc olunmursa, Aviaşirkətin tarif normativləri üzrə hesablanır). Hər bir tarif onun tətbiqi qaydalarını müəyyən edir, bununla biletin etibarlıq müddəti və tarifin tətbiq edilməsi şərtləri təyin edilir. Tariflərə aeroport terminalları arasında və aeroportlarla şəhər terminalları arasında nəqliyyat xərcləri daxil deyil.

7.1.2 Əgər Sərnişin biletin dəyərini artıq ödəyibsə, Aviaşirkətin tariflərinin və ya Qaydalarının dəyişdirilməsi daşıma müqaviləsinin şərtlərinə təsir göstərmir (Sərnişin tərəfindən daşıma müqaviləsinin şərtlərinə aidiyyəti olan marşrutun və səyahətin müəyyən olunmuş tarixlərinin dəyişdirilməsi istisna təşkil edir).

7.2 Güzəştlər

7.2.1 Tətbiq olunan tariflərə güzəştlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və ІATA-nın normativ sənədləri əsasında hazırlanmış Aviaşirkətin xüsusi təlimatları ilə tənzimlənir.

7.3 Tarif və yığımların ödənilməsi

7.3.1. Daşımanın dəyəri və yığımlar satış ölkəsinin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq ödənilir.

7.3.2 Hər hansı xidmətlərdən və ya avadanlıqdan istifadə müqabilində müvafiq dövlət orqanı, yerli özünüidarə orqanı tərəfindən Sərnişindən alınan yığımlar tətbiq olunan tariflərə daxil edilir və Sərnişin tərəfindən ödənilməlidir.

7.3.3 Daşımanın ödənilməsi nağd vəsaitlə və ya nağdsız hesablaşma qaydasında həyata keçirilə bilər. Müəyyən hallarda Aviaşirkət daşımanın dəyərinin ödənilməsi barədə qəbzi və ya ödənişi təsdiq edən hər-hansı maliyyə sənədini sərnişindən tələb etmək hüququna malikdir.

7.3.4 Əgər tarif və yığımlar daşıma üçün ödənişin həyata keçirildiyi ölkədə Aviaşirkət tərəfindən müəyyən edilmiş və avtomatlaşdırılmış təxsisetmə sistemində dərc edilmiş valyutaya uyğun olmayan valyutada ödənilmişdirsə, belə valyutanın mübadilə səviyyəsi Aviaşirkət tərəfindən biletin satışı günü istifadə edilən valyuta mübadiləsinin bank məzənnəsinə (DCB) uyğun olmalıdır.

7.3.5 Bank kartlarının qeyri-qanuni istifadəsi şübhəsi yarandığı və ya konkret şəxs və ya bir qrup şəxslərə münasibətdə elektron dələduzluq faktları aşkar edildiyi halda, yaxud  bu kimi hallar barədə bank sisteminin müvafiq bildirişi, eyni zamanda beynəlxalq hava nəqliyyatı və maliyyə təşkilatlarının müvafiq təlimatları mövcud olduğu təqdirdə Aviaşirkət Sərnişindən daşıma üçün ödəniş həyata keçirilən bank kartını (çap edilmiş və ya rəqəmsal formatda surətini), zərurət yarandığı hallarda isə ödəniş aparılmış bank kartının məxsus olduğu üçüncü şəxsin belə əməliyyatın həyata keçirilməsinə yazılı razılığını tələb etmək hüququna malikdir.

7.3.6 Sərnişin Aviaşirkətə dolğun olmayan və /və ya qeyri-dəqiq məlumatların verilməsi və ya məlumatların verilməməsi nəticəsində şirkətin məruz qala biləcəyi maliyyə və digər risklər üçün maddi məsuliyyət daşıyır.

7.3.7 Sərnişin belə məlumatların verilməsindən imtina etdiyi təqdirdə, Aviaşirkət Sərnişinə bilet verməkdən imtina etmək, daşıma müqaviləsinə birtərəfli qaydada xitam vermək və daşımanın dəyərini daşıma müqaviləsi üzrə müstəsna cərimə qismində tam həcmdə tutmaq hüququna malikdir.

7.3.8 Bank daşımanın dəyərinin əvəzini ödəməkdən imtina etdiyi təqdirdə, Sərnişin Aviaşirkətin ilk tələbi ilə əvəzi ödənilməmiş məbləği Aviaşirkət üçün münasib müddətdə və üsulla ödəməlidir.

8. Təxsisetmə 

8.1 Ümumi müddəalar

8.1.1 Yerlərin təxsis edilməsi Aviaşirkətin ofislərində, Aviaşirkətin təmsilçisi olan Agentliklərdə, digər aviaşirkətlərin ofislərində həyata keçirilir.

8.1.2 Təxsisetmə qaydalarına müvafiq olaraq yalnız Aviaşirkətin avtomatlaşdırılmış təxsisetmə sistemində təxsis yaradıldıqdan sonra aviasiya daşımasının təxsis edilməsi etibarlıdır.

8.1.3 Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində biletin dəyərini ödəmədiyi təqdirdə, Aviaşirkət sifariş verilmiş daşımanı, o cümlədən marşrutun digər sahələrində, ləğv etmək hüququna malikdir. Aviaşirkət bu barədə Sərnişini xəbərdar etməyə bilər. Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində biletin dəyərini ödəməyənədək Sərnişinə müvafiq qaydada rəsmiləşdirilmiş bilet verildikdə, təxsis ilkin təxsisetmə hesab ediləcək və ləğv edilə bilər, habelə təxsisin statusu, marşrutun digər sahələri də daxil olmaqla, dəyişdirilə bilər. Aviaşirkət bu barədə Sərnişini xəbərdar etməlidir.

8.1.4 Tam və ya qismən istifadə olunmamış bileti olan və uçuş tarixini ayrı bir müddətə keçirmək istəyən Sərnişinin təxsisi ümumi əsaslarla həyata keçirilir.

8.1.5 Aviaşirkət Sərnişinə hava gəmisinin bortunda hər hansı müəyyən yeri təqdim etməməlidir. Sərnişinin bileti alması onun hava gəmisinin bortunda biletdə göstərilmiş xidmət sinfinə uyğun təqdim edilən istənilən yerdə əyləşməyə razı olduğunu göstərir.

8.1.6 Əgər bilet açıq uçuş tarixi ilə (təxsis barədə qeyd yoxdur) rəsmiləşdirilibsə, sorğu göndərilmiş reysdə boş yerlər olduğu təqdirdə, Sərnişinin sorğusuna uyğun yer təxsis edilir.

8.1.7 Xüsusi tariflərə Sərnişinin yenidən təxsisetmə hüququnu məhdudlaşdıran və ya nəzərdə tutmayan şərtlər daxil edilə bilər.

8.2 Sərnişin haqqında məlumatlar

8.2.1 Aviaşirkət təxsisi həyata keçirmək, xüsusi xidmətlər göstərmək və uçuşların təhlükəsizliyi üzrə tələbləri yerinə yetirmək üçün lazım olan məlumatların verilməsini və sənədlərin təqdim olunmasını Sərnişindən tələb etmək hüququna malikdir. Bu məlumatlara aiddir:

  • Soyadı, adı, atasının adı;
  • Sərnişinin sənədləri haqqında məlumatlar (pasport və ya onu əvəz edən sənəd);
  • İkinci dərəcəli sənədlər haqqında məlumatlar (viza, tibbi arayış, uşaqların aparılması üçün sənədlər və s.);
  • Daimi yaşayış yerinin ünvanı;
  • Təyinat məntəqəsində müvəqqəti yaşayış yerinin ünvanı və ya daimi ünvanı barədə məlumatlar; - Yola düşmə / təyinat / tranzit ölkəsinin səlahiyyətli orqanlarının tələblərinə əsasən istənilən digər məlumatlar.

8.2.2 Tətbiq olunan qanunlarla nəzərdə tutulmuş hüdudlarda Sərnişin Aviaşirkəti daşımanın təxsis edilməsi, əlavə xidmətlərin göstərilməsi, baqaj axtarışı sistemində və biletlərlə yaxud kompensasiyanın alınması ilə bağlı fırıldaqçılığın qarşısının alınması/ ifşa edilməsi sistemlərində iş, immiqrasiyanın sadələşdirilməsi və ölkəyə daxil olmaq üçün tələblərin təmin edilməsi məqsədilə Aviaşirkətə (onun Agentinə) təqdim etdiyi məlumatları məxfi saxlamaq üçün səlahiyyətləndirir.

8.2.3 Aviaşirkət Sərnişin haqqında məlumatları yuxarıda sadalanan məqsədlərlə öz əməkdaşlarına, Xidmət üzrə agentlərə, Agentlərə, digər Daşıyıcılara, əlavə xidmətlər təklif edən şirkətlərə və ya ərazisinə, ərazisindən və ərazisindən keçməklə daşıma həyata keçirilən ölkənin dövlət orqanlarına (onların sorğusu ilə) təqdim etmək hüququna malikdir.

8.2.4 Aviaşirkətin Agentləri Sərnişin və onun daşınması haqqında məlumatları üçüncü şəxslərə yaymaq hüququna malik deyillər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Aviaşirkət Sərnişin və onun daşınması haqqında məlumatları üçüncü şəxslərə yaymaq hüququna malik deyil.

8.3 Təxsisin təkrar təsdiqi 

8.3.1 Daşımanın əks istiqamətində təxsisin təkrar təsdiqlənməsi tələb olunduğu hallarda, Aviaşirkət bunu necə və nə vaxt etmək mümkün olduğu barədə Sərnişini məlumatlandırmalıdır.

8.3.2 Əgər Aviaşirkət Sərnişindən təxsisin təkrarən təsdiqlənməsini tələb edirsə, bunun Sərnişin tərəfindən yerinə yetirilməməsi Aviaşirkətə daşımanın əks istiqamətində təxsisi ləğv etmək hüququ verir.

8.4 Sərnişinin qeydiyyata gəlməməsi ("NO-SHOW") 

8.4.1 Sərnişin təsdiqlənmiş təxsisi olan reysə gəlmədiyi və səyahətinin dəyişdiyi barədə əvvəlcədən Aviaşirkəti xəbərdar etmədiyi halda, Aviaşirkət marşrutun digər sahələrinə və ya özünün yerinə yetirdiyi, yaxud onun xahişi ilə bu Sərnişin üçün digər Daşıyıcı tərəfindən həyata keçirilmiş əks istiqamətdə reysə təxsisi ləğv etmək hüququna malikdir.

8.4.2 Əgər Sərnişin təsdiqlənmiş təxsisi olan reysin qeydiyyatına gəlməyibsə və biletin qüvvədə olma müddəti ərzində onu yenidən təxsis etmək və ya qaytarmaq istəyirsə, bu prosedurlar yenidən təxsisetmə və ya biletin qaytarılması üçün müvafiq yığımlar tutulmaqla və Sərnişinin qeydiyyata gəlməməsinə görə ("NO-SHOW") cərimə tutulmaqla həyata keçirilir.

8.4.3 Uçuşdan ən azı 60 dəqiqə əvvəl təkrar təxsis etmək və ya bileti qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin (“NO-SHOW”) hesab olunur. 

9. İnzibati rəsmiyyətlər

9.1 Sərnişinin inzibati vəzifələri

9.1.1 Sərnişin səyahət üçün lazım olan bütün sənədlərin, vizaların, icazələrin və s. alınmasına, habelə yola düşmə, təyinat və tranzit ölkəsinin ölkədən getmək, ölkəyə gəlmək və tranzit haqqında bütün tətbiq olunan qanunlarına riayət edilməsinə görə məsuliyyət daşıyır. Sərnişin belə sənədləri və ya vizaları almadıqda və ya tətbiq olunan qanunların tələblərini yerinə yetirmədikdə, Aviaşirkət Sərnişin qarşısında heç bir məsuliyyət daşımır.

9.1.2 Aviaşirkətin tələbi ilə Sərnişin Aviaşirkətin səlahiyyətli şəxslərinə, müvafiq dövlət orqanlarının nümayəndələrinə ölkəyə gəlmək, ölkədən getmək və ölkədən keçmək, sağlamlığı haqqında sənədləri və tətbiq olunan qanunlarla tələb olunan bütün digər sənədləri təqdim etməli və Aviaşirkətə onların surətini çıxarıb saxlamağa, yaxud müvafiq sənədlərdə olan Sərnişin haqqında məlumatları hər hansı digər üsulla özündə saxlamağa icazə verməlidir.

9.1.3 Aviaşirkət tətbiq olunan qanunlara riayət etməyən və ya sənədləri lazımi qaydada rəsmiləşdirilməyən Sərnişinlərin (o cümlədən vizanın, pulun, əks istiqamətə biletin və digərlərinin olmaması) daşınmasından imtina etmək hüququna malikdir.

9.2 Sərnişinin ölkə ərazisinə daxil olmasına icazə verilməməsi

9.2.1 Aviaşirkət dövlət orqanlarının Sərnişinə ölkə ərazisinə daxil olmağa icazə verməməsinə görə məsuliyyət daşımır.

9.2.2 Sərnişinin getdiyi ölkənin təyinat yeri və ya tranzit ölkəsi olmasından asılı olmayaraq, həmin ölkənin belə Sərnişini qəbul etməməsi ilə əlaqədar Sərnişin Aviaşirkətin və ya dövlət orqanlarının tələbi ilə yola düşmə məntəqəsinə və ya digər yerə qayıtmalı və onun əks istiqamətdə daşınmasına görə müvafiq tarif ödəməlidir.

9.2.3 Bu cür daşımanın dəyərinin ödənilməsi üçün Aviaşirkət yerinə yetirilməyən daşımaya görə Sərnişin tərəfindən əvvəl ödənilmiş, lakin onun sərəncamında qalmış istənilən məbləğdən, yaxud Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən vəsaitindən istifadə edə bilər.

9.2.4 Sərnişinin daxil olmasına icazə verilməyən və yaxud deportasiya olunan məntəqəyədək uçuşu üçün onun tərəfindən ödənilmiş məbləğ geri qaytarılmır.

9.3 Sərnişinin məsuliyyəti

9.3.1 Əgər Aviaşirkət hər hansı məbləği ödəmək və ya depozitə qoymaq, yaxud Sərnişinin tətbiq olunan qanunların tələblərinə riayət etməməsi və ya onun səyahət üçün lazım olan sənədləri təqdim etməkdən imtina etməsi, ya da saxta sənədlər və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməsi ilə əlaqədar maliyyə zəmanəti təmin etmək məcburiyyətində qalıbsa, Sərnişin Aviaşirkətin tələbi ilə ödənilmiş və ya depozitə qoyulmuş məbləği və bununla əlaqədar çəkilmiş digər xərcləri Aviaşirkətə ödəməlidir.

9.3.2 Aviaşirkət 9.3.1 bəndində göstərilən xərclərin əvəzinin ödənilməsi üçün Sərnişinin yerinə yetirilməmiş daşımaya görə əvvəl ödədiyi və onun sərəncamında qalan məbləğdən, yaxud Aviaşirkətin sərəncamında olan Sərnişinin istənilən digər vəsaitindən istifadə edə bilər, yaxud Sərnişin Aviaşirkətə onun xərclərini ödəmədiyi təqdirdə, daşımadan imtina edə bilər.

9.4 Gömrük baxışı və aviasiya təhlükəsizliyi üzrə yoxlama

9.4.1 Sərnişin gömrük baxışının (səlahiyyətli orqanların tələbi ilə) və aviasiya təhlükəsizliyi üzrə yoxlamanın aparılması üçün bütün baqajını təqdim etməlidir.

9.4.2 Aviaşirkət Sərnişinin hava limanının gömrük və ya aviasiya təhlükəsizliyi xidmətinin tələblərinə riayət etməməsi nəticəsində baqajına dəymiş hər hansı zərərə və ya itkiyə görə məsuliyyət daşımır.

9.4.3 Sərnişin baxışdan imtina etdiyi təqdirdə, Aviaşirkət belə Sərnişini hava gəmisinə buraxmır. Bu vaxt Aviaşirkət daşımadan imtina ilə əlaqədar Sərnişin qarşısında məsuliyyət daşımır, yerinə yetirilməmiş daşıma üçün tariflərin tətbiqi qaydalarına müvafiq olaraq biletin dəyərinin qaytarılması öhdəliyi istisna təşkil edir. Sərnişin göstərilən yoxlamanı keçməkdən imtina etdiyinə görə Aviaşirkətin çəkdiyi əlavə xərcləri ödəməlidir.

9.4.4 Aviasiya təhlükəsizliyinə görə baxış zamanı götürülmüş, əl yükü kimi aparılması qadağan olunan, lakin qeydiyyata alınmış baqaj qismində aparıla bilən əşyalar da Sərnişinin uçduğu reyslə daşınır.

9.5 Qeydiyyatdan keçmiş Sərnişinin hava limanında həkim yardımı tələb edən xəstəliyi, yaralanması, doğuş hadisəsi, digər psixi, psixoloji və ya fizioloji təzahürləri, yaxud ölümü.

9.5.1 Qeydiyyatdan keçmiş Sərnişinin hava limanında həkim yardımı tələb edən xəstəliyi, yaralanması, doğuş hadisəsi, digər psixi, psixoloji və ya fizioloji təzahürləri, yaxud ölümü baş verdikdə Aviaşirkət təcili tibbi xidmət çağırmaqla həkim yardımının göstərilməsini təşkil etmək üçün bütün tədbirləri görür. Bu bəndin şərtlərinə riayət edərkən Aviaşirkət sərnişinin həyat və sağlamlığına görə məsuliyyət daşımır.

9.5.2 Sərnişinin tibb müəssisəsinə aparılması və oradan hava limanına gətirilməsi, tibbi yardımın göstərilməsi və s. ilə bağlı xərclər Sərnişinin özü və ya onun qanuni təmsilçiləri tərəfindən ödənilir.

10. Sərnişinlərin daşınması

10.1 Sərnişinlərin qeydiyyatı və baqajın rəsmiləşdirilməsi

10.1.1   Müəyyən olunmuş uçuşqabağı rəsmiyyətlərdən keçmək (qeydiyyat proseduru, normadan artıq baqajın dəyərinin ödənilməsi, baxış, gömrük, sərhəd və digər prosedurlar, giriş və çıxış sənədlərinin rəsmiləşdirilməsi) üçün Sərnişin Aviaşirkət (onun Agenti) tərəfindən müəyyən olunmuş vaxtdan gec olmamaqla səyahət üçün lazım olan sənədlərlə qeydiyyatın keçirildiyi yerə gəlməlidir. Hava limanında Aviaşirkətin beynəlxalq reyslərinə qeydiyyat reysin uçuşundan 60 dəqiqə əvvəl, onlayn və özünəxidmət köşklərində qeydiyyat 120 dəqiqə əvvəl başa çatır. Aviaşirkətin daxili reyslərinə qeydiyyat reysin uçuşundan 30 dəqiqə əvvəl başa çatır. Əgər Sərnişin qeydiyyat yerinə Sərnişinlərin qeydiyyat vaxtı tam başa çatdıqdan sonra və ya səyahət üçün lazım olan sənədlər olmadan gələrsə, Aviaşirkət təxsisi ləğv etmək hüququna malikdir və reysi ləngitməyə borclu deyil. Aviaşirkət qeydiyyat vaxtının bitməsi barədə Sərnişini məlumatlandırmalıdır. 

10.1.2 Aviaşirkət Sərnişinin 10.1.1 bəndindəki tələbləri yerinə yetirməməsinə görə çəkdiyi xərclər və itkilər üçün Sərnişin qarşısında heç bir məsuliyyət daşımır.

10.1.3 Sərnişin qeydiyyat və baqajın rəsmiləşdirilməsi prosedurunu keçmək üçün Biletin rəsmiləşdirilməsi zamanı əsas götürülmüş sənədi təqdim etməlidir. Bundan başqa, zərurət yaranarsa, Sərnişin onun və baqajının daşınması üçün xüsusi şərtləri təsdiq edən sənədləri (uşağa görə etibarnamə, tibbi rəy, baytarlıq sertifikatı və s.) təqdim etməlidir.

10.1.4 Sərnişin son məntəqəyə digər Daşıyıcı tərəfindən çatdırıldığı halda da Aviaşirkət Sərnişinin daşıma üçün sənədlərinin, yəni pasport, viza, sağlamlıq vəziyyəti və peyvəndlər haqqında arayış, yetkinlik yaşına çatmamış uşaqların gediş-gəlişi üçün icazə və s. sənədlərin yola düşmə, transfer və təyinat məntəqələrində dövlət orqanlarının tələblərinə uyğun olub-olmamasını yoxlamaq hüququna malikdir.

10.1.5 Qeydiyyat zamanı Sərnişinə xidmət sinfi Sərnişinin arzusu və ya Aviaşirkətin tələbi ilə 20.1.1 bəndinə müvafiq olaraq dəyişdirilə bilər. Təxsisə uyğun xidmətin göstərilməsinin qeyri-mümkün olması səbəbindən xidmət sinfinin dəyişdirilməsi 20.2.1. və 20.2.2. bəndlərinə müvafiq olaraq həyata keçirilir.

10.1.6 Sərnişinin xidmət sinfinə uyğun sərnişin salonunda əyləşmək istədiyi yer yalnız imkan olduğu təqdirdə ona təqdim oluna bilər.

10.1.7 Qeydiyyat zamanı Sərnişinə onun soyadı və inisialları, reysin nömrəsi, yola düşmə tarixi, hava gəmisinə miniyin başa çatdığı vaxt və hava gəmisinin bortunda oturacaq yerinin nömrəsi qeyd olunmuş minik talonu verilir. Zərurət yarandıqda, minik talonunda digər əlavə məlumatlar da göstərilə bilər. Sərnişin müvafiq reysə minik talonunu göstərdikdən sonra hava gəmisinin bortuna buraxılır.

10.1.8 Hava gəmisinə minik vaxtına gecikmiş Sərnişinə həmin reyslə daşınmasından imtina edilə bilər. Qeydiyyatdan keçmiş, lakin hava gəmisinə minmək üçün gəlməmiş Sərnişinin baqajı hava gəmisindən çıxarılır və mütləq yoxlanılır.

10.1.9  Aviaşirkətin reyslərində sərnişinlərin Aviaşirkətin www.butaairways.az rəsmi veb-saytı vasitəsilə onlayn rejimdə qeydiyyatı nəzərdə tutulmuşdur və bu qeydiyyat reysin uçuşundan 24 saat əvvəl başlanır və uçuşa 120 dəqiqə qalmış bağlanır. Onlayn rejimdə qeydiyyat prosedurundan keçdikdən sonra Sərnişinin elektron ünvanına və ya mobil telefonuna təyyarədə minik yerini göstərən, fərdi ştrix-kod ilə minik talonu göndərilir. Sənədlərin yoxlanılması və baqajın rəsmiləşdirilməsi üçün Sərnişin qeydiyyat yerinə gəlməlidir. Hava limanlarının texniki təchizatından asılı olaraq, Aviaşirkətin bəzi reyslərində bu xidmət hələlik tətbiq olunmaya bilər. Onlayn qeydiyyatdan keçən sərnişin baqajını uçuşa 60 dəqiqədən gec olmayaraq baqaj qeydiyyat duracağına yaxınlaşaraq təhvil verməlidir.

10.1.10 Hava daşıması müqaviləsinə müvafiq olaraq Aviaşirkətin Sərnişin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi məsuliyyəti daşıma müqaviləsi rəsmiləşdirildikdən sonra başlanır.

10.1.11 Aviaşirkətin Sərnişin qarşısında sığorta məsuliyyəti Sərnişin və onun baqajı qeydiyyatdan keçdikdən sonra başlanır.

10.1.12 Sərnişinlərin hava gəmisinə minmələri üçün müəyyən edilmiş vaxt reysin yola düşməsindən 15 dəqiqə əvvəl başa çatır. Bu barədə Sərnişinə qeydiyyat zamanı bildirilir.

11. Sərnişinin daşınmasından imtina

11.1 Daşımadan imtina hüququ

11.1.1 Aviaşirkət uçuşun təhlükəsizliyini təmin etmək və tətbiq olunan qanunların tələblərini yerinə yetirmək məqsədilə, yaxud özünün əsaslandırılmış qərarlarını nəzərə alaraq, aşağıda göstərilənləri müəyyən etdiyi halda Sərnişinin /baqajın ilkin və ya sonrakı daşınmasından imtina etmək hüququna malikdir:

  • bu hərəkət uçuş, enmə və ya tranzit ölkəsinin tətbiq olunan qanunlarına riayət etmək üçün lazımdır;
  • Sərnişinin davranışı, yaşı, ruhi və ya fiziki vəziyyətini nəzərə alaraq, Sərnişinin aşağıdakılara ehtiyacı olduğunu müəyyən edərsə:
  • Sərnişinin Aviaşirkətin xüsusi köməyinə ehtiyacı var, lakin Aviaşirkət müəyyən səbəblərə görə bu yardımı ona təqdim etmək imkanına malik deyil;
  • digər sərnişinlərə narahatlıq törədə bilər;
  • özü və ya digər sərnişinlər üçün, yaxud sərnişinlərin və Aviaşirkətin mülkiyyəti üçün hər hansı təhlükənin yaranmasına səbəb olacaq;
  • əgər Sərnişin Aviaşirkətin sərnişin, baqaj və yük daşıması qaydalarını və ya uçuşların təhlükəsizliyinin, digər sərnişinlərin daşınmasının, onların rahatlığı və keyfiyyətinin təmin edilməsi ilə bağlı göstərişlərini yerinə yetirmirsə, digər Sərnişinlərin daşınması üçün narahatlıq yaradırsa və bununla əlaqədar Aviaşirkət həva gəmisinin bortunda olan sərnişinlər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmirsə;
  • əgər Sərnişin uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət edirsə, yaxud belə davranış nümayiş etdirirsə. Belə davranışa Sərnişinin digər sərnişinlərə, Aviaşirkətin işçilərinə və hava gəmisi ekipajına hədə-qorxu gəlməklə aqressiv hərəkətləri aiddir;
  • əgər Sərnişin aviasiya təhlükəsizliyi üzrə yoxlamadan keçməkdən imtina edərsə;
  • əgər Sərnişin digər Sərnişinlər (baqaj, yük və ya hava gəmisi) üçün təhlükə yarada bilərsə və yaxud artıq yaradırsa;
  • əgər Sərnişin tərəfindən ödənilməli olan müvafiq tarif və ya hər hansı yığım onun tərəfindən ödənilməmişdirsə və ya Aviaşirkətlə Sərnişin arasında kredit sazişi yerinə yetirilməmişdirsə;
  • əgər Sərnişin səyahət üçün lazım olan sənədləri yoxlama üçün təqdim etməmişdirsə;
  • əgər Sərnişin giriş üçün etibarlı sənədi olmayan tranzit ölkəsinə getməyə cəhd göstərirsə; 
    • əgər Transfer Sərnişinin istifadə edilməmiş birinci/ilkin uçuş kuponu varsa, lakin o, öz səyahət marşrutunun hər hansı digər dayanacağında qeydiyyata (uçuş üçün) müraciət edirsə, həmin transfer sərnişinin birinci/ilkin uçuş kuponunun istifadə olunub/olunmadığı yoxlanılmalıdır və birinci/ilkin uçuş kuponu ilə faktiki uçuş olubsa (manifestə əsasən) və o, texniki/texnoloji səhvə görə bağlanmayıbsa, həmin kuponun açıq seqmentinin "Suspended" keçirilməsinə və sərnişinin növbəti uçuşa qəbul edilməsinə icazə verilir. Əgər Transfer Sərnişinin istifadə edilməmiş birinci/ilkin uçuş kuponu varsa və onun faktiki olaraq həmin uçuşdan istifadə etməsi öz əksini tapmırsa , Aviaşirkət həmin Transfer sərnişinin təxsisini ləğv etmək, həmin bileti etibarsız hesab etmək və biletin dəyərinin qaytarılmasından imtina etmək hüququna malikdir;
    • əgər Sərnişinin istifadə edilməmiş birinci/ilkin uçuş kuponu varsa, lakin o, öz səyahət marşrutunun hər hansı digər dayanacağında qeydiyyata (uçuş üçün) müraciət edirsə, həmin sərnişinin birinci/ilkin uçuş kuponunun "Suspended" keçirilməsinə və sərnişinin növbəti uçuşa qəbul edilməsinə icazə verilir (birinci/ilkin uçuş kuponunun qaytarılması zamanı sərnişindən müvafiq cərimələrin tutulması şərtilə). Aviaşirkət belə sərnişinin təxsisini ləğv etmək hüququna malikdir;
  • əgər bileti təqdim etmiş şəxs biletdə adı göstərilən şəxs olduğunu sübut edə bilmirsə (belə halda Aviaşirkət həmin bileti müsadirə edərək onu etibarsız elan etmək və biletin dəyərinin qaytarılmasından imtina etmək hüqüquna malikdir);
  • əgər Sərnişin əvvəllər də Aviaşirkətin qaydalarını pozmuşdursa və Aviaşirkətin reyslərində daşınması üçün arzuolunmaz şəxslər siyahısına daxil edilmişdirsə;
  • əgər Aviaşirkət göstərilən tarixdən sonra bu Sərnişini öz reyslərində daşıya bilməyəcəyi barədə Sərnişini yazılı surətdə və ya elektron poçtla xəbərdar edibsə.
  • Sərnişin və onun baqajı TİM/TİMATİC qaydalarında göstərilən enmə və tranzit ölkəsinin tətbiq olunan
  • qanunlarının tələblərinə cavab vermədiyi halda.
  • Əgər sərnişinin səyahət sənədləri yararsız hesab olunarsa (saxta, korlanmış, cırılmış, yuyulmuş və s.).
  • Sərnişində yoluxucu xəstəlik olduğu halda

11.2 Hava gəmisinin kommersiya yüklənməsi üzrə məhdudiyyətlər

11.2.1 Hava gəmisinin kommersiya yüklənməsi icazə verilən həddən artıq olduğu təqdirdə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Aviaşirkət həmin hava gəmisində hansı sərnişinin və hansı baqajın daşınmayacağı barədə qərar qəbul etmək hüququna malikdir.

12. Xüsusi kateqoriyalı sərnişinlərin daşınması

Xüsusi kateqoriyalı bütün Sərnişinlərin və onların baqajının daşınmasına ümumi şərtlər şamil olunur. Aşağıda qeyd olunmuş qaydalar xüsusi rahatlığın və daşımanın təhlükəsizliyinin təmin edilməsi, tariflərin tətbiqi və dövlət orqanlarının tələblərinin yerinə yetirilməsi ilə əlaqədar olan hallarda tətbiq edilir.

12.1 Fiziki imkanları məhdud olan sərnişinlərin daşınması

12.1.1 Fiziki imkanları məhdud olan Sərnişinlərə Aviaşirkətin reyslərində əvvəlcədən nəzərdə tutulmuş yerlər verilir. Fiziki imkanları məhdud olan Sərnişinlərin daşınması zamanı uçuş başlanmazdan əvvəl (reysin uçuşundan ən azı 48 saat əvvəl) Sərnişinin hava gəmisi ilə daşınmasına icazə verən, habelə daşıma şəraitinə irəli sürülən tələbləri təsdiq edən, həkim tərəfindən imzalanmış tibbi rəy təqdim edilməlidir.

12.1.2 Aviaşirkətin reyslərində daşınan, fiziki imkanları məhdud olan Sərnişinlərin maksimal sayı konkret reysdə bir təyyarə bələdçisinə 4 nəfər olmaqla hesablanır və qəza vəziyyətində onlara kömək göstərmək imkanında olan sərnişinlərin sayından artıq olmamalıdır. Bir reysdə maksimum iki ağır xəstə xərəkdə daşına bilər.

12.1.3 Tibbi göstərişlə oksigen balonlarından istifadə etməsi qadağan edilmiş fiziki imkanları məhdud olan Sərnişinlər daşımaya qəbul olunmurlar.

12.1.4 Tibbi göstərişlə bütün daşınma zamanı əlavə oksigenə ehtiyacı olan fiziki imkanları məhdud olan Sərnişinlər yalnız Aviaşirkətlə əvvəlcədən razılaşdırılmaqla daşımaya qəbul olunurlar.

12.1.5 Ağır xəstə olan Sərnişinlərin və xərəkdə olan xəstələrin daşınması onlara uçuş vaxtı qulluğu təmin edə biləcək şəxslərin və ya həkimin (əgər xəstənin vəziyyəti/sağlamlığı həkim nəzarəti tələb edirsə) müşayiəti ilə həyata keçirilir.

12.1.6 Xərəkdə olanxəstələrin daşınması zamanı hava gəmisində aşağıdakı qaydada yer təqdim edilir və ödəniş həyata keçirilir:

  • Sərnişin xərəkdə Bakıdan «bir istiqamətdə» Aviabileti ilə səfər edirsə ekonom sinifdə (tətbiq edilən mövcud ekonom sinif tarifi ilə) 6 yer təqdim edilir (1 yer üçün tarifin 100%-i, həmçinin yığım və rüsumlar ödənilir, digər 5 yer üçün tarifin 75%-I ödənilir); 
  • Beynəlxalq uçuşlarda əgər “xərəkdə” daşınan sərnişin Bakıya səfər edirsə, həmin sərnişinə (tətbiq edilən mövcud ekonom sinifi tarifi ilə) 6 yer (1 yer üçün tətbiq edilən tarif 100%, həmçinin yığım və rüsumlar ödənilir, digər 5 yer üçün isə tarifin 150%-i ödənilir). 
  • uçuşa 60 dəqiqədən az vaxt qaldıqda təxsisetmə sinfindən asılı olmayaraq istifadə edilməmiş biletlərin qaytarılmasına icazə verilmir. 
  • Aviaşirkətin hava gəmilərində xərəkdə olan xəstələr yalnız ekonom sinif salonunda daşınır. 

12.1.7 Müstəqil hərəkət etməyi bacarmayan Sərnişinin kreslo-arabada daşınması uçuş zamanı belə Sərnişinə qulluq göstərən şəxsin müşayiəti ilə, yaxud Aviaşirkətlə razılaşdırılmaqla və Sərnişin tərəfindən Aviaşirkətin nəzarəti altında daşınması üçün yazılı ərizə rəsmiləşdirilməklə, Aviaşirkətin nəzarəti altında həyata keçirilir.

12.1.8 Əgər Sərnişinin yaşı, fiziki və psixi vəziyyəti uçuş zamanı onun səhhətinə pis təsir göstərə və ya həyatı üçün təhlükə törədə bilərsə, Aviaşirkətə həkim tərəfindən imzalanmış və tibb müəssisəsinin möhürü ilə təsdiq edilmiş tibbi rəy təqdim edilməsi şərtilə belə Sərnişinin daşınması həyata keçirilə bilər.

12.1.9 Tibbi rəy olduğu hallarda da Aviaşirkət uçuş zamanı və ya uçuşdan sonra vəziyyətinin pisləşməsi ehtimalı ilə Sərnişinin məsuliyyətini müəyyən edən və Aviaşirkəti belə nəticələrə görə məsuliyyətdən azad edən Kompensasiya haqqında bəyannamənin doldurulmasını Sərnişindən tələb edə bilər.

12.1.10 Xəstə və əlil sərnişinlər üçün tibbi preparatlar, kreslo-araba, qoltuqağacları pulsuz daşınır və ödənişsiz aparılan baqaj normasına daxil edilmir.

12.1.11 Psixi pozuntuları olan şəxs kifayət qədər fiziki qüvvəyə malik olan və zəruri hallarda müşayiət etdiyi şəxsə təsir göstərmək üçün hazırlıqlı olan şəxsin müşayiəti ilə daşımaya qəbul olunur.

12.1.12 Kar/kor Sərnişin daşınmaya ya hər hansı şəxsin, ya da bələdçi itin müşayiəti ilə qəbul olunur. Sərnişinin özünün arzusu və razılığı ilə o, hər hansı şəxsin müşayiəti olmadan da aparıla bilər, bir şərtlə ki, müşayiət edən şəxs onu təyinat aeroportunda qarşılayacaqdır. Agent kar/kor Sərnişin üçün yer təxsis edərkən, bu fakt barədə Aviaşirkəti əvvəlcədən xəbərdar etməlidir ki, Aviaşirkət belə Sərnişinə qeydiyyat zamanı və hava gəmisinə çatdırılarkən kömək göstərilə bilsin.

12.1.13 Kar və ya kor Sərnişin əlavə ödəniş etmədən bələdçi iti hava gəmisinin sərnişin salonunda apara bilər, bir şərtlə ki, belə itin xüsusi hazırlıq keçdiyini təsdiq edən sənəd olsun və uçuş zamanı itə ağızlıq və xalta taxılaraq Sərnişinin ayaqları altında otursun. Bələdçi itə ayrıca oturacaq yeri təqdim oluna bilməz.

12.1.14 Sərnişin bələdçi itin müşayiəti ilə daşınan zaman Aviaşirkət Sərnişinin belə itin müşayiəti ilə getməsinin zəruri olduğunu təsdiq edən sənəd tələb etmək hüququna malikdir.

12.1.15 Uçuşun təhlükəsizliyini təmin etmək, texniki və ya istismar tələblərini yerinə yetirmək məqsədilə Daşıyıcı özünün istənilən reysində, hətta ixtisaslı şəxs müşayiət etdiyi halda belə, xəstə və ya əlil sərnişinlərin sayını məhdudlaşdırmaq və ya onların daşınmasından imtina etmək hüququna malikdir.

12.2 Hamilə, zahı qadınların və yeni doğulmuş körpələrin daşınması

12.2.1 Aviabiletin alınması və yerlərin bronlaşdırılması zamanı hamilə qadının, zahının və ya yeni doğulmuş körpənin daşınması aviaşirkətlə əvvəlcədən razılaşdırılmalıdır.

12.2.2 Hamilə qadın hava nəqliyyatından istifadənin mümkünlüyünü özü müəyyən edir və daşınma zamanı öz səhhətinə və ya körpənin (yeni doğulmuş yaxud doğulacaq) vəziyyətinə əsaslanaraq özünün və ya körpənin sağlamlığı üçün mümkün təhlükəni nəzərə alır.

12.2.3 Aviaşirkətin reysləri ilə daşınmaya buraxılmır:

  • hamilə qadınlar - hamiləlik müddəti 32 həftədən artıq olduqda;
  • zahılar - doğuşdan sonrakı 7 gün ərzində.

12.2.4 Yalnız 7 günlükdən çox olan körpələr müəyyən edilmiş qaydada Aviaşirkətin reysləri ilə daşınmaya qəbul olunur, ana, ata və yaxud körpəyə görə məsuliyyət daşıyan digər sərnişin körpəni müşayiət etməlidir.

12.2.5 Hamilə qadınların, zahıların və yeni doğulmuş körpələrin daşınması üçün sənədlərin rəsmiləşdirilməsi qaydası:

12.2.5.1 Qeydiyyat zamanı hamilə sərnişin tərəfindən şifahi təqdim edilən məlumata əsasən 26 həftəyədək hamiləlik müddətində olan sərnişin "hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə" bəyannaməni doldurmalı və imzalamalıdır. Bu zaman sərnişinin hamiləlik və sağlamlıq vəziyyəti barədə müalicə həkiminin arayışı tələb olunmur.

12.2.5.2 Əgər qeydiyyat zamanı sərnişinin bildirişinə əsasən hamiləlik müddəti 26 həftədən 32 həftəyə qədərdirsə (32 həftə daxil olmaqla) sərnişin "hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə" bəyannaməni doldurmalı və imzalamalı, habelə əlavə olaraq hamiləlik və sağlamlıq vəziyyəti barədə arayış təqdim etməlidir.

12.2.5.3 Belə arayış tibb müəssisəsində rəsmiləşdirilməli və sərnişinin müalicə həkiminin (təcrübə keçən həkimin) möhürü ilə təsdiq edilməlidir. Arayışda hamiləlik müddəti, onun növü (bir - və ya çoxdöllü olması), gedişatı (normal, mürəkkəb) və hava nəqliyyatı ilə daşınmasına yol verməyən hamiləlik patalogiyalarının, düşük və vaxtından əvvəl doğuş təhlükəsinin olmaması barədə məlumat mütləq qeyd olunmalıdır.

12.2.5.4 Yeni doğulmuş körpənin daşınması rəsmiləşdirilərkən doğum haqqında şəhadətnamə (doğum evinin arayışı) təqdim olunmalıdır. 7 gündən artıq körpənin sağlamlıq vəziyyəti haqqında tibbi arayış tələb edilmir.

12.2.6 Daşıyıcı birinci təyinat məntəqəsinə (Aviaşirkətin operator olduğu məntəqəyə) qədər hamilə qadını, zahını, yeni doğulmuş körpəni daşımaya qəbul edir və digər operator tərəfindən daşımadan imtina olunmasına görə məsuliyyət daşımır. Daşıyıcı heç bir halda hamilə qadının, zahının, yeni doğulmuş körpənin səhhətinin ağırlaşmasına görə yaxud uçuş zamanı və ya uçuşdan sonra digər arzuolunmaz mənfi halların baş verməsinə görə məsuliyyət daşımır. Aviadaşıma rəsmiləşdirilərkən (Azərbaycana geriyə uçuş zamanı - hava gəmisinin bortunda və ya Aviaşirkətin xarici ölkələrdəki nümayəndəliklərində) hazırkı daşıma qaydalarından istifadə edilir.

12.3 Uşaqların daşınması

12.3.1 Sərnişin bileti rəsmiləşdirilərkən və uşaq qeydiyyat prosedurundan keçərkən uşağın yaşını təsdiq edən sənəd təqdim olunmalıdır. Uşağın yaşı daşıma sənədində göstərilən ilkin yola düşmə məntəqəsindən daşımanın başlandığı tarixə nəzərə alınır. Aviaşirkət və ya onun Agenti uşağın adına rəsmiləşdirilmiş Sərnişin biletində onun doğum tarixini göstərməlidir.

12.3.2 Aviaşirkətin beynəlxalq reyslərində 2 yaşınadək uşağın daşınması onu müşayiət edən böyük Sərnişin üçün nəzərdə tutulan tarifin 90%-i miqdarında güzəştlə həyata keçirilir.

12.3.3 2 yaşından 12 yaşadək uşaqların daşınması zamanı güzəşt tətbiq olunmur.

12.3.4 Aviaşirkətin daxili reyslərində uşaqların daşınması üçün ödəniş Azərbaycan Respublikası  Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş güzəştlərlə həyata keçirilir. Həmin reyslərdə sərnişin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə pulsuz daşınmasına icazə verilmiş yalnız bir uşağı, ayrıca yer təqdim edilmədən, daşımaq hüququna malikdir. 

12.3.5 Aviaşirkətin beynəlxalq reyslərində Sərnişin icbari qaydada aviabilet rəsmiləşdirməklə, ayrıca yer verilmədən 2 yaşınadak bir uşağı aparmaq hüququna malikdir. Uşaqların qəza çıxışlarının yanında yerləşən oturacaqlarda daşınması qadağandır.

12.3.6 Aviaşirkətin bütün beynəlxalq reyslərində 2 yaşınadək uşaqların bir reysdə sayı aşağıdakı qaydada məhdudlaşdırılır:

  • Boeing-767 təyyarəsində - 28 nəfərdən,
  • Boeing-757 təyyarəsində - 25 nəfərdən,
  • Airbus 340 təyyarələrində - 28 nəfərdən,
  • Airbus 319/320 təyyarələrində - 20 nəfərdən,
  • Embraer 170/190 təyyarələrində - 15 nəfərdən çox olmamalıdır.

12.3.7 Uşağın faktiki yaşı aviabiletdə göstərilənlərə uyğun gəlmədiyi təqdirdə, Daşıyıcı onun daşınmasından imtina etmək və ya uşağın faktiki yaşına uyğun gələn güzəşt tətbiq etməklə yeni aviabiletin rəsmiləşdirilməsini tələb etmək hüququna malikdir.

12.3.8 Uşaq səyahətin bütün mərhələlərində, təyyarələrin /reyslərin dəyişməsi, qeydiyyat zamanı rəsmiyyətlər, gömrük və sərhəd sənədləşdirilməsi zamanı və digər hallarda onun üçün cavabdeh ola bilən 18 yaş və ondan böyük Sərnişinin (valideynin, qəyyumun və ya onların müvəkkil şəxslərinin), müşayiəti ilə səyahət etməlidir. Azərbaycan vətəndaşları üçün yetkinlik yaşına çatmayan (18 yaşa qədər) şəxs ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlər/qəyyumlar və ya onların qanuni təmsilçilərinin razılığı tələb olunur. Bütün yuxarıda qeyd olunmuş hallarda razılıq notariat qaydasında təsdiq olunmalıdır.

12.3.9. 5 yaşınadək uşaqlar valideynin, qəyyumun və ya onların müvəkkil şəxslərinin müşayiəti olmadan Aviaşirkətin reyslərinə buraxılmırlar.

12.3.10 Əgər təyinat/tranzit/transfer ölkələrinin qüvvədə olan qanunları ilə digər hal müəyyən edilməmişdirsə, 5 yaşından 14 yaşınadək uşaqlar Aviaşirkətin birbaşa reyslərinə və transfer reyslərinə (bir neçə Daşıyıcının ardıcıl həyata keçirdiyi reyslərdən başqa) Aviaşirkətin öz məsuliyyəti altında götürülə bilər. 14 yaşdan 18 yaşadək uşaqlar valideynlərinin və ya qəyyumlarının xahişi ilə müşayiət olunmayan uşaqlar qismində daşınmaya qəbul oluna bilər.

12.3.11 Müşayiət olunmayan uşaqlar Aviaşirkətin reyslərinə aşağıdakı tələblər yerinə yetirildiyi təqdirdə qəbul olunurlar:

  • valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri müşayiət olunmayan uşağın daşınması
  • barədə ərizəni doldurmuş və imzalamışlar;
  • müvafiq səlahiyyətli orqanlara göndərmək üçün bütün zəruri sənədlər təqdim edilmişdir;
  • valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri bu Qaydaların 12.3.11. bəndinə uyğun olaraq uşağın daşınması müqabilində ödənişi həyata keçirmişlər;
  • valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri qeydiyyatdan və bütün zəruri prosedurlardan keçmək üçün uşağı vaxtında hava limanına gətirir və reys yola düşənə kimi hava limanında gözləyirlər;
  • valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri uşağı qarşılamaq üçün reysin faktiki gəlmə vaxtına yaxın hava limanına gəlirlər;
  • transfer zamanı digər aerovağzala/hava limanına keçid nəzərdə tutulmamışdır;
  • transfer məntəqəsində gecələmə nəzərdə tutulmamışdır;
  • transfer hava limanında təxsis təsdiq edilmişdir;
  • valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri Aviaşirkətin məsuliyyəti altında daşınan uşağı qarşılamadığı hallarda, yaxud qarşılayan şəxsə dair məlumatlar müşayiət olunmayan uşağın daşınması haqqında ərizədə göstərilən məlumatlara uyğun gəlmədikdə, valideynlər /qəyyumlar və ya onların qanuni təmsilçiləri uşağın geri qaytarılması üçün bütün xərcləri (qida, mehmanxana, bilet və s.)
  • ödəməyə razıdırlar.
  • Beynəlxalq uçuşlarda muşayiət olunmayan uşaqlarda müəyyən edilmiş forma üzrə sağlamlıq haqqında arayış olmalıdır.

12.3.12 5 yaşdan 12 yaşadək müşayiət olunmayan uşaqların Aviaşirkətin bütün reyslərində daşınmasına görə təxsisetmə sistemində mövcud olan istənilən sinfin böyük sərnişinlərə şamil olunan tarifinin CHD güzəşti tətbiq olunur.

12.3.13 12 yaşdan 14 yaşadək müşayiət olunmayan uşaqların Aviaşirkətin bütün reyslərində, daşınmasına görə təxsisetmə sistemində mövcud olan istənilən sinfin böyük sərnişinlərə şamil olunan tarifi tətbiq olunur. Sərnişinin təxsisində tələb olunan UMNR məlumat olmadıqda 5 yaşdan 14 yaşadək müşayiət olunmayan uşaqlar sərnişinlərin reysə qeydiyyatı zamanı bütün əlaqədar şəxslər məlumatlandırıldıqdan sonra (həmçinin təxsisetməyə və/və ya qeydiyyat sistemində müvafiq qeydlər daxil olunmaqla) daşınmaya buraxılırlar.

12.3.14 Müşayiət olunmayan uşağa sərnişin salonunda ayrıca yer verilir və ona müvafiq xidmət sinfi üçün müəyyən edilmiş normaya uyğun olaraq baqajın pulsuz daşınmasına icazə verilir.

12.3.15 Müşayiət olunmayan uşaqların daşınması üçün, xidmət haqqı 50 Avrodur.

12.3.16 Aviaşirkətin reysləri ilə 5 yaşından 14 yaşınadək səfər edən uşaq onun üçün cavabdeh olan  18 yaş və ondan böyük Sərnişinlə (valideyn, qəyyum və ya onların müvəkkil şəxsləri) hava gəmisinin eyni salonunda səfər etməlidir. Uşaq və böyük Sərnişin hava gəmisinin fərqli salonlarında səfər etdikləri zaman uşaq Müşayiət olunmayan uşaqların daşınması qaydaları əsasında uçuşa qəbul olunur.”;

12.3.17 5 yaşınadək uşaq onun üçün cavabdeh olan  18 yaş və ondan böyük Sərnişinlə (valideyn, qəyyum və ya onların müvəkkil şəxsləri) hava gəmisinin eyni salonunda yanaşı oturacaqlarda və ya bir-birindən ən uzağı bir oturacaq sırası aralıda yerləşdirilməlidir”;

12.4 Faciəli hadisələr zamanı sərnişinlərin daşınması

12.4.1 "Faciəli vəziyyətlə əlaqədar" (yaxın qohumlarının ölümü, tabutun müşayiəti) səfər edən Sərnişinlər daşımaya növbədənkənar qəbul oluna bilərlər. Bu zaman Aviaşirkət bu hadisənin baş verdiyini təsdiq edən sənədləri tələb etmək hüququna malikdir.

12.4.2 Bu kateqoriyadan olan Sərnişinlər üçün geri istiqamətdə reysə təxsisetmə ümumi əsaslarla həyata keçirilir.

12.5 Sərnişinlərin təsdiq olunmamış təxsis əsasında daşınması ("STANDBY") 

12.5.1 Aviaşirkətin Agentləri tərəfindən təsdiq olunmamış təxsis əsasında ("STANDBY") bilet yazılması qadağandır.

12.5.2 "STAND-BY" biletləri olan Sərnişinlər reysin kommersiya yüklənməsinin zərərinə olaraq daşınmaya qəbul oluna bilməzlər.

12.5.3 Təsdiq olunmamış təxsis əsasında xidmət göstərilən sərnişinlər hava limanında bu reysə biletlərinin təxsisi təsdiq olunmuş Sərnişinlərdən sonra qeydiyyata alınır və daşımaya qəbul olunurlar (reysdə boş yerlər olduğu halda).

12.5.4 "STAND-BY" daşınma şərti ilə Sərnişinlər Aviaşirkətdə müəyyən edilmiş prioritetlərə müvafiq olaraq daşımaya qəbul olunurlar.

12.6 Mühafizəçilərin müşayiəti ilə və onların müşayiəti olmadan deportasiya edilən şəxslərin daşınması 

12.6.1 Ümumi tələblər

12.6.1.1 Mühafizəçilərin müşayiəti ilə və ya onların müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkətlə əvvəlcədən razılaşdırıldıqdan sonra daşınmaya qəbul olunurlar.

12.6.1.2 Daşıma başlamazdan əvvəl Aviaşirkətin yola düşmə /transfer/təyinat məntəqəsindəki nümayəndələrinə və hava gəmisinin komandirinə reysdə icbari qaydada uçan potensial təhlükəli Sərnişinlərin olduğu barədə bütün məlumatlar təqdim olunmalıdır.

12.6.1.3 Daşıma üçün müvafiq sənədlər olmadıqda və ya deportasiya olunan şəxslərin digər sərnişinlərin həyatı və sağlamlığı üçün təhlükə törədəcəyinə və ya uçuşun təhlükəsizliyinə ziyan vura biləcəyinə əsaslı şübhələr olduqda, Aviaşirkət hazırkı Qaydaların 11.1. bəndinə müvafiq olaraq mühafizəçilərin müşayiəti ilə və ya onların müşayiəti olmadan deportasiya edilən şəxsləri daşınmaya qəbul etməkdən imtina etmək hüququna malikdir.

12.6.1.4 Deportasiya olunan şəxslərin hava gəmisinin bortunda xidmət sinfi artırıla bilməz.

12.6.1.5 Bu kateqoriyadan olan sərnişinlərin HG bortuna gətirilməsi / HG-nin bortundan düşürdülməsi digər sərnişinlərdən ayrıca olaraq həyata keçirilir.

12.6.1.6 Belə şəxslər hava gəmisinin bortuna reysin digər sərnişinləri minməzdən əvvəl mindirilir və digər sərnişinlər çıxdıqdan sonra onlar hava gəmisindən çıxarılır.

12.6.1.7 Bu kateqoriyadan olan sərnişinlərə spirtli içkilərin verilməsi və bort yeməyi təklif olunarkən dəmir çəngəl-bıçaq verilməsi qadağandır.

12.6.1.8 Bu kateqoriyadan olan sərnişinlərə hava gəmisinin sərnişin salonunun quyruq hissəsində yer verilir. İmkan daxilində belə potensial təhlükəli sərnişinlərin əyləşdiyi yerlə digər sərnişinlər arasında bir və ya bir neçə sıra boş oturacaq saxlanılmalıdır.

12.6.1.9 Potensial təhlükəli sərnişinlər uşaq qrupları, VIP şəxslər gedən reyslərdə daşınmaya qəbul olunmurlar.

12.6.2 Mühafizəçilərin müşayiəti olmadan deportasiya olunan şəxslər

12.6.2.1 Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkət tərəfindən aşağıdakı şərtlərlə birbaşa daşımaya qəbul olunurlar:

  • Deportasiyanı həyata keçirən dövlət orqanı reysin həyata keçirilməsindən ən azı 24 saat əvvəl Aviaşirkəti məlumatlandırmış və deportasiya olunanlar barədə kifayət qədər məlumatı təqdim etmişdir (reysin nömrəsi, deportasiya olunanların sayı, deportasiyanın səbəbi, onların arasında əvvəllər cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin olub-olmaması, aralarında psixi və ya yoluxucu xəstələrin olub-olmaması və deportasiya olunanları müşayiət edən vəzifəli şəxslərin siyahısı);
  • Daşımaya qəbul etmək üçün bütün lazımi sənədlər mövcuddur.

12.6.2.2 Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən şəxslər Aviaşirkət tərəfindən 12.7.2.1. bəndinə müvafiq olaraq və aşağıdakı şərtlərlə daşınmaya qəbul olunurlar:

  • Marşrutun bütün sahələrində təxsis təsdiq olunmuşdur;
  • Transfer zamanı digər terminala keçid və ya digər hava limanına gediş nəzərdə tutulmamışdır; - Transfer məntəqəsində gecələmə nəzərdə tutulmamışdır, transfer vaxtı 1 saat 20 dəqiqədən az deyildir;
  • Transfer məntəqəsində digər reysə keçid pozulmamışdır.

12.6.2.3 Bir reysdə mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən şəxslərin sayı aşağıdakı qaydada məhdudlaşdırılır:

  • Boeing-767 təyyarələrində - 8 nəfərdən
  • Boeing-757 təyyarələrində - 6 nəfərdən,
  • Airbus-340 təyyarələrində - 8 nəfərdən,
  • Airbus 319/320 təyyarələrində - 4 nəfərdən,
  • Embraer 170/190 təyyarələrində - 2 nəfərdən çox olmamalıdır.

12.6.2.4 Mühafizəçilərin müşayiəti olmadan deportasiya edilən ailələrin daşınması zamanı 2 yaşından yuxarı hər bir sərnişin ayrıca şəxs hesab olunur. Deportasiya olunan ailələrin daşınması zamanı onları bir-birindən ayırmaq qadağandır. Deportasiya olunan böyük ailələrin daşınması zamanı bir reysdə müşayiət olunmayan deportasiya olunan şəxslərin maksimum sayının normadan artıq olmasına icazə verilir.

12.6.3 Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslər

12.6.3.1 Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslər daşımaya aşağıdakı şərtlərlə qəbul olunur:

  • Daşıma müvafiq dövlətlərin səlahiyyətli orqanları ilə razılaşdırılmışdır;
  • Daşımadan 24 saat əvvəl Aviaşirkət daşımanın tarixi və martşrutu, müşayiətin şərtləri, müşayiət olunan şəxsin/şəxslərin təhlükəlilik dərəcəsi və deportasiya olunan şəxsi müşayiət edəcək vəzifəli şəxslərin siyahısı barədə məlumatlandırılmışdır;
  • Transfer daşıma nəzərdə tutulmamışdır;
  • Daşımaya qəbul etmək üçün bütün lazımi sənədlər mövcuddur.

12.6.3.2 Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslərin reysdə sayı: - ən azı 2 mühafizəçinin müşayiəti ilə reysdə bir nəfər;

  • ən azı 4 mühafizəçinin müşayiəti ilə reysdə 2 nəfər;
  • ən azı 5 mühafizəçinin müşayiəti ilə reysdə 3 nəfər;
  • ən azı 6 mühafizəçinin müşayiəti ilə reysdə 4 nəfər;
  • ən azı 7 mühafizəçinin müşayiəti ilə reysdə 5 nəfər;

12.6.3.3 Mühafizəçilərin müşayiəti ilə daşınan, həbsdə olan xüsusilə təhlükəli şəxslər daşınarkən bir reysə ən azı 3 mühafizəçinin (polis funksiyalarını yerinə yetirən orqanın əməkdaşları) müşayiəti ilə yalnız bir nəfər qəbul olunur.

12.7 Həbsdə olan şəxslər

12.7.1 Həbsdə olan şəxslərin daşınması zamanı uçuşun təhlükəsizliyinin təmin olunması üçün irəli sürülən tələblər mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslərin daşınması zamanı irəli sürülən tələblərlə eynidir.

12.8 Ölkənin ərazisinə daxil olmasına icazə verilməyən (INAD) sərnişinlərin daşınması

12.8.1 Xarici dövlətin və Azərbaycan Respublikasının ərazisinə girişi qadağan edilmiş (INAD) sərnişinlərin daşınması Mülki Aviasiya sahəsində beynəlxalq qanunvericiliyə müvafiq olaraq həyata keçirilir.

12.8.2 Vizanın olmaması, pasportun qüvvədə olma müddətinin bitməsi və s. səbəblərdən xarici dövlətin və /və ya Azərbaycan Respublikasının ərazisinə girişi qadağan olunmuş sərnişinlər üçün "Sərnişinin geri qaytarılması haqqında akt" tərtib olunur.

12.8.3 12.9.2. bəndində göstərilən sərnişinlər üçün biletin rəsmiləşdirilməsi Aviaşirkətin texnologiyasına müvafiq olaraq "Sərnişinin geri qaytarılması haqqında akt" əsasında həyata keçirilir.

12.8.4 Əgər dövlət orqanları təyinat, transfer və ya tranzit ölkəsinə girişi qadağan olunmuş sərnişinin yola düşmə məntəqəsinə və ya digər məntəqəyə qaytarılmasını Aviaşirkətdən tələb edirsə, bu zaman Sərnişin və ya onu ezamiyyətə göndərmiş təşkilat bu daşınma ilə əlaqədar bütün xərcləri, o cümlədən bu ölkə tərəfindən Aviaşirkətin üzərinə qoyulmuş inzibati pul cəriməsini Aviaşirkətə ödəməlidir.

12.8.5 12.9.4. bəndində göstərilən hallarda Aviaşirkət istifadə olunmamış daşıma üçün Sərnişin və ya Sərnişinin daşınmasını rəsmiləşdirmiş təşkilat tərəfindən ona ödənilmiş istənilən məbləği, yaxud Sərnişin və ya biletin dəyərini ödəmiş təşkilat tərəfindən ödənilmiş və Aviaşirkətin sərəncamında olan istənilən digər məbləği müvafiq tarifin ödənilməsinə yönəldə bilər.

12.9 Sərnişinlərin çarter reyslərində daşınması

12.9.1 Sərnişinlərin çarter reyslərində daşınması çarter daşımaları haqqında müqavilə ilə tənzimlənir.

12.9.2 Sifarişçi tərəfindən çarter reysinin dəyəri ödənilməyənədək və ya Aviaşirkətlə çarter reysinin sifarişçisi arasında müvafiq kredit sazişi bağlanmayanadək belə reysə alınmış biletlər etibarlı sayılmır. Çarter biletləri üzrə təxsisin təsdiq olunması və məbləğin qaytarılması müvafiq çarter müqaviləsinin şərtlərinə əsasən yalnız çarter reysinin sifarişçisi tərəfindən həyata keçirilir.

12.9.3 Çarter reyslərinə biletlər yalnız biletdə göstərilmiş tarixdə və reysdə etibarlıdır. Reysdə boş yerlərin olmasından asılı olaraq, Sərnişinin uçuş və dönmə tarixlərində dəyişikliklər ola bilər, bir şərtləki, belə dəyişikliklər Sərnişin ilə çarter reysinin sifarişçisi arasında razılaşdırılmış olsun.

12.9.4 Çarter reyslərinə biletlər Sərnişinin təxsisi dəyişmək və ya ləğv etmək hüququnun məhdudlaşdırılmasını (və ya tam istisna edilməsini) nəzərdə tutur. Bütün xidmətlərin dəyəri ödənilməklə (gediş-dönüş, transfer, mehmanxanada yaşayış, qidalanma) turist səfərlərini nəzərdə tutan çarter reyslərinə biletlərdə çarter reysinin sifarişçisi tərəfindən müəyyən edilmiş əlavə şərtlər və məhdudiyyətlər qoyula bilər.

12.9.5 Sifarişə əsasən yerinə yetirilən reyslərlə daşımaya çarter reyslərinin sərnişinlərindən əlavə yalnız Aviaşirkətin işçiləri və onların ən yaxın qohumları (servis biletləri və reysdə boş yerlər olduqda) qəbul oluna bilər. Bu zaman Aviaşirkət işçilərinin və onların yaxın qohumlarının daşınması reysi sifariş verən təşkilatın nümayəndələri ilə əvvəlcədən razılaşdırılmalıdır.

12.10 Biznes sinif sərnişinlərinin daşınması

12.10.1 Biznes sinif sərnişinləri ayrıca masada qeydiyyatdan keçirlər və təyyarəyə ekonom sinif sərnişinlərindən ayrı, onlardan sonra, lakin rəsmi şəxslərin təyyarəyə miniyinin başlanmasından gec olmayaraq çatdırılırlar.

12.10.2 Hava limanında biznes sinif sərnişinlərinə biznes zala keçmələri təklif olunur. Bu imkan haqqında Sərnişin biletin təxsis edilməsi zamanı məlumatlandırılır.

12.10.3 Hava gəmisinin bortunda biznes sinif sərnişinlərinə biznes salonunda yerlər təqdim edilir və onlara xüsusi xidmət təşkil edilir.

12.10.4 Yerə endikdən sonra biznes sinif sərnişinləri hava gəmisini ilk növbədə, lakin rəsmi şəxslərdən tez olmamaqla, ekonom sinif sərnişinlərindən ayrı tərk edirlər.

12.10 Tranzit və transfer sərnişinlərin daşınması

12.11.1 Aviaşirkət və ya onun Agenti tranzit və ya transfer sərnişinlərinə daşımanın yerinə yetirildiyi marşrut üzrə sərnişin bileti rəsmiləşdirərkən aşağıdakı tədbirləri görməlidir:

12.11.1.1 Sərnişinə uçuşdan əvvəl inzibati rəsmiyyət prosedurlarından keçmək üçün transfer hava limanına vaxtında gəlmək imkanı yaratmaq məqsədilə marşrutun bütün sahələrində transfer sərnişininin daşınmasının təxsis edilməsini və təxsisin təsdiq olunmasını təmin etməlidir;

12.11.1.2 Sərnişinin təyinat məntəqəsinə çatması üçün tranzit və ya transfer hava limanında yerinə yetirməli olduğu prosedurlar barədə sərnişini məlumatlandırmalıdır;

12.11.1.3 beynəlxalq daşımalar zamanı tranzit və ya transfer məntəqələrindəki dövlət orqanlarının tələbləri barədə sərnişini məlumatlandırmalıdır;

12.11.2 Növbəti reysə keçid 24 saat ərzində baş verdikdə, yola düşmə/transfer hava limanının imkanlarından və transfer məntəqəsindəki dövlət orqanlarının tələblərindən, yaxud Sərnişinin istəyindən asılı olaraq, transfer baqajı son məntəqəyədək və ya transfer məntəqəsinədək rəsmiləşdirilir. Əgər digər reysə keçid müddəti 24 saatdan artıq olarsa, sərnişinin baqajı yalnız transfer məntəqəsinədək rəsmiləşdirilir. Transfer sərnişininin gömrük nəzarətindən keçməli olan baqajı Azərbaycan Respublikasının və /və ya ərazisinə, ərazisindən yaxud ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkənin gömrük qanunvericiliyinə müvafiq olaraq daşınmaya qəbul edilir.

13. Tez-tez uçan sərnişinlər üçün "AZAL MİLES" proqramı

13.1 Ümumi müddəalar

13.1.1 Aviaşirkət tez-tez uçan sərnişinlər üçün "AZAL MİLES" proqramına qoşulmağı təklif edir.

13.1.2 12 yaşına çatmış hər bir şəxs proqramda iştirak edə bilər.

13.1.3  "Buta Airways" aviaşirkəti ilə həyata keçirilmiş bütün uçuşlara görə «AZAL MİLES» iştirakçılarına  Səyahət və  Status ballarının hesaba əlavə olunması təmin edilir, lakin, "Buta Airways" aviaşirkətinin uçuşları zamanı mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi və ya xidmət sinfinin artırılması, həmçinin Platinum/Gold kart sahiblərinə təqdim edilən Biznes zal xidmətindən və 1 əlavə yer üçün 23 kq-a qədər baqajın pulsuz daşınma normasından yararlanmaq xidməti nəzərdə tutulmayıb.

13.1.4.  AZAL-Miles proqramında iştirak etmək  üçün sərnişin www.azal.az veb-saytında və ya AZAL-Miles mobil əlavəsində onlayn qaydada qeydiyyatdan keçməlidir.

13.1.5.  Qeydiyyat üçün bütün vacib bəndlər, o cümlədən qeydiyyatı təsdiqləmək üçün istifadə ediləcək aktiv elektron poçt ünvanı qeyd edilməlidir. Gələcəkdə, qeyd olunan elekron poçt ünvanına bildirişlər göndəriləcəkdir.

13.1.6.  Qəbul edilmiş müraciətlərə əsasən iştirakçı nömrəsi təqdim ediləcəkdir.

13.1.7.  İştirakçı kartları yalnız Gold və Platinum statuslu iştirakçılara təqdim edilir.

13.1.8.  Bütün yeni iştirakçılar virtual kart təqdim edilməklə avtomatik olaraq Classic statuslu iştirakçı kimi qeydə alınır.

13.1.9.  Proqramda iştirak fərdi qaydada həyata keçirilir. Həmçinin, iştirakçılara hesablarını vahid ailəvi hesabda birləşdirmək imkanı təqdim edilir.

13.1.10.  AZAL-Miles proqramının iştirakçısının adına şəxsi hesab yaradılır və ballar qeyd olunan hesaba əlavə edilir. İştirakçı tərəfindən toplanan ballar, vahid ailə hesabına birləşən ailə üzvləri  istisna olmaqla, heç bir halda başqasına ötürülə və ya qarşılıqlı hesablaşmalarda istifadə edilə bilməz. . Ballar nağd pul vəsaitlərinə çevrilə bilməz.

13.1.11.  İştirakçının hesabına balların avtomatik əlavə edilməsi  hesab aktivləşdirildiyi (iştirakçı proqramda qeydiyyatdan keçdiyi) tarixdən həyata keçirilir.

13.1.12.  Classik statusu 24 ay ərzində etibarlıdır.

13.1.13.  Gold statusu statusun yüksəldiyi tarixdən etibarlı sayılır və proqramda qeydiyyatdan keçdiyi tarixdən tam bir il ərzində qüvvədədir. 

13.1.14.  Platinum  statusu statusun yüksəldiyi tarixdən etibarlı sayılır və proqramda qeydiyyatdan keçdiyi tarixdən iki il ərzində qüvvədədir. 

13.1.15.  Bütün məlumatlar iştirakçı tərəfindən müraciət zamanı 1.10-cu  bəndə müvafiq olaraq doldurulan formada qeyd olunan  e-poçt ünvanına göndəriləcəkdir.

13.1.15.  AZAL-Miles proqrama dair bütün məlumatları e-poçt və ya veb-sayt vasitəsilə, yenilənmələrdən istifadə etməklə, bütün iştirakçılara göndərmək hüququna malikdir.

13.1.17.  AZAL-Miles proqramı gecikmiş, itmiş və ya yanlış göndərilmiş istənilən e-poçt, yaxud poçta görə məsuliyyət daşımır.

13.1.18.  Hesaba əlavə edilən səyahət balları əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır. "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən əməkdaş aviaşirkətlərin müntəzəm uçuşları ilə 24 ay ərzində  heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.

13.1.19.  İştirakçı yazılı şəkildə və ya "Azərbaycan Hava Yolları" aviaşirkətinin ofisinə şəxsən müraciət edərək şəxsiyyətini və dəyişiklikləri təsdiq edən sənədi təqdim etməklə adında, soyadında və ya pasport nömrəsində edilmiş istənilən dəyişiklik barədə məlumat verməlidir.

13.1.20.  İştirakçı kartı itdiyi təqdirdə azalmiles@azal.az e-poçt ünvanına sorğu göndərməli yaxud  “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə və ya satış ofislərinə müraciət etməlidir. Kartın dublikatı müraciət edildikdən sonra 20 gün ərzində veriləcək.

13.1.21.  Hər hansı bir iştirakçı proqramın qaydalar və şərtlərini pozduğu təqdirdə, "Azərbaycan Hava Yolları" aviaşirkəti həmin şəxsi proqramdan kənarlaşdırmaq, iştirakçı hesabını ləğv etmək və topladığı bütün balları silmək hüququna malikdir.

13.1.22.  AZAL-Miles proqramının iştirakçısı uçuş təhlükəsizliyi qaydalarını pozduğu təqdirdə iştirakçılıqdan məhrum edilir və hesabında olan ballar sıfırlanır.

13.2.  İştirakçı kartından istifadə

13.2.1. İştirakçı kartları Gold və ya Platinum statuslu iştirakçılara təqdim edilir.

13.2.2. İştirakçı kartının üz tərəfində iştirakçının adı, etibarlılıq tarixi və iştirakçı nömrəsi qeyd ediləcəkdir.

13.2.3. Yalnız adı kartın üzərində qeyd edilmiş iştirakçı və vahid ailə hesabında birləşən ailə üzvləri  AZAL-Miles proqramında iştirak kartından istifadə edə bilərlər.

13.2.4. Balların hesaba avtomatik  əlavə edilməsi üçün iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin aviabiletlərini əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

13.2.5. İştirakçı hesabı “aktiv” olduğu halda, kartın çatdırılması statusun yüksəldildiyi tarixdən etibarən 20 gün ərzində həyata keçirilir.

13.3. Status kateqoriyası

13.3.1. Gold və ya Platinum statusunun verilməsi proqramda iştirak ili ərzində toplanmış status ballarına əsasən müəyyən edilir.

13.3.2. "Azərbaycan Hava Yolları" aviaşirkəti, istənilən dəyişiklik barədə bütün iştirakçılara məlumat verməklə, mövcud statusu saxlamaq və ya yeni status əldə etmək üçün tələb olunan status ballarının sayını dəyişdirmək hüququna malikdir.

13.3.3. İştirakçının statusu proqramda qeydiyyatdan keçdiyi  tarixdən bir il müddət başa çatanadək yenidən nəzərdən keçiriləcək. Bir iştirak ili ərzində toplanılan status balları mövcud statusun saxlanılması üçün tələb olunan və saytda dərc olunan cədvələ əsasən hesablanacaq. İştirak ilinin müddəti bitdikdə status balları silinir.

13.3.4. Əvvəlki iştirak ili ərzində tələb olunan sayda status balı toplanmadığı halda, iştirakçı statusu növbəti il aşağı statusa endiriləcəkdir.

13.3.5. Tələb olunan status balları toplanıldıqda iştirakçı statusunun yüksəldilməsi iştirak ilinin istənilən vaxtında mümkündür.  İştirakçının növbəti  statusa yüksəlməsi tələb olunan status ballarının toplanılmasından sonra həyata keçirilir. "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən statusun yüksəldilməsi barədə Sizə məlumat göndəriləcəkdir və avtomatik olaraq yeni statusa uyğun iştirakçı kartı təqdim ediləcəkdir.

13.3.6. Yeni iştirakçı statusuna yüksəldikdən sonra status balları qüvvədə qalır və əlavə status ballarının toplanması ilə daha da yüksələ bilər. Status ballarının balansı yalnız iştirak ilinin sonunda sıfırlanır.

13.3.7. İştirakçı növbəti statusa keçdikdən sonra iştirak ili tamamlananadək yeni iştirakçı statusunu qoruyacaq və onun yeni iştirak ili ərzində növbəti il üçün iştirakçı statusunu qoruması məqsədilə lazımi miqdarda  status ballarını toplaması tələb olunacaq.

13.4. Səyahət balları

13.4.1. Səyahət balları - "Azərbaycan Hava Yolları" ilə həyata keçirilən müntəzəm uçuşlarda toplanılır.

13.4.2. "Azərbaycan Hava Yolları" aviaşirkəti öz iştirakçılarına əməkdaş şirkətlərdən səyahət balları toplamaq imkanını təklif edir.

13.4.3. Səyahət balları aviabiletə görə ödənilən məbləğin əsas tarifinin hər bir avrosuna görə hesaba əlavə edilir. Əsas tarifə hava limanı yığımları və digər xərclər daxil deyil.

13.4.4. Gold və Platinum statuslu iştirakçılar üçün səyahət ballarının hesablanması iştirak statusunun dərəcəsindən asılı olaraq yüksəlir.

13.4.5. Səyahət ballarının hesaba əlavə edilməsi üçün iştirakçı aviabilet əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

13.4.6. Səyahət balları  uçuş yerinə yetirildikdən sonra 7 iş günü ərzində (rəsmi bayram günləri istisna olmaqla)  iştirakçının hesabına əlavə olunur.

13.4.7. Səyahət balları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına mükafatlandırıcı aviabiletin əldə edilməsi və ya  xidmət sinfinin yüksəldilməsi üçün istifadə edilə bilər.

13.4.8. Səhvən əlavə edilmiş səyahət balları etibarsız hesab edilərək hesabdan silinəcək.

13.4.9. Proqramda qeydiyyatdan keçən iştirakçılar  proqramda iştirak etməzdən əvvəl son 180 gün ərzində həyata keçirdikləri uçuşlara görə ballarını bərpa edə bilər. Son 180 gün intervalı “əlavə edilməyən ballar” barədə sorğu göndərildiyi tarixdən hesablanır.

13.4.10. Aşağıda qeyd edilmiş uçuşlara görə səyahət balları əlavə edilmir:

  • Həyata keçirilməmiş uçuş (o cümlədən uçuşun təxirə salınması);
  • Pulsuz mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuş;
  • Çarter və mövsimi reyslərlə uçuş;
  • Tərəfdaş aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar;
  • Aksiya çərçivəsində rəsmiləşdirilmiş aviabiletlə və ya xidməti aviabiletlərlə həyata keçirilən uçuşlar;
  • Uçuşda müvafiq boş yerlər olduğu halda hava limanlarında qeydiyyat zamanı və ya birbaşa hava gəmisində   əlavə ödəniş həyata keçirməklə sərnişinlərin xidmət sinfinin  yüksəldilməsi .

13.5. Status balları

13.5.1. Status balları "Azərbaycan Hava Yolları" aviaşirkətinin uçuşlarına görə hesablanır.

13.5.2. Status ballarının sayı uçuş istiqaməti və xidmət sinfindən asılı olaraq müəyyən edilir. Hesaba əlavə edilən status ballarının cədvəli  www.azal.az  saytında "Status balları" cədvəlində qeyd edilib.

13.5.3. Status balları iştirakçı tərəfindən öz statusunu  qorumaq və ya yüksəltmək məqsədilə toplanılır.

13.5.4. Status ballarının hesaba əlavə edilməsi üçün iştirakçı aviabileti əldə etdiyi zaman və ya uçuşa  qeydiyyat zamanı öz iştirakçı nömrəsini bildirməlidir.

13.5.5. Səhvən əlavə edilmiş status balları etibarsız hesab edilərək hesabdan silinəcək.

13.5.6. İştirakçı yalnız proqrama daxil olduqdan sonra status ballarını toplaya bilər.

13.5.7. Aşağıda qeyd edilmiş uçuşlara görə Status balları əlavə edilmir:

  • İstifadə edilməmiş uçuşlar (o cümlədən uçuşun təxirə salınması);
  • Mükafatlandırıcı aviabiletlə həyata keçirilən uçuşlar;
  • Çarter və mövsimi reyslərlə uçuş;
  • Tərəfdaş aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar;
  • Aksiya çərçivəsində rəsmiləşdirilmiş aviabiletlə və ya xidməti aviabiletlərlə həyata keçirilən uçuşlar;
  • Uçuşda müvafiq boş yerlər olduğu halda hava limanlarında qeydiyyat zamanı və ya birbaşa hava gəmisində əlavə ödəniş həyata keçirməklə  sərnişinlərin xidmət sinfinin yüksəldilməsi;
  • Proqramda qeydiyyatdan keçməzdən əvvəl həyata keçirilən uçuşlar.

13.6. AZAL-Miles proqramı

13.6.1. "Azərbaycan Hava Yolları" aviaşirkəti qabaqcadan məlumat vermədən istənilən vaxt AZAL-Miles proqramının qaydalarını tam və ya qismən ləğv etmək, yaxud dəyişdirmək hüququna malikdir.

13.6.2. Proqram ləğv edildiyi təqdirdə, iştirakçıların topladıqları bütün ballar ləğv edilə bilər. "Azərbaycan Hava Yolları" aviaşirkəti proqramda edilmiş dəyişikliklər və ya proqramın tamamilə ləğv edilməsi barədə e-poçt vasitəsilə, yaxud www.azal.az  saytında məlumat dərc etməklə proqramın iştirakçılarını xəbərdar edəcəkdir.

13.7. Balların silinməsi qaydaları. Status ballarının silinməsi:

13.7.1. Platinum statuslu iştirakçılar istisna olmaqla, bütün iştirakçılar üçün status ballarının müddəti hər iştirak ilinin sonunda başa çatır, (iştirakçı üçün ilk müraciətin edildiyi ayın sonuncu günü). Platinum statuslu iştirakçıların status balları 2 illik müddət başa çatdıqda silinir.

13.7.2. Status balları hər hansı digər şəxsə verilə və ya onunla birgə istifadə edilə bilməz və sözügedən ballar əldə edilmiş aviabileti istifadə etmiş iştirakçıya məxsusdur.

13.7.3. İştirakçı tərəfindən tərəfdaş, dost və ya ailə üzvlərinin adına təxsis edilmiş və ya ödənilmiş aviabiletlərə görə onun hesabına status balları əlavə edilmir.

13.8. Səyahət ballarının silinməsi:

13.8.1. Hesaba əlavə edilən səyahət balları əlavə edildiyi tarixdən 36 ay ərzində etibarlıdır. "Azərbaycan Hava Yolları"nın və ya balların hesablanmasında iştirak edən əməkdaş aviaşirkətlərin müntəzəm uçuşları ilə 24 ay ərzində  heç bir uçuş həyata keçirilmədiyi halda Classic statuslu hesab ləğv olunur. Ləğv olunan ballar bərpa olunmur.

13.8.2. Səyahət balları aviabileti əldə edən iştirakçıya təhkim edilir.

13.8.3. Vahid ailə hesabı sahibi olan ailə üzvləri istisna olmaqla,  səyahət balları digər iştirakçıların hesabına əlavə edilə bilməz.

13.9. Ümumi məlumat

13.9.1. AZAL-Miles proqramının iştirakçısı ballardan istifadə etməklə  əldə edilən mükafatlandırıcı aviabiletə və ya xidmət sinfinin artırılmasına görə rüsumları, hava limanı yığımlarını və əlavə ödənişləri həyata keçirməlidir.

13.9.2. Səyahət və ya status balları iştirakçının hesabına əlavə edilmədiyi təqdirdə iştirakçı öz hesabı vasitəsilə tələb olunan formanı doldurmaqla əlavə edilməmiş ballar barədə bildirməli  və ya aviabiletlərin yaxud minik talonlarının surətlərini əlavə edərək sorğu göndərməlidir. Hesaba əlavə edilməmiş ballara görə müraciətlər uçuşdan 7 iş günü sonrakı tarixdən etibarən 180 günə kimi qəbul ediləcək.

13.10. Tələblər

13.10.1. Bəzi ölkələrdə sərnişinləri həvəsləndirmək üçün tez-tez uçan sərnişin proqramlarının tətbiqinə dair qanunvericiliklə müəyyən məhdudiyyətlərin nəzərdə tutula biləcəyi ilə əlaqədar "Azərbaycan Hava Yolları" aviaşirkəti bu qanunvericiliyə riayət etmək məqsədilə konkret ölkə qanunvericiliyinin tələblərinə uyğunlaşmaq üçün iştirakçını xəbərdar etmədən proqram iştirakçılarına olan tələbləri və proqramın qaydalarını dəyişdirmək hüququna malikdir.

13.10.2. Səyahət balları müqabilində verilən aviabiletlərlə bağlı müddəa aviaşirkətin əsas qaydaları ilə tənzimlənir. "Azərbaycan Hava Yolları" aviaşirkəti uçuş zamanı dəymiş zərər istisna olmaqla, belə aviabiletlərdən  istifadə edilməsi nəticəsində dəymiş  ziyana (maddi və ya mənəvi) görə məsuliyyət  daşımır. Beynəlxalq aviadaşımalar zamanı dəymiş ziyanın əvəzi 1955-ci ildə Haaqada düzəliş və əlavələr edilən 1929-cu il tarixli Varşava Konvensiyasında, habelə Azərbaycan Respublikasının qoşulduğu digər beynəlxalq sazişlərdə, eləcə də "Azərbaycan Hava Yolları"  aviaşirkətinin qaydalarında nəzərdə tutulduğu qaydada ödənilir.

13.11. Mükafatlandırmalar

13.11.1. Mükafatlandırmanın əldə edilməsi üçün iştirakçı "Azərbaycan Hava Yolları" aviaşirkətinin nümayəndəliklərinə və ya satış ofislərinə müraciət etməlidir.

13.11.2. Mükafatlandırıcı aviabiletin tarixini yalnız müvafiq statusdan asılı olaraq  uçuşdan əvvəl dəyişdirmək  hüququ verilir. 

13.11.3. AZAL-Miles proqramının Classiс, Gold və Platinum kart sahibləri, uçuşdan sonra, 75 avro (bir istiqamət üçün) ödəmək şərti ilə mükafatlandırıcı aviabiletin uçuş saatını və tarixini dəyişdirə bilərlər.Aviabilet geri qaytarıldıqda ballar hesaba bərpa olunmur.

13.11.4. Classic status iştirakçısına mükafatlandırıcı aviabiletin uçuş saatının və tarixinin uçuşdan əvvəl dəyişdirilməsinə icazə verilir. Bu zaman hər uçuş seqmentinə görə 50 avro ödənilməlidir. 

13.11.5.. "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün uçuşlarda mükafatlandırıcı aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

13.11.6.  Mükafatlandırıcı aviabiletdən yalnız lazımi miqdarda səyahət  balı toplamış şəxslər istifadə edə bilər və həmin aviabiletlər üçüncü şəxsin adına rəsmiləşdirilə bilməz.

13.11.7. Mükafatlandırma əldə edildiyi zaman rüsum və hava limanı yığımları iştirakçı tərəfindən ödənilir.

13.11.8. İştirakçı səyahət ballarını "Azərbaycan Hava Yolları" aviaşirkətinin  internet səhifəsində dərc edilmiş mükafatlandırma cədvəlinə uyğun olaraq istifadə edə bilər.

13.11.9. Xidmət sinfinin yüksəldilməsi yalnız ödənişli "Y" ekonom sinif aviabiletləri üçün mümkündür. Xidmət sinfinin yüksəldilməsi üçün uçuşdan ən azı 24 saat əvvəl müraciət göndərilməlidir.

13.11.10. Xidmət sinfi yüksəldilmiş avaibiletə görə ballar ilkin əldə edilmiş avaibiletin tarifinə əsasən hesaba əlavə ediləcəkdir.    

13.11.11. Xidmət sinfi yüksəldilmiş aviabiletlərin uçuş tarixinin dəyişdirilməsinə yalnız uçuşdan əvvəl və müvafiq statuslu iştirakçılar üçün nəzərdə tutulmuş imtiyazlara uyğun olaraq icazə verilir. Bu kimi dəyişikliklərə görə rüsum və ya yığımlar alına bilər.

13.11.12. Səyahət balları müqabilində xidmət sinfinin yüksəldilməsi üçüncü şəxslərə şamil edilə bilməz və yalnız səyahət ballarını qazanmış proqram iştirakçıları üçün nəzərdə tutulmuşdur.

13.11.13. "Azərbaycan Hava Yolları" aviaşirkəti bəzi və ya bütün reyslərdə xidmət sinfi yüksəldilmiş aviabiletlərin sayını məhdudlaşdırmaq hüququna malikdir.

13.11.14. Əgər sərnişin səyahət balları ilə xidmət sinfi yüksəldilmiş ekonom və ya biznes/komfort aviabiletini qaytarmaq istəyərsə, həmin  aviabiletin dəyəri standart ekonom və ya biznes/komfort sinif qaydalarına uyğun olaraq qaytarılacaq. Xidmət sinfini artırmaq üçün istifadə edilmiş səyahət balları proqram iştirakçısının hesabına qaytarılmır. Aviabiletin qaytarılması standart qaydalara uyğun olaraq həyata keçiriləcəkdir.

13.11.15. R ekonom və ya A biznes/komfort sinfi ilə mükafatlandırıcı aviabilet əldə etmiş sərnişinlər aviabileti daha yüksək xidmət sinfinə dəyişdirmək istədikləri zaman (A və ya Z), iki sinif arasında olan  balların fərqi çıxılaraq  aviabiletlərini A biznes/komfort və ya Z VİP Club – sinfi ilə əvəzləyə bilərlər.  

13.11.16. A biznes/komfort sinfi ilə mükafatlandırıcı aviabilet əldə etmiş sərnişinlər aviabiletin uçuş tarixini dəyişdirmək istədikləri zaman, dəyişdirilən tarixdə A Biznes sinfi mövcud olmadığı halda, iki sinif arasında olan  balların fərqi çıxılaraq  aviabiletlərini Z VİP Club  sinfi ilə əvəzləyə bilərlər.  

13.11.17. Daha ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz: https://www.azal.az/az/azal-miles/terms-and-conditions

 

14. Daşıyıcılar arasında razılaşmalar 

14.1.1 Bu qaydalar Aviaşirkətlə digər Daşıyıcılar arasında bağlanan kommersiya sazişləri üzrə həyata keçirilən daşımalara (CODESHERING, INTERLINE) şamil olunur (hətta daşımanı biletdə göstərilən daşıyıcıdan fərqli daşıyıcı həyata keçirdiyi hallarda belə). Əgər hər hansı belə kommersiya sazişi mövcuddursa, bu zaman Aviaşirkət (xidmət üzrə Agent) qeydiyyat zamanı daşımanın faktiki olaraq hansı Daşıyıcı tərəfindən həyata keçirildiyi barədə Sərnişini məlumatlandırmalıdır.

14.1.2 Sərnişinlər bilet almazdan əvvəl, qeydiyyatdan keçərkən, habelə daşıma zamanı hər hansı nasazlıq hadisəsi baş verdikdə, faktiki Daşıyıcı barədə məlumatlandırılmalıdırlar.

14.1.3 Əgər daşıma müqaviləsi bağlanarkən Sərnişinə ödənişli xidmətlər təqdim edilirsə, bu zaman həmin xidmətlərin göstərilməməsinə görə Aviaşirkət Sərnişin qarşısında bu cür xidmətlər müqabilində ödədiyi məbləğdə məsuliyyət daşıyır.

14.1.4 Aviaşirkət kommersiya sazişləri olmayan üçüncü şəxslər tərəfindən göstərilən baqaj (yük) daşınması üzrə xidmətlərə görə cavabdeh deyil. Əgər Aviaşirkət Sərnişinlərin baqajının (yükünün) daşınması üzrə belə əməliyyatları müstəqil nəzərdə tutur və həyata keçirirsə, bu Qaydalar belə xidmətlərə də şamil olunur. Baqaj (yük) daşıması üzrə Aviaşirkət tərəfindən göstərilən əlavə xidmətlərin dəyəri Sərnişin tərəfindən ödənilir.

15. Ardıcıl daşıyıcılar

15.1.1 Bir neçə Daşıyıcı tərəfindən ardıcıl həyata keçirilən daşımalar zamanı digər (növbəti) Daşıyıcıların reyslərinə bilet verən Daşıyıcı yalnız bu Daşıyıcıların Agenti kimi çıxış edir.

15.1.2 Bilet təqdim edən Daşıyıcı və ya biletdə göstərilən birinci Daşıyıcı digər Daşıyıcının (Daşyıcıların) daşımanı həyata keçirdiyi marşrut sahələrində Sərnişinin ləngidilməsinə görə məsuliyyət daşımır.

15.1.3 Baqajın daşınması zamanı onun itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsinə görə Sərnişin birinci və ya sonuncu Daşıyıcıya qarşı, habelə baqajın itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsi zamanı daşımanı yerinə yetirən Daşıyıcıya qarşı iddia qaldırmaq hüququna malikdir.

15.1.4 Əgər baqajın itməsi, məhv edilməsi, zədələnməsi və ya ləngidilməsi zamanı daşımanın hansı Daşıyıcı tərəfindən həyata keçirildiyini müəyyən etmək qeyri-mümkündürsə, bu zaman daşımada iştirak edən bütün Daşıyıcılar birlikdə, yaxud hər biri ayrı-ayrılıqda, hər birinin təqsiri hüdudunda, Sərnişin qarşısında məsuliyyət daşıyacaqdır.

16. Baqajın daşınması

Əgər Aviaşirkət bu Qaydalarda müəyyən edilmiş "baqaj" anlayışına uyğun olmayan hər hansı əşyanı baqaj kimi qəbul edərsə, həmin əşyaların daşınması da bu Qaydaların müddəalarına uyğun həyata keçiriləcəkdir.

16.1 Baqaj qismində daşımaya qəbul edilməyən əşyalar

16.1.1 Sərnişinə aşağıdakı əşyaları baqaja daxil etmək qadağan olunur:

Daşıma zamanı sərnişinlərin sağlamlığı, uçuşun təhlükəsizliyi, Aviaşirkətin və ya digər Sərnişinlərin mülkiyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə törədən mallar, əşyalar, maye və digər maddələr, habelə:

  • partlayıcı maddələr və hərbi sursatlar, bu Qaydaların 16.15 yarımbəndində göstərilən hallardan başqa;
  • fişənglər, siqnal raketləri, benqal alovları;
  • qazlar (yanğın təhlükəsi yaradan, alovlanmayan, soyudulmuş və zəhərli), bu Qaydaların 16.16.1 bəndində nəzərdə tutulan hallardan başqa;
  • aerozollar (məhdud miqdarda daşınmasına icazə verilmiş gigiyena ləvazimatlarından başqa);
  • Hava gəmisinə, sərnişinlərə və digər baqaj və yüklərə zərər verə biləcək, daşınma üçün düzgün qablaşdırılmamış tərkibində maye olan baqajlar (bütün maye tərkibli qidalar (cem, mürəbbə, bal, süd məhsuları, tomat və s.), maye boyalar, yağlar, tərkibində yağ və yanacaq olan avadanlıqlar, dondurulmuş ət, canlı heyvanlar)
  • Litium-ion batareyalarla təchiz olunmuş portativ nəqliyyat vasitələrinin (Skuter, seqvey, hər növ giroskuterlər) sərnişin salonunda əl yükü kimi və ya qeydiyyatdan keçmiş baqaj kimi daşınması qadağandır.
  • Tez alışan mayelər (benzin, laklar, rənglər, suda həll olunanlardan başqa, həlledicilər, alışqanı doldurmaq üçün mayelər);
  • benzinlə işləyən alətlər, benzin mişarları və otbiçənlər də daxil olmaqla;
  • oksidləşdirici, korroziya törədən aşındırıcı maddələr və materiallar, o cümlədən ağardıcı əhəng, akkumulyator batareyaları (xəstələrin daşınması üçün kürsü-xərəklərdə olan batareyalar, CD-pleyer, radio üçün kiçik batareyalar və s. istisna olmaqla), civə barometrləri;
  • zəhərli, zərərli və ya qıcıqlandırıcı maddələr və yoluxucu materiallar;
  • radioaktiv materiallar, müalicə nəticəsi kimi insan bədəninə yeridilmiş litium batareyalarından qidalanan ürək əzələlərinin radioizotop stimulyatorları və ya digər qurğulardan başqa;
  • maqnitlər və maqnit tərkibli əşyalar;
  • İCAO, Doc 9284/905 sənədinə - "Təhlükəli yüklərin hava ilə təhlükəsiz daşınması üzrə texniki təlimat" və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 220 nömrəli 13.12.2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları"na əsasən sərnişin hava gəmilərində daşınması qadağan olunmuş digər əşyalar və maddələr;
  • ərazisinə, ərazisindən və ya ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi istənilən ölkənin qüvvədə olan qanunları və/ və ya qanunvericilik aktları ilə daşınması qadağan olunan mallar və əşyalar;
  • xarakterinə, çəkisinə, ölçüsünə, formasına və ya qoxusuna görə daşınmaya yararlı olmayan mallar;

16.1.2 döyüş təchizatı, odlu və soyuq silah, o cümlədən qədim odlu və soyuq silahlar, kəsici və deşici əşyalar bu Qaydaların 16.17-cü bəndlərinə müvafiq olaraq daşımaya qəbul olunur.

16.1.3 ABŞ istiqamətində uçuşlarda səyahət edən sərnişinlərə əl yükündə və ya öz üzərlərində turbo alışqanların (torch lighters) daşınmasına icazə verilmir.

16.1.4 Sərnişinlərin baqajlarında (təhvil verilən baqaj və əl yükü) daşınması ciddi şəkildə qadağan edilən əşyalar

  • Partlayıcı maddələr, həmçinin detanatorlar, qoruyucular, qumbaralar, minalar və partlayıcılar
  • Qazlar: propan, butan
  • Tezalışan mayelər, həmçinin qazolin, metanol
  • Tezalışan bərk maddələr və reaktiv maddələr, həmçinin maqnezium, tezalışan maddələr, fişənglər, məşəllər
  • Alışqanlar, elektron siqaretlər
  • Oksidləşdiricilər və üzvi peroksidlər, həmçinin ağardıcılar və maşın təmiri dəstləri
  • Toksik və ya infeksiya maddələri, həmçinin siçovul zəhəri, yoluxmuş qan
  • Radioaktiv materiallar, həmçinin dərman və kommersiya izotopları
  • Korroziya törədən aşındırıcı maddələr, həmçinin nüvə və avtomobil akkumulyatoru
  • Yanacaq tərkibli avtomobil yanacaq sisteminin komponentleri

Əgər hansı əşyaların özünüzlə götürə biləcəyinizdən əmin deyilsinizsə, bizimlə əlaqə saxlaya və ya qeydiyyat masasına yaxınlaşıb soruşa bilərsiniz.

16.1.5 Salonda daşınması qəti surətdə qadağan edilmiş, lakin baqajda keçirilməsinə icazə verilən əşyalar:

16.1.5.1 Tapançalar, odlu və soyuq silahlar

Atəş açmaq funksiyasına malik olan və ya xəsarət yetirən hər hansı əşya, o cümlədən:

  • Bütün növ silahlar (tapança, revolver, tüfəng, ov silahı və s.)- saxta silahlar
  • Odlu silahların hissələri (teleskopik nişan istisna olmaqla)
  • Pnevmatik tapança, tüfəng və yivli lüləli silahlar
  • Siqnal tapançaları
  • Start tapançaları
  • Bütün növ oyuncaq tapançalar
  • Diyircəkli tapançalar
  • Sənayedə istifadə edilən bərkidici və mismar tapançalar
  • Qundaqlı yay-ox
  • Sapand
  • Harpun və sualtı ov üçün silah
  • Heyvanların ağrısız ölümü üçün istifadə edilən silahlar
  • Elektroşok və ya sinir iflicedici cihazlar, məsələn: elektroşok cihazı, elektrik ötürücü silah (Taser)
  • Odlu silah formasında alışqanlar

16.1.5.2 Batıcı/kəsici silahlar və iti alətlər

Xəsarət yetirə bilən batıcı və ya kəsici alətlər, o cümlədən:

  • Baltalar və baltacıqlar
  • Oxlar və mizraqlar
  • Dağa dırmaşmaq üçün qarmaq
  • Harpunlar və nizələr
  • Buz baltaları
  • Buzda sürüşmək üçün xizək
  • İstənilən uzunluqda ülgüclü yığılan və açılan bıçaqlar
  • Metal və ya istənilən uzunluqda ülgüclü potensial silah kimi istifadə edilə biləcək hər hansı kifayət qədər möhkəm materialdan olan bıçaqlar
  • Çapacaq
  • Maçete
  • Üz qırxan alətlər və ülgüclər (təhlükəsiz və ya ülgücləri bağlı qablaşdırmada olan üz qırxanlar istisna olmaqla)
  • Qılınclar və xəncərlər
  • Cərrah bıçaqları
  • Qayçılar
  • Xizək və xizək çubuqları
  • İtibucaqlı ulduz formalı kəsici predmet
  • Batıcı və ya kəsici silah kimi istifadə edilə biləcək peşə alətləri, məsələn: drellər və burğular, dəftərxana bıçağı, universal bıçaqlar, bütün mişarlar, vintaçanlar, linglər, çəkiclər, kəlbətinlər, açarlar/tənzimləyici açarlar, lehim lampalar).

16.1.5.3 Küt alətlər

Xəsarət yetirə biləcək hər hansı küt alət, o cümlədən:

  • Beysbol və softbol toxmaqları
  • Möhkəm və ya elastik dəyənəklər və ya çubuqlar - məsələn: polis dəyənəyi, işıqlı polis dəyənəkləri və çubuqlar
  • Kriket dəyənəkləri
  • Qolf çubuqları
  • Xokkey çubuqları
  • Yürüş çubuqları
  • Kayak və kanoe avarları
  • Skeytbordlar, qiroskuterlər
  • Bilyard oyunu növləri üçün kiylər (çubuqlar)
  • Tilovlar
  • Döyüş sənəti vasitələri, məsələn: kastet, dəyənək, ağır qurğuşun dəyənək, zəncirlər, nunçaklar, kubatonlar, kubasauntlar).

16.1.5.4 Partlayıcı və alovlanan maddələr

Sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığına və yaxud hava gəmisinin və ya mülkiyyətin təhlükəsizliyinə təhlükəyə yaradacaq hər hansı partlayıcı və yüksək alovlanan maddələr, o cümlədən:

  • Döyüş sürsatları
  • Pistonlar
  • Detonatorlar və qoruyucular
  • Partlayıcılar və partlayıcı qurğular
  • Saxta partlayıcı materiallar və ya qurğular
  • Minalar və digər partlayıcı hərbi ehtiyatlar
  • Bütün növ qumbaralar
  • Qaz və istənilən həcmdə qaz balonları, məsələn: butan, propan, asetilen, oksigen)
  • İstənilən formada fişənglər, məşəllər və digər pirotexnika məmulatları (o cümlədən, konfetti)
  • Seskvisulfid kibritlər (istənilən səthə toxundurmaqla alışır)
  • Tüstü verici şaşkalar
  • Alışan maye yanacaqlar, məsələn: yanacaq/ benzin, dizel, alışqanları doldurmaq üçün maye, alkaqol, spirt)
  • Püskürtücü boya
  • Terpentin yağı və boya həlledicisi
  • Həcm üzrə tərkibində spirt 70%-dən çox olan spirtli içkilər

16.1.5.5 Kimyəvi və zəhərli maddələr

Sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığına və yaxud hava gəmisinin və ya mülkiyyətin təhlükəsizliyinə təhlükə yaradacaq hər hansı kimyəvi və ya zəhərli maddələr, o cümlədən:

  • Turşu və qələvilər - məsələn: akkumulyator batareyaları
  • Korroziya törədən aşındırıcı və ya ağardıcı maddələr - məsələn: civə, xlor
  • Sinir iflicedici və ya hərəkət fəaliyyətini məhdudlaşdıran püskürtücülər - məsələn: "Meys" qazı, bibər qazı, göz yaşardıcı qaz
  • Radioaktiv materiallar - məsələn: tibbi və ya kommersiya izotopları
  • Zəhərlər
  • Yoluxucu və ya bioloji təhlükəli materiallar - məsələn: yoluxmuş qan, bakteriya və viruslar
  • Öz-özünə alışan materiallar və maddələr
  • Yanğın söndürən

Diqqət!
Təhlükəli əşyaların hava gəmisinə keçirilməsi qeyri-qanunidir və qaydaları pozan şəxslər cəzalandırıla və cərimələnə bilərlər.

16.2 Baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ

16.2.1 Aşağıda göstərilən hallarda sizin baqajınız daşınmaya qəbul olumayacaqdır.

  • Baqajınız hava gəmisinə, sərnişinlərə və ya digər baqaj və yüklərə zərər verə biləcəyi halda,
  • Baqajınızın qablaşdırılması nizamlı və təhlükəsiz daşınmaya imkan vermədiyi halda,
  • Yoladüşmə, təyinat və ya tranzit ölkələrin qanunlarına və qaydalarına əsasən baqajınızın tərkibində daşınması qadağan olunmuş maddələr və ya əşyalar olduğu halda,
  • Normadan artıq baqajın daşınması ilə əlaqədar Aviaşirkətin müəyyən etdiyi tariflər və rüsumlar ödənilmədiyi halda,
  • Baqajınızın ölçüləri aviaşirkətin müəyyən etdiyi ölçulərdən artıq olduğu halda,
  • Baqajınızın çəkisi 32 kq-dan artıq olduğu halda,
  • Baqajınızda daşınması qadağan olunmuş təhlükəli əşya və ya maddələr olduğu halda.
  • Baqajda bu bölmənin 16.1 bəndində göstərilmiş əşyalar olduqda, Aviaşirkət müvafiq sənədlər əsasında bu əşyaların tərkibində daşınmasına icazə verilməyən hər hansı materialların və ya əşyaların olduğu qənaətinə gəldikdən sonra;

16.2.2 Aviaşirkət baqaj qismində daşımaya qəbul edilməsindən imtina etdiyi malları və ya əşyaları öz nəzarəti altına götürməyə borclu deyil və onlara görə məsuliyyət daşımır.

16.3 Sərnişinlərin və baqajın yoxlanılması hüququ

16.3.1 Uçuşların təhlükəsizliyinin təmin edilməsi və bu bölmənin 16.1 bəndində göstərilən əşyaların aşkar edilməsi üçün Aviaşirkət Sərnişinlərdən Aviaşirkətin, hava limanının xidmətləri və digər səlahiyyətli dövlət orqanları tərəfindən həyata keçirilən şəxsi yoxlamadan keçməyi tələb etmək, habelə yoxlamaq üçün baqajını təqdim etmək, Sərnişinin və ya onun baqajının rentgen və ya digər yoxlamasını keçirmək, habelə Sərnişin olmadığı halda onun baqajını yoxlamaq və ya yoxlanılmasını təşkil etmək hüququna malikdir. Əgər Sərnişin bu tələbi yerinə yetirmək istəmirsə, Aviaşirkət Sərnişinin (baqajın) daşınmasından imtina edə bilər. Aviaşirkət rentgen və ya digər üsulla yoxlama zamanı Sərnişinə və ya onun baqajına dəymiş ziyan üçün məsuliyyət daşımır, Aviaşirkətin səhlənkarlığı üzündən dəymiş ziyan istisna təşkil edir.

16.3.2 Uçuşda olan hava gəmisində (yükləndikdən sonra hava gəmisinin qapılarının bağlandığı andan boşaltma üçün hər hansı qapıların açıldığı anadək) əl yükünün və Sərnişinin özünün yoxlanılması Sərnişinin razı olub-olmamasından asılı olmayaraq, hava gəmisi komandirinin qərarı ilə həyata keçirilə bilər.

16.4 Qeydiyyata alınmış baqaj

16.4.1 Aviaşirkətin uçuşlarında qeydiyyata alınan baqajın pulsuz daşınma norması aviabiletin təxsisetmə sinifindən asılı olaraq dəyişir. Daşınma norması aviabiletdə qeyd edilir.

16.4.2 Sərnişin özü ilə apardığı bütün əşyaları çəkisinin müəyyən edilməsi və ölçülməsi üçün təqdim etməlidir.

16.4.3 Sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti Aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq Aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və Sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir.

16.4.4 Baqajın təhlükəsiz daşınması və mexaniki vasitələrdən istifadə etməklə emal olunmasını təmin edən qıfıllı çamadanlara və ya digər müvafiq konteynerlərə yığılmadığı halda Aviaşirkət həmin baqajın qeydiyyatdan keçmiş baqaj kimi qəbul olunmasından imtina etmək hüququna malikdir.

16.4.5 Aviaşirkət qeydiyyatdan keçmiş baqajın Sərnişinin daşındığı hava gəmisində daşınması üçün tədbirlər görməli və əgər tətbiq olunan qanunlar baqajın rəsmiləşdirilməsi üzrə gömrük prosedurlarında Sərnişinin iştirakını tələb edirsə, bunu təmin etməlidir. Əgər qeydiyyatdan keçmiş baqaj digər hava gəmisində daşınırsa, Aviaşirkət baqajın təyin olunan yerdə Sərnişinə qısa müddətdə çatdırılması üçün bütün tədbirləri görməlidir.

16.4.6 Baqajın qorunmasını təmin etmək üçün Aviaşirkət aşağıdakıları tövsiyə edir:

  • Səyahət üçün etibarlı qıfılları olan keyfiyyətli çamadanlardan istifadə edilməlidir;
  • Parçadan olan çamadanlardan və ya çantalardan istifadə olunarkən, kənar şəxslərin baqajı aça bilməməsi məqsədilə zəncirbəndi bağlamaq üçün asma qıfıllardan istifadə olunmalı, baqaj kəmər və ya iplərlə sarınmalıdır;
  • Hər uçuşdan sonra köhnə birkalar çıxarılmalıdır;
  • Baqajın xarici tərəfində üzərində ad qeyd olunmuş birkalardan istifadə olunmalıdır;
  • Baqajı tez tapmaq üçün ona lent bağlanılmalı və ya digər fərdi nişan qoyulmalıdır.

16.4.7 Aviaşirkət aşağıdakı əşyaların qeydiyyata alınmış baqaja daxil edilməsini məsləhət görmür:

  • Tezsınan, kövrək əşyalar və tezkorlanan əşyalar;
  • Pullar;
  • Açarlar;
  • Zinət əşyaları, qiymətli metallardan və gümüşdən hazırlanan məmulatlar;
  • Təbii xəz və ya dəri;
  • Elektron avadanlıq;
  • Kompyuter avadanlığı, kompyuter üçün komplektləşdirici hissələr, əlavələr, proqramlar;
  • Audio və video texnika, foto və kino aparatları, yardımçı əşyalar;
  • Eynəklər, binokllar və digər optik cihazlar;
  • Texniki, tibbi və digər sənədlər;
  • Işgüzar və şəxsi sənədlər;
  • Qiymətli kağızlar və əşyalar;
  • Istehsal avadanlığı və nümunələr/ şablonlar;
  • Video/audio kassetlər, disklər, disketlər və digər məlumat daşıyıcıları;
  • Tibb preparatları, avadanlıqlar;
  • Fotoşəkillər, əntiq mallar;
  • Əvəz edilməsi mümkün olmayan əşyalar;
  • Mayelər, ətriyyat, alkoqollu içkilər;
  • Alətlər.

16.4.8 Sərnişin bu tövsiyələri yerinə yetirmədiyi təqdirdə Aviaşirkət, həmin əşyaların çəkisinin əskik gəlməsi istisna olmaqla, onların bütövlüyü və saxlanılması üçün məsuliyyət daşımır.

16.4.9 Qeydiyyata alınmış baqaj hava gəmisinin bortuna yükləndiyi andan təyinat /transfer məntəqəsində təhvil verilənədək Sərnişinin həmin baqaja toxunmasına icazə verilmir.

16.4.10 Bir baqaj yerinin çəkisi 32 kq-dan artıq olmamalıdır. Kütləsi böyük olan baqaj yeri

Aviaşirkətin hava daşımaları qaydalarına müvafiq olaraq daşınmaya yalnız yük kimi qəbul olunur.

16.5 Əl-yükü (qeydiyyata alınmamış baqaj)

16.5.1 Əl-yükü (qeydiyyata alınmamış baqaj) - Sərnişin tərəfindən hava gəmisinin salonunda daşınan 1 yer 10 kq və ölçüləri cəmi 110 sm-dən (55x35x20sm) artıq olmayan baqajdır.

16.5.2 Əl-yükünün çəkisi baqajın pulsuz daşınma normasına daxil deyil.

16.5.3 Aviabiletin dəyərinə əl-yükünün pulsuz daşınması daxil deyil. Aviaşirkətin uçuşlarında əl-yükünün pulsuz daşınma norması müəyyən edilməmişdir. Əl yükünün daşınması üçün müvafiq ödəniş edilməlidir.

16.5.4 Kommersiya maraqlarını nəzərə alaraq, Aviaşirkət bəzi reyslərdə qeydiyyata alınmamış baqajın yuxarıda qeyd olunan normalarında dəyişikliklər etmək hüququna malikdir. Müvəqqəti qüvvədə olan normalar Aviaşirkətin yazılı sərəncamları və ya əmrləri ilə qüvvəyə minir və ləğv edilir.

16.5.5 Müəyyən istiqamətdə daşınmasına icazə verilən əl yükünün çəkisi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsindən;
  • Aviadaşımaların satışı məntəqəsində.

16.5.6 Əl yükü bir yer tutmalı, hava gəmisinin salonunda Sərnişin oturacağının üstündəki rəfdə, yaxud irəlidəki oturacağın altında yerləşdirilməlidir.

16.5.7 Aviaşirkətin uçuşlarına qeydiyyat zamanı Sərnişin çəkini müəyyən etmək üçün daşıdığı baqajı təqdim etməlidir. Hər birindən bir ədəd olmaqla, 16.6.3-cü bənddə göstərilən, minmə, düşmə və ya uçuş zamanı Sərnişinə lazım ola biləcək əşyalar istisna təşkil edir.

16.5.8 Əl yükünün ölçülərinə və çəkisinə görə Aviaşirkət tərəfindən irəli sürülən tələblərə cavab verməyən və ya hava gəmisinin sərnişin salonunda daşınmasına icazə verilməyən əşyalar qeydiyyata alınmış baqaj sayılacaq və onun kimi emal olunacaqdır.

16.5.9 Qeydiyyata alınmamış baqaj üçün bütün məsuliyyəti Sərnişin daşıyır.

16.6 Baqajın pulsuz daşınma norması

Ümumi müddəalar

16.6.1 Aviaşirkət tərəfindən müəyyən edilmiş, daimi qüvvədə olan baqajın pulsuz daşınma normalarına və ya müvəqqəti xarakter daşıyan daşıma normalarına müvafiq olaraq Sərnişin müəyyən miqdarda baqajı əlavə ödəniş etmədən nəql edə bilər. Daşımanın marşrutundan və xidmət sinfindən asılı olaraq, bu miqdar baqaj yerinin çəkisi, ölçüsü və sayının kombinasiyası üzrə (yer konsepsiyası) və ya baqajın çəki xarakteristikaları (çəki konsepsiyası) üzrə müəyyən edilir.

16.6.2 Əlavə ödəniş etmədən daşınması üçün icazə verilmiş baqajın maksimal miqdarı barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsində;
  • Aviadaşımaların satışı məntəqəsində.

16.6.3 Aviaşirkətin uçuşlarında baqajın müəyyən edilmiş pulsuz daşınma normasından əlavə, Sərnişin təyyarədə ona lazım ola biləcək, hər birindən bir ədəd olmaqla, aşağıda göstərilən əşyaları götürmək hüququna malikdir:

  • Ölçüləri 30x35x10sm-dən artıq olmayan, şəxsi əşyalar üçün kiçik çanta və ya kamera çantası və portativ kompyuter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
  • Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır).
  • Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
  • Çətir və uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar;

16.6.4 Konkret istiqamətdə daşınmasına icazə verilən əl yükünün və əlavə əşyaların ümumi kütləsi barədə məlumatı aşağıdakı ünvanlardan almaq olar:

  • Aviaşirkətin rəsmi veb səhifəsindən;
  • Aviadaşımaların satışı məntəqəsindən.

16.6.5 Beynəlxalq və daxili hava xətləri sahələrində və ya əksinə ardıcıl olaraq həyata keçirilən beynəlxalq (transatlantik) daşımalar zamanı Sərnişin daxili hava xətti sahəsində beynəlxalq hava xəttində müvafiq xidmət sinfi üçün müəyyən edilmiş baqajın pulsuz daşınma normasına uyğun baqaj daşımaq hüququna malikdir.

16.6.6 Daşıma marşrutu və xidmət sinfi Sərnişin tərəfindən könüllü olaraq dəyişdirildiyi təqdirdə, ona yeni daşıma sahəsində müvafiq marşrut və ya xidmət sinfi üçün müəyyən edilmiş norma üzrə baqajın pulsuz daşınması hüququ verilir.

16.6.7 Daşıma marşrutu və xidmət sinfi məcburi surətdə dəyişdirildiyi təqdirdə, Sərnişin dəyərini əvvəlcə ödədiyi marşrut və xidmət sinfində ona icazə verilmiş miqdarda baqajı pulsuz daşımaq hüququna malikdir.

16.6.8 Çarter reyslərində baqajın pulsuz daşınma norması çarter daşımasının yerinə yetirilməsi haqqında müqavilə ilə müəyyən edilir.

16.6.9 Hava gəmisinin salonunda baqajın daşınması üçün əlavə oturacağın istifadə olunması zərurəti yarandıqda, bunun üçün ayrıca Sərnişin bileti və ya müvafiq qaydada pullu baqaj bileti rəsmiləşdirilir.

16.7 Yer konsepsiyası (Piece concept)

16.7.1 Aviaşirkət qeydiyyata alınan baqajın daşınma normasının yerlərin sayı üzrə hesablanması siyasətini tətbiq edir. Hesab istiqamətdən, xidmət sinfindən və hava gəmisinin tipindən, habelə normadan artıq baqaj üçün götürülən tarifdən asılı olaraq yerlərin sayı üzrə həyata keçirilir.

16.7.2 Bir yer baqajın üç ölçüsünün cəmi (E x U x H) 158 santimetrdən çəkisi isə 23 kq-dan artıq olmamalıdır. Baqajın bir yerinin ölçüsü və ya çəkisi normadan artıq olduqda, bunun üçün əlavə haqq alınır.

16.7.3 Baqajın çəkisinin normadan artıq olmasına görə əlavə haqq həm icazə verilən norma həddində (1-2 yer), həm də əlavə baqaj yerləri üçün alınır.

16.7.4 Çəkisi 32 kq-dan artıq olan baqaj yalnız yük kimi rəsmiləşdirilir və daşınmaya qəbul olunur. Müstəsna hallarda, çəkisi 32 kq-dan artıq olan baqajın alternativ üsulla daşınması mümkün olmadıqda, həmin baqajın normadan artıq hər 23 kq-ı üçün 100 avro ödənilməsi şərtilə daşınmasına icazə verilir.

16.7.5 2 yaşından 12 yaşınadək uşaqlar üçün baqajın daşıma norması böyük Sərnişinlərin daşıma normasına bərabərləşdirilir.

16.7.6 Bir yerlik yüngül qatlanan uşaq arabaları (uşaqla səyahət zamanı) və bütün növ əlil arabaları qəti surətdə baqaj bölməsində daşınır və müəyyən edilmiş pulsuz baqaj normasından əlavə qəbul edilir.

16.8 Çəki konsepsiyası (Weight concept)

Aviaşirkət rəhbərliyin yazılı sərəncamına əsasən Aviaşirkətin bəzi reyslərində baqajın daşınması zamanı çəki konsepsiyası tətbiq olunur. Hesablama Sərnişin baqajının çəkisi nəzərə alınmaqla aparılır.

16.8.1 Müvəqqəti xarakter daşıyan daşıma normaları

16.8.1.1 Aviaşirkət kommersiya maraqlarını və ya Aviaşirkətlə digər Daşıyıcılar arasında bağlanmış müqavilələri nəzərə alaraq baqajın pulsuz daşınma normasını dəyişdirmək hüququna malikdir. Müvəqqəti qüvvədə olan normalar Aviaşirkətin yazılı sərəncamları və ya əmrləri ilə qüvvəyə minir və ləğv edilir.

16.9 İdman ləvazimatlarının daşınması 

16.9.1 Bütün  idman avadanlığı və ləvazimat baqajın pulsuz daşınma normasına daxil edilir və normadan (habelə ölçüsü və çəkisi) artıq olduğu təqdirdə, ödənişli baqaj qaydalarına əsasən əlavə haqq alınır.

16.9.2 İdman ləvazimatının (tennis avadanlığı və bədii gimnastika üçün xüsusi dəst istisna olmaqla) hava gəmisinin sərnişin salonunda daşınması qəti qadağan edilir və müvafiq qaydada qablaşdırılaraq baqaj bölməsində daşınır.

16.9.3 Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.

16.9.4 İdman ləvazimatının daşınması üçün əvvəlcədən müraciət edilməli və yer təxsis edilməlidir.

16.10 Baqajın dəyərinin elan edilməsi 

16.10.1 Sərnişin qeydiyyata alınmış baqajının dəyərini elan etmək hüququna malikdir.

16.10.2 Baqajın dəyərinin elan edilməsinə görə Aviaşirkət tərəfindən müəyyən edilmiş yığım alınır. Elan edilmiş qiymət baqajın həqiqi dəyərindən artıq ola bilməz.

16.10.3 Qeydiyyata alınmış baqajın dəyəri hər yer üçün ayrıca göstərilə bilər. Qeydiyyata alınmış baqajın dəyərinin elan edilməsinə görə yığım dəyərin elan edildiyi məntəqədə ödənilir və pullu baqaj qəbzi ilə təsdiq olunur. Sərnişin daşıma üçün təhvil verilən baqajın dəyərini elan etdiyi zaman Aviaşirkət baqajın yoxlama üçün təqdim edilməsini Sərnişindən tələb etmək və elan edilmiş dəyərlə baqajın içindəkilər açıq-aşkar uyğun gəlmədiyi təqdirdə, onun həqiqi dəyərini müəyyən etmək hüququna malikdir. Baqajın dəyəri ilə əlaqədar Aviaşirkətlə Sərnişin arasında fikir ayrılığı yarandığı təqdirdə, Sərnişin dəyəri elan edilmiş qeydiyyatdan keçmiş baqajın dəyərini təsdiq edən sənədləri (hesab, qiymət cədvəli, çek və ya digər sənəd) təqdim etməlidir. Elan edilmiş dəyəri təsdiq edən sənəd olmadığı təqdirdə, Aviaşirkət Sərnişinin göstərdiyi məbləğdə dəyəri elan edilmiş baqajın daşınmasından imtina etmək hüququna malikdir.

16.10.4 Dəyəri elan edilmiş baqaj qismində qəbul olunan bütün əşyalar nöqsansız, bərk qablamada olmalıdır. Qiymətli baqajın kütləsi və ölçüləri müəyyən edilmiş normaları aşmamalıdır. Əgər Aviaşirkət dəyəri göstərilən qeydiyyata alınmış baqajın qablamasının bu Qaydaların tələblərinə uyğun olmadığını hesab edirsə, yaxud baqajın daşınması zamanı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi tələb olunursa, onun daşınmasından imtina edə bilər.

16.11 Baqajın pulsuz daşınma normasının şamil edilmədiyi xüsusi baqaj əşyaları 

16.11.1 Ölçü və çəkisinə görə adi baqajdan fərqlənən iriölçülü və qeyri-standart baqaja pulsuz daşınma norması şamil olunmur. Bunlara aiddir:

  • idman ləvazimatı, bu Qaydaların 16.8 bölməsində göstərilənlərdən başqa; - üç ölçü cəmində 115 sm-dən artıq olan ölçüdə musiqi alətləri;
  • audio- və videotexnika;
  • televizorlar, soyuducular;
  • qablaşdırılmış vəziyyətdə ölçü və çəkisi pulsuz daşınma normasından artıq olan baqaj;
  • diri heyvanlar;
  • silah və döyüş sursatları;

16.11.2 16.11.1. bəndində göstərilən xüsusi baqajın daşınması Aviaşirkətlə razılaşdırılmalı və Sərnişinin apardığı digər baqajın çəkisindən asılı olmayaraq, müəyyən edilmiş tarif üzrə ödənilməlidir.

16.11.3 Velosiped (biryerlik, mühərriksiz) daşınmaya hissələrə ayrılmış halda (ön təkər çıxarılır, sükan təkərə nisbətən 90 dərəcə çevrilir, pedallar çıxarılır), örtükdə və ya sərt bağlamada (qutuda) qəbul olunur.

16.11.4 Diri heyvanlar və musiqi alətləri istisna olmaqla, qeyri-standart baqaj hava gəmisinin yalnız baqaj bölməsində daşınır.

16.11.5 Diri heyvanlar daşınmaya bu Qaydaların 17-ci bölməsinə müvafiq olaraq qəbul olunur.

16.12 Ödənişli (normadan artıq) baqaj 

16.12.1 Sərnişin və ya Sərnişinlər qrupu əvvəlcədən (reysdə yerləri təxsis edərkən, yaxud bilet aldıqları zaman) Aviaşirkəti normadan artıq baqaj barədə məlumatlandıra və onun daşınması haqqını ödəyə bilər. Belə ödəniş barədə məlumatı Aviaşirkət (onun Agenti) təqdim etməlidir.

16.12.2 Sərnişin Aviaşirkət tərəfindən müəyyən edilmiş pulsuz baqaj daşımasının maksimum normasından artıq olan baqajın bütün təyinat məntəqələrinə və ya yolda dayanma (transfer) məntəqələrinə daşınmasını ödənişli baqaj qəbzinin verildiyi gün qüvvədə olan tariflə ödəməlidir.

16.12.3 Çəki konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 16.11 bəndi), ümumi baqaj kütləsinin müəyyən edilmiş normasından artıq olan çəkiyə görə ödəniş aparılır.

16.12.4 Yer konsepsiyası tətbiq olunarkən, baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları istisna olmaqla (bu Qaydaların 16.11 bəndi), yerlərin sayına, hər bir yerin ölçüsü və kütləsinə görə (yerlərin kütləsi cəmlənmir) müəyyən edilmiş normadan artıq baqaja görə ödəniş aparılır.

16.12.5 Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən az miqdarda baqaj təqdim etdikdə, yazılı surətdə Aviaşirkətə müraciət etdikdən və faktiki daşınan baqajı təsdiq edən sənədləri təqdim etdikdən sonra, ödənilməli məbləğdən artıq olan məbləğ Sərnişinə qaytarılır.

16.12.6 Yola düşmə məntəqəsində Sərnişin təxsis etdiyindən və dəyərini ödədiyindən çox miqdarda baqaj təqdim etdikdə, müvafiq əlavə ödəniş aparıldıqdan sonra baqaj daşınmaya qəbul olunur.

16.12.7 Hava gəmisinin kommersiya yüklənməsi normadan artıq olduqda və ya boş tonnaj olmadıqda, Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar edərək baqajı özünün növbəti reysi ilə və ya digər daşıyıcının reysi ilə göndərmək hüququna malikdir.

16.12.8 Dayanma və ya transfer məntəqəsində baqajın kütləsi artarsa, Sərnişin əlavə baqaj üçün ödəniş həyata keçirməlidir.

16.12.9 Baqaj qabaqcadan bronlaşdırılmadığı halda aviaşirkət müəyyən edilmiş normadan artıq baqajın daşınma üçün qəbulunu məhdudlaşdırmaq və ya sərnişinə baqajın daşınmasından imtina etmək hüququna malikdir.

16.13 Birgə baqaj 

16.13.1 Eyni reyslə qrup şəklində eyni təyinat məntəqəsinə uçan iki və daha artıq Sərnişinə qeydiyyat zamanı rəsmiləşdirmək üçün baqajı birgə təqdim etməyə icazə verilmir və hər Sərnişin üçün baqajın pulsuz daşınma normalarının cəminə ekvivalent olan ümumi baqaj normasının tətbiq edilməsinə yol verilmir. Baqajın pulsuz daşınma norması hər sərnişinə fərdi şamil olunur.

16.14 Xüsusi daşıma şəraiti tələb edən baqajın daşınması 

16.14.1 Xüsusi daşınma şəraiti tələb edən baqaj (məsələn, qiymətli əşyalar; kövrək, tezsınan əşyalar) aşağıdakı şərtlər yerinə yetirildikdən sonra hava gəmisinin salonunda daşınmaq üçün qəbul oluna bilər:

  • bunun üçün sərnişin Aviaşirkətin icazəsini almalıdır;
  • baqaj aviasiya təhlükəsizliyinə görə yoxlamadan keçməlidir.

16.14.2 Əgər baqaj iriölçülü və kövrəkdirsə (musiqi aləti) Sərnişin əlavə oturacaq yeri üçün ödəniş etməlidir (normadan artıq baqajın nəqli üçün ödəniş götürülmür). Belə baqajın çəkisi 75 kq-dan, ölçüləri isə oturacaq yerinin ölçülərindən artıq olmamalıdır.

16.14.3 Xüsusi daşıma şəraiti tələb edən və hava gəmisinin sərnişin salonunda daşınan baqaj qeydiyyata alınmalı və ona oturacaq talonu verilməlidir. Onun bütövlüyünə və saxlanılmasına görə məsuliyyəti Sərnişin daşıyır.

16.14.4 Hava gəmisinin sərnişin salonunda daşınan baqaj elə qablaşdırılmalıdır ki, daşınan zaman hava gəmisinin salonunu zədələməsin.

16.15 Silahın və döyüş sursatının daşınması 

16.15.1 Aviaşirkətin hava gəmilərində istənilən silahın və onun döyüş sursatlarının daşınması qadağandır. Aşağıdakılar istisna təşkil edir:

  • ordu nümunəli yivli odlu silah və onun döyüş sursatları;
  • xüsusi sifarişlə hazırlanmış odlu silah və onun döyüş sursatları;
  • saxtalaşdırılmış, təlim üçün nəzərdə tutulan;
  • qeyri-müasir atıcı silah;
  • idman, ovçu yivli, kombinə edilmiş və yivsiz lüləli silah və onun döyüş sursatları;
  • pnevmatik silah və onun döyüş sursatları;
  • soyuq və soyuq atıcı silah (xəncərlər, qılınclar, süngülər, toppuzlar, gürzlər, ov və fin bıçaqları, süngü-bıçaqlar, arbaletlər);
  • butafor silahı;
  • qaz tapançaları və tapançalar.

16.15.2 Qaz silahı üçün güllələr, partlayıcı və alovlandırıcı barıt güllələri Aviaşirkətin hava gəmilərində daşınmaya qəbul olunmur.

16.15.3 Daşınmasına icazə verilmiş silah və onun döyüş sursatı yalnız səlahiyyətli orqanların xüsusi icazəsi ilə təsdiq edilmiş sahiblik, idxal və ixrac hüququ olan fiziki şəxslərdən - Aviaşirkətin Sərnişinlərindən qəbul olunur. Hüquqi şəxslərin silahının və döyüş sursatının daşınması qaydası Aviaşirkətin "Yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları" ilə müəyyən edilir.

16.15.4 Daşınmasına icazə verilmiş silah və döyüş sursatı qeydiyyata alınmış baqajda Aviaşirkətin yalnız birbaşa (tranzit) reyslərində Aviaşirkətin nümayəndələri olan aeroportlara/aeroportlardan Aviaşirkətin müəyyən etdiyi prosedurlara müvafiq olaraq daşınır. Mühafizə və polis funksiyalarını yerinə yetirən səlahiyyətli şəxslərin odlu silahı və döyüş sursatları, onlar öz xidməti vəzifələrini yerinə yetirərkən, Aviaşirkətin birbaşa, tranzit və transfer reyslərində bu Qaydaların 16.15.8. bəndinə müvafiq olaraq daşınır.

16.15.5 Daşıma zamanı silah və döyüş sursatı Sərnişindən alınır və hava gəmisinin baqaj bölməsində nəql edilir. Xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli şəxsləri istisna təşkil edir.

16.15.6 Sərnişinlərə hava gəmisinin sərnişin salonuna hər hansı silahı, döyüş sursatını, hətta ona oxşar düzəldilən hədiyyə və uşaq oyuncaqlarını gətirmək qəti qadağandır.

16.15.7 Hava gəmisinin sərnişin salonunda silahın aparılmasına yalnız qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bütün zəruri sənədlər olduqda, xidməti vəzifələrini icra edən hüquq mühafizə orqanlarının səlahiyyətli əməkdaşlarına icazə verilir.

16.15.8 Silah daşınmaya yalnız boşaldılmış şəkildə, döyüş sursatından ayrı olmaqla qəbul olunur.

16.15.9 Müsadirə olunmuş soyuq silah, qısalüləli odlu silah və döyüş sursatı xüsusi bağlamada dəmir konteynerlərdə hava gəmisinin baqaj bölməsində daşınır. Konteynerin açarı uçuş yerinə yetirilərkən və tranzit hava limanında dayanacaq zamanı hava gəmisinin ekipajında olur.

16.15.10 Müsadirə edilmiş, uzunluğu 80 sm-dən artıq olan sökülməyən silah hava gəmisinin baqaj bölməsində, silahın sahibləri tərəfindən verilmiş və etibarlı qıfıllarla təchiz edilmiş penallarda, xüsusi konteynerlərdə, qutularda və s. daşınır.

16.15.11 Müsadirə edilmiş silahın hava gəmisinin pilot kabinəsində və ya sərnişin salonunda daşınması və hava gəmisinin bortunda və ya hava limanı perronunda Sərnişinə qaytarılması qəti qadağandır.

16.15.12 Sərnişin daşınmasına icazə verilmiş silah üçün 5 kq-dan çox olmayan (brutto-çəki) döyüş sursatı apara bilər.

16.15.13 Bir neçə Sərnişin üçün döyüş sursatının daşınma normasının birləşdirilməsinə icazə verilmir.

16.15.14 Bir neçə Sərnişin tərəfindən daşınan döyüş sursatını bir və ya bir neçə baqaj yerində birləşdirmək olmaz.

16.15.15 Daşınmaya qəbul olunmuş silah və /və ya döyüş sursatı təyinat məntəqəsində müəyyən edilmiş yerdə hava limanının aviasiya təhlükəsizliyi işçiləri (Security) tərəfindən Aviaşirkətin nümayəndəsinin iştirakı ilə verilir.

16.16 Daşınmaya məhdud miqdarda qəbul olunan əşyalar və maddələr 

16.16.1 Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətin razılığı ilə baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

  • Daşınma zamanı tezkorlanan məhsulların soyudulması üçün üstündə "Quru buz" və ya "Bərk karbon dioksidi" nişanı olan, ayrılan qazı buraxmağa imkan verən bağlamada 2 kq-dan çox olmamaq şərtilə quru buz (qeydiyyata alınmış baqajda);
  • Tibbi məqsədlərlə şəxsi istifadə üçün içində qaz halında oksigen, yaxud hava olan kiçik balonlar;
  • partlayan və yandırıcı güllələr istisna olmaqla, qutularda etibarlı şəkildə qablaşdırılmış, bu Qaydaların 16.15.13. bəndində müəyyən edilmiş miqdarda döyüş sursatı (qeydiyyata alınmış baqajda);
  • xəstələrin daşınması üçün kreslo-araba və ya şəxsi istifadə üçün nəzərdə tutulmuş, axıdılmayan batareya (batareyanın sıxaclarının qısa qapanmadan etibarlı mühafizə edilməsi və batareyanın kreslo-arabaya, yaxud hərəkətli vasitəyə bərkidilməsi şərtilə), ya da tərkibində maye batareyalarla təchiz edilmiş, akkumulyator batareyası ilə hərəkətə gətirilən vasitələr (qeydiyyata alınmış baqajda);
  • dövlət hava bürosunun və ya analoji rəsmi orqanın nümayəndəsinin apardığı civə barometri və ya termometr (qeydiyyata alınmış baqajda);
  • özüdoldurulan xilasedici jiletə birləşdirilmiş, tərkibində alovlanmayan karbon qazı olan qaz balonu, bir sərnişin üçün iki kiçik balon və onlar üçün iki ehtiyat doldurucu (qeydiyyata alınmış baqajda);
  • istilik hasil edən məmulatlar, məsələn, şəxsi istifadə üçün sualtı lampalar və qaynaq avadanlığı (qeydiyyata alınmış baqajda );

16.16.2  Aviasiya Şirkəti bütün uçuşlarında litium batareyalarla təchiz edilmiş elektron skuterlərin, seqveylərin əl yükü, qeydiyyatdan keçmiş baqaj və ya yük qismində daşınması qadağandır.

16.16.3 Litium ion batareyaların baqajda daşınması zamanı aşağıdakı qaydaya riayət olunmalıdır:

Watt/saat göstəricisi
(Wh) və ya  (Li tutumu)

Yerləşməsi

Əl yükündə

Qeydiyyatdan keçmiş baqajda

Aviaşirkətin razılığı:


≤ 100 Wh (2G)

Avadanlığın tərkibində

Icazə verilir

Icazə verilir

olmaya bilər

Avadanlıqdan ayrı

Icazə verilir

İcazə verilmir


> 100 to ≤ 160 Wh

Avadanlığın tərkibində

Icazə verilir

Icazə verilir

olmalıdır

Avadanlıqdan ayrı

Icazə verilir (maksimum 2 (iki) ədəd)

İcazə verilmir

> 160 Wh

İCAO qaydalarına əsasən yük qismində daşınmalıdır

16.16.4 Ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşımanın həyata keçiriləcəyi ölkə tərəfindən qadağa qoyulmadığı təqdirdə, Aviaşirkətlə razılaşdırılmadan, baqaj qismində məhdud miqdarda aşağıdakı təhlükəli əşyalar daşına bilər:

  • istehsal qablaşdırmasının bir vahidinin maksimal həcminin 5 litrdən çox olmaması şərtilə, bir Sərnişinə 5 litrdən çox olmamaqla 70 dərəcəyədək alkoqollu içki (qeydiyyata alınmış baqajda);
  • qeyri-radioaktiv dərman vasitələri və ya tualet ləvazimatı (saç üçün lak, odekolon, ətir, tərkibində spirt olan dərmanlar). Hər Sərnişin tərəfindən aparılan belə məmulatların ümumi netto çəkisi 2 kq/l-dan, hər bir ayrıca məmulatın netto-kütləsi isə 0.5 kq/l-dan artıq olmamalıdır (qeydiyyata alınmış baqajda);
  • şəxsi istifadə üçün nəzərdə tutulmuş, qızan elementinin örtüsü təhlükəsiz və etibarlı olan, ehtiyat balonu olmayan, saçları burmaq üçün karbohidrogen tərkibli vasitə. Bir Sərnişin yalnız bir belə vasitə apara bilər ( qeydiyyata alınmış baqajda);
  • şəxsi istifadə üçün kibrit və ya ehtiyat bloku olmayan, maye qazla işləməyən alışqan (qeydiyyata alınmış baqajda );
  • süni ətrafları hərəkətə gətirmək üçün karbon qazı tərkibli səyyar balonlar, habelə daşınma zamanı zəruri ehtiyatları təmin etmək üçün ehtiyat səyyar balonlar ( qeydiyyata alınmış baqajda);
  • ürək əzələlərinin radioizotop stimulyatoru, yaxud litium batareyalarından qidalanan, insanın bədəninə implantasiya edilmiş digər vasitələr, yaxud müalicənin nəticəsi kimi insan bədənində olan radioaktiv farmasevtik preparatlar;
  • şəxsi istifadə üçün nəzərdə tutulmuş etibarlı qablamada kiçik tibbi civə termometri, bir Sərnişinə bir ədəd olmaqla

16.17 Təhlükəli deşici, kəsici əşyaların daşınması 

16.17.1 Aviasiya təhlükəsizliyini lazımi səviyyədə təmin etmək üçün uçuşların təhlükəsizliyinə xələl gətirə biləcək bütün əşyaların Sərnişinlərin qeydiyyata alınmamış baqajı kimi hava gəmilərinin sərnişin salonunda daşınması qadağandır.

16.17.2 Təhlükəli deşici və kəsici əşyaları, metal çəngəl-bıçağı, iş alətlərini, o cümlədən toxuma millərini, idman ləvazimatını, şprisləri, o cümlədən birdəfəlik şprisləri (uçuş zamanı inyeksiya tələb edilən sərnişinlər müvafiq tibbi arayış təqdim etməlidirlər), manikür ləvazimatını, silahı real imitasiya edən əşyaları, adətən Sərnişinlər tərəfindən daşınmayan digər əşyaları (velosiped zəncirləri, dəyənəklər və s.) əl yükünə daxil etmək qadağandır.

16.17.3 Bədənə xəsarət yetirə biləcək bütün deşici, kəsici və ucu küt əşyalar qablanmalı və baqaja qoyulmalı, qeydiyyatdan keçdikdən sonra Sərnişindən ayrı olaraq hava gəmisinin baqaj bölməsində daşınmalıdır (qeydiyyata alınmış baqaj).

16.17.4 Sərnişinə şəxsi baxış keçirilərkən və əl yükü yoxlanılarkən tapılan bütün deşici və kəsici, habelə ona oxşar əşyalar təhlükəsizlik baxımından götürülür. Əgər belə əşyalar qeydiyyata alınmış baqaj kimi rəsmiləşdirilməmişdirsə, onların itməsi və ya zədələnməsi ilə əlaqədar Sərnişinə dəyən zərərə görə Aviaşirkət məsuliyyət daşımır və əvəzini ödəmir.

16.18 Ölkədən kənara çıxışına icazə verilməyən sərnişinlərin və hava gəmisinə minmək üçün gəlməyən sərnişinlərin baqajı

16.18.1 Qeydiyyatdan keçən və ölkədən çıxışına icazə verilməyən, yaxud təyyarəyə minmək üçün gəlməyən Sərnişinlərin baqajı mütləq təyyarədən çıxarılmalıdır.

16.19 Baqajın emalı, çatdırılması və götürülməsi 

16.19.1 Təyinat məntəqəsində və ya dayanacaq yerində baqajın götürülməsinə görə məsuliyyəti Sərnişin özü daşıyır. Sərnişin təyinat, transfer məntəqəsinə gəldikdən və ya yolda dayandıqdan sonra yol verilən vaxt ərzində baqajını götürmədiyi halda, Aviaşirkət baqajın saxlanılması haqqını Sərnişindən almaq hüququna malikdir.

16.19.2 Sərnişin tərəfindən götürülməyən baqaj saxlanmaq üçün aeroportun müvafiq xidmətlərinə verilir. Belə baqajın saxlanılması müddəti 6 aydır, bu müddətdən sonra o müəyyən edilmiş qaydada realizə olunur.

16.19.3 Baqajı baqaj qəbzinin (baqaj birkasının) sahibi ala bilər. Aviaşirkət baqaj qəbzinin və baqaj birkasının qoparma talonunun sahibinin baqajı götürmək hüququna malik olub-olmadığını yoxlamaq və müəyyən etmək öhdəliyi daşımır. Belə yoxlamadan imtina edilməsindən irəli gələn və ya onunla əlaqədar olan itkilərə görə Aviaşirkət məsuliyyət daşımır.

16.19.4 Baqajı götürmək istəyən şəxsdə baqaj qəbzi və baqaj birkasının qoparma talonu olmadığı halda, həmin şəxs baqajı götürmək hüququ olduğunu sübut edən kifayət qədər inandırıcı dəlillər gətirdikdə və belə baqajın verilməsi ilə əlaqədar Aviaşirkətin çəkə biləcəyi xərcləri və itkiləri ödəyəcəyinə yazılı zəmanət verdikdə belə baqaj ona təhvil verilə bilər.

 16.19.5 Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda, nöqsan aşkar edildikdən dərhal sonra, Sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl, baqajın daşınması zamanı nöqsanların mövcud olması (PIR) haqqında akt tərtib edilir və bu akt Sərnişin və Aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır. Baqajın daşınması zamanı nöqsanların olması haqqında aktın tərtib olunmaması baqaj daşınması zamanı nöqsanlar haqqında Sərnişinin iddiasının qəbul olunmasından Aviaşirkətin imtina etməsi üçün səbəb ola bilməz.

16.20 Sərnişin tərəfindən götürülməyən, unudulmuş və ya səhv göndərilmiş baqaj 

16.20.1 Daşınması müvafiq baqaj tarifi ilə ödənilmiş , sərnişin tərəfindən götürülməyən, unudulan və ya səhv göndərilən baqaj əlavə ödəniş həyata keçirilmədən təyinat məntəqəsinə, dayanacaq yerinə və ya transfer məntəqəsinə göndərilir.

17. Diri heyvanların daşınması 

17.1 Ümumi müddəalar 

17.1.1 Diri heyvanların nəqli yalnız biletin təxsis edilməsi və ya alınması zamanı Aviaşirkətlə razılaşdırıldıqdan sonra həyata keçirilir. Sərnişin aviadaşımanı təxsis edən zaman reysin uçuşundan ən azı 24 saat əvvəl heyvanların daşınması barədə Aviaşirkəti məlumatlandırmalıdır.

17.1.2 Diri heyvanlar daşınmaya aşağıdakı şərtlər yerinə yetirildikdə qəbul olunur:

  • Daşıma ərazisindən, ərazisinə və ya ərazisindən keçməklə daşımanın həyata keçirildiyi ölkənin tələblərinə zidd deyil (TIM/TIMATIC; ІATA-nın tövsiyələri);
  • Sərnişin ərazisindən, ərazisinə və ərazisindən keçməklə daşıma həyata keçirilən istənilən ölkənin baytarlıq orqanları tərəfindən tələb olunan zəruri sertifikatları, icazələri və digər sənədləri təqdim edir;
  • Diri heyvanlar sağlam, təmiz, sakitdir və boğaz deyil;
  • Diri heyvanlar müvafiq heyvan növü üçün ІATA tövsiyələrində nəzərdə tutulmuş xüsusi kip bağlanan konteynerlərdə daşınır;
  • Sərnişin heyvanın daşınması xərcini ödəmişdir;
  • Sərnişin daşıdığı diri heyvan/heyvanlar üçün bütün məsuliyyəti öz üzərinə götürür və diri heyvan/heyvanlar daşıdığına görə məsuliyyət haqqında Bəyannaməni doldurmuşdur.

17.1.3 Əgər 17.1.2. bəndinin şərtlərindən hər hansı biri yerinə yetirilməzsə, Aviaşirkət belə daşınmanın əvvəlcədən təxsis edilməsinə baxmayaraq, Sərnişin qeydiyyatdan keçərkən diri heyvanın/heyvanların daşınmasından imtina etmək hüququna malikdir.

17.1.4 Aviaşirkətin reyslərində mal-qara (at, inək, qoyun, keçi, uzunqulaq, qatır və s.) daşınması qadağandır.

17.1.5 Aviaşirkətin reyslərində göyərçinlərin daşınması qadağandır.

17.1.6 Diri heyvanların hava gəmisinin sərnişin salonunda daşınması və ya hava gəmisinin yük bölməsində daşınma üçün qəbul olunması Aviaşirkətin müəyyən etdiyi tarif üzrə ödənilməlidir. Bu zaman diri heyvanın/heyvanların çəkisi daşıma zamanı onun yerləşdirildiyi konteynerin və yemlənməsi üçün götürülmüş yemlə birlikdə müəyyən edilir.

17.1.7 Diri heyvanların daşınması üçün ödəniş Sərnişində digər baqajın olub-olmamasından asılı olmayaraq həyata keçirilir.

17.1.8 Diri heyvanın/heyvanların olduğu konteynerin daşınması üçün yer, hər şeydən əvvəl, onların ümumi kütləsindən, konteynerin ölçülərindən, sərnişin salonunda daşımaq üçün digər diri heyvanların qəbul olunub-olunmamasından asılı olaraq müəyyən edilir.

17.1.9 Aviaşirkət daşıma zamanı, yaxud səlahiyyətli orqanların diri heyvanların gətirilməsi və ya tranzit daşınmasından imtina etməsi səbəbindən heyvanların zədələnməsi, itməsi, çatdırılmanın ləngidilməsi, xəstələnməsi və ya ölməsinə görə məsuliyyət daşımır.

17.1.10 Beynəlxalq aviasiya qaydalarına əsasən bəzi ev heyvanlarının hava gəmilərimizlə daşınması qadağandır. Qafqaz çoban itlərinin, Türkmən alabayının, Pitbulteryerlərin, Amerika pitbulteryerlərinin, Bulteryerlərin, Amerika Staffordşır teryerlərinin, Yapon tosasının, Argentina doqun, Braziliya mastifinin, Rotveylerlərin, Staffordşır bulteryerlərinin, İspan mastiflərinin, Bordo mastiflərinin, Roma döyüş itlərinin, Mastiflərin, Tibet mastiflərinin, Dobermanların, Amerika buldoqlarının, Neapolitan mastiflərinin hava gəmilərimizlə daşınmasına icazə verilmir. Bu qayda yaşı 16 həftədən az olan itlərə aid edilmir. 

17.1.11 Yalnız eyni cinsdən olan və bir-birinə öyrəşmiş heyvanlar eyni qəfəsdə və ya konteynerdə daşına bilər. Eyni qəfəsdə və ya konteynerdə bir-birinə öyrəşmiş iki quş, iki pişik və ya iki itin icazə verilən çəki limitində daşınması mümkündür.

17.1.12 16 həftədən kiçik olan və ya hələ də ana südündən kəsilməmiş it və pişik balalarının  və hələ də ana südüylə bəsləyən analarının ABŞ istiqamətndə daşınması qadağandır.

17.2 Diri heyvanların hava gəmisinin sərnişin salonunda daşınması

17.2.1 Ümumi kütləsi konteynerlə birlikdə 8 kq-dan artıq olmayan kiçik diri otaq heyvanları, məsələn, itlər, pişiklər, oxuyan quşlar hava gəmisinin salonunda daşınmaq üçün qəbul oluna bilər. Bir konteynerdə heyvanların sayı təyinat ölkəsi üçün TIM/TIMATIC sənədinə və ІATA-nın tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Diri heyvanların transfer daşınması heyvanların hava nəqliyyatı ilə daşınmasına irəli sürülən tələblərin daha ciddi olduğu uçuş/transfer/enmə ölkəsinin qaydalarına müvafiq surətdə həyata keçirilir.

17.2.2 Diri otaq heyvanları yalnız böyük Sərnişinin müşayiəti altında sərnişin salonunda daşınmaya qəbul olunur.

17.2.3 Aviaşirkətin müntəzəm reyslərində hava gəmisinin hər sərnişin salonunda diri otaq heyvanları yerləşdirilmiş maksimum 2 konteynerin daşınmasına icazə verilir.

17.2.4 Hava gəmisinin sərnişin salonunda diri heyvanların daşınması üçün nəzərdə tutulan konteynerin ölçüləri üç ölçü cəmində 115 sm-dən artıq olmamalıdır.

17.2.5 Uçuş zamanı diri heyvanlarla konteyner öndəki oturacağın altına qoyulmalıdır. Diri heyvanlar olan konteyneri baqaj rəflərinə və ya ayrıca sərnişin oturacağına qoymaq olmaz.

17.2.6 Xidməti heyvanlar o cümlədən kar və ya kor sərnişini müşayiət edən bələdçi it hava gəmisinin sərnişin salonunda konteynersiz, yaxud əlavə ödəniş edilmədən hava gəmisinin baqaj bölməsində ІATA-nın tövsiyələrinə uyğun gələn konteynerdə daşına bilər.

17.2.7 Xidməti heyvanlar dedikdə fiziki və ya əqli imkanları məhdud olan şəxslərə yardım etmək və ya belə şəxslərin tapşırıqlarını yerinə yetirmək üçün xüsusi təlim keçmiş itlər nəzərədə tutulur.Yardım və tapşırıqlara nümunə olaraq kor olan insanlara yol göstərilməsi, kar insanlara xəbərdarlıq edilməsi, xəstə və ya ruhi xəstə insanların dərman içmək vaxtının yetişdiyinin bildirilməsi, əlil arabalarını hərək etdirməyə yardım edilməsi, Posttravmatik stress pozuntusu olan insanların sakitləşdirməsi və ya digər buna uyğun vəzifələri göstərmək olar. Xidməti heyvanlar ev heyvanları sayılmır. Xidməti itlərə keçilmiş təlim birbaşa şəxsin fiziki və ya əqli çatışmamazlığı ilə bağlı olmalıdır. Yegana məqsədi rahatlıq və ya emosianal dəstək olan heyvanlar (şəxsin heç bir fiziki və ya əqli çatışmamazlığı olmadıqda) xidməti heyvan sayılmır.

17.2.8 Nəfəs darlığı problemi olan İran pişiyi, Himalay pişiyi və Birma pişiyi və digər bu kimi cinslərin qaydalara uyğun şəkildə icazə verilən çəki limitindən asılı olaraq hava gəmisinin salonunda daşınmasını tövsiyyə edirik.

17.2.9 Nəfəs darlığı problemi olan Pekines, Mops, Şarpey, Şıx-zu, Yapon spanieli, Çau Çau,  İngiltərə toy-spanieli, Buldog, Boston teryerləri, Brussel grifonları və Brussel mastifi və bunlar kimi it cinslərini, qaydalara uyğun şəkildə hava gəmisinin salonunda icazə verilən çəki limitindən asılı olaraq daşımasını tövsiyə edirik.

17.3 Diri heyvanların hava gəmisinin yük bölməsində daşınması 

17.3.1 Hava gəmisinin yük bölməsində daşınmaq üçün diri otaq və ev heyvanları, məsələn itlər, pişiklər, quşlar və sair heyvanlar qəbul oluna bilər. Bir konteynerdə heyvanların miqdarı TIM/TIMATIC sənədində təyinat ölkəsi üçün nəzərdə tutulmuş tələblərə və ІATA-nın tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Bu vaxt həmin heyvanların ümumi kütləsi konteynerlə birlikdə 75 kq-dan artıq olmamalıdır.

17.3.2 Hava gəmisinin yük bölməsində diri heyvanlar daşınarkən, konteynerin ölçüləri heyvanın rahat dayanmasını, uzanmasını, hərəkət edə bilməsini təmin etməlidir, lakin üç ölçü cəmi 203 sm-dən artıq olmamalıdır.

17.4 Diri heyvanların yük qismində daşınması 

17.4.1 Kütləsi konteynerlə birlikdə 75 kq-dan artıq olan diri heyvanlar Aviaşirkətin "Yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları"na müvafiq olaraq daşınmaya yük kimi qəbul olunur.

18. Yüklərin daşınması

18.1 Ümumi müddəalar

18.1.1 Aviaşirkətin sərnişin hava gəmilərində yüklərin daşınması, onların yüklənməsinə uyğun olaraq həyata keçirilir.

18.1.2 Aviaşirkət yalnız xüsusiyyətləri və bağlamasının xarakteri təhlükəsiz daşımanı həyata keçirməyə yol verən yükü daşımaya qəbul edir. Daşınmaya habelə xüsusi yüklərin bəzi növləri (tezkorlanan, təhlükəli, ev quşları və s.), həmçinin hava nəqliyyatı ilə daşınması zamanı xüsusi şərait tələb edən ağırçəkili və kiçikhəcmli yüklər də qəbul olunur. Yüklərin daşınması şəraiti onların daşınma zamanı korlanmasına və ya təhlükəlilik dərəcəsinin artmasına gətirib çıxara bilən kimyəvi, fiziki və digər xüsusiyyətlərini dəyişdirməməlidir.

18.1.3 Yükün həcmi yükləmə lyuklarının və baqaj-yük bölmələrinin ölçüləri ilə məhdudlaşır. Daşınan yükün kütləsi istifadə olunan hava gəmilərinin yol verilən kommersiya yüklənməsi həddindən artıq olmamalıdır.

18.1.4 Aviaşirkətin reyslərində yüklərin daşınması üçün müqavilənin rəsmiləşdirilməsi Aviaşirkətin yük Agenti tərəfindən həyata keçirilir.

18.2 Yüklərin daşınmaya qəbul edilməsi şərtləri

18.2.1 Yük aşağıdakı şərtlərlə daşınmaya qəbul edilir:

  • yükün ölçüləri onun hava gəmisinə rahat yüklənməsini /hava gəmisindən boşaldılmasını, baqaj-yük bölmələrində yerləşdirilməsini və bərkidilməsini təmin etməlidir;
  • yükgöndərən qüvvədə olan qanunvericiliklə, mülki aviasiya sahəsində digər normativ sənədlərlə
  • nəzərdə tutulmuş, habelə hazırkı Qaydalarla və Aviaşirkətin hava daşımaları qaydaları ilə müəyyən edilmiş zəruri sənədləri təqdim etməlidir;
  • yük daşınan zaman sərnişinlər, hava gəmisinin ekipaj üzvləri, eləcə də baqaj və onunla birlikdə daşınan digər yüklər üçün təhlükə törətməməlidir;
  • yükün hava gəmisinin bortunda etibarlı bərkidilməsi və daşıma zamanı qorunması üçün nöqsansız tarası və etibarlı bağlaması olmalıdır;
  • yükün dövlətin ərazisinə gətirilməsi (ərazisindən çıxarılması) və ya onun ərzisindən tranzit
  • daşınması üçün bu ölkənin qanunları və qaydalarına müvafiq olaraq icazəsi olmalıdır.

18.2.2 Tezkorlanan, təhlükəli yüklər, ev quşları və digər xüsusi yüklər Azərbaycan Respublikasının, digər dövlətlərin qanunvericiliyi ilə, mülki aviasiya sahəsində beynəlxalq sənədlərlə və digər normativ sənədlərlə, eləcə də hazırkı Qaydalarla daşınmasına icazə verildiyi təqdirdə, daşınmaya qəbul olunur. Müxtəlif kateqoriyalı yüklərin daşınması qaydaları, onların daşınma üçün qəbulu və rəsmiləşdirilməsi qaydası, yüklərin yol verilən ölçüləri, yük anbarları haqqında məlumatları Aviaşirkətin yük agenti təqdim edir.

18.2.3 Xüsusi şərait tələb edən yüklərin daşınması zamanı Yükgöndərən yük qaiməsi ilə birlikdə bu yüklərin daşınması üçün sanitar, karantin və digər qaydalara müvafiq sənədləri də təqdim etməlidir. Yük daşınmaya qəbul olunarkən Aviaşirkət bu sənədlərin mövcud olub-olmamasını yoxlayır.

18.2.4 Yükgöndərən yük aviqaiməsində yüklər barədə göstərdiyi məlumatların düzgünlüyü üçün cavabdehdir. Yükgöndərən bu məlumatların düzgün, dəqiq, dolğun olmaması səbəbindən Aviaşirkətə və ya Aviaşirkətin cavabdehlik daşıdığı digər şəxsə vurduğu ziyana görə məsuliyyət daşıyır.

19. Hərəkət cədvəli

19.1 Ümumi müddəalar

19.1.1 Biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır. Aviaşirkət Sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər.

19.1.2 Aviaşirkət Sərnişinin və baqajın daşınmasını ləngitməmək üçün bütün zəruri tədbirləri görməlidir. Fors-major şəraitində (o cümlədən hava məkanında yaranan fövqəladə vəziyyət, tətillər, qiyamlar, ictimai iğtişaşlar, embarqo, müharibələr, düşməncəsinə hərəkətlər, sakitliyin pozulması, beynəlxalq münasibətlərin tənzimlənməməsi, texniki problemlər və ya uçuşun təhlükəsiz yerinə yetirilməsini qeyri-mümkün edən digər çətinliklər) Aviaşirkət Sərnişini əvvəlcədən xəbərdar etmədən reysi gecikdirmək və ya ləğv etmək, əvvəl təsdiq olunmuş təxsisi ləğv etmək hüququna malikdir.

19.1.3 Əgər fors-major şəraitinin təsiri ilə əlaqədar Aviaşirkət:

  • reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud
  • əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud
  • razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud
  • Sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən və təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa,

Aviaşirkət (Sərnişinin seçimi ilə):

  1. Sərnişini boş yer olan növbəti reysində Sərnişin tərəfindən ödənilmiş xidmət sinfində daşımalıdır, yaxud
  2. Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud
  3. Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud
  4. ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır.

Aviaşirkət bundan başqa heç bir öhdəlik daşımır.

19.1.4 Əgər daxili şəraitin təsiri ilə əlaqədar (ehtiyat təyyarələrin olmaması və s.) Aviaşirkət:

  • reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud
  • əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud
  • razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud
  • Sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən və təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa,

Aviaşirkət (Sərnişinin seçimi ilə):

  1. Sərnişini növbəti reysi ilə daşımalıdır, yaxud
  2. Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud
  3. Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud
  4. ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır. Sərnişin göndərməni gözlədiyi hallarda, 20.3.3. bəndinə müvafiq olaraq ona xidmət göstərilməsini təşkil etməlidir.

19.1.5 Aviaşirkət daşıma zamanı baş vermiş bu cür dəyişikliklərlə əlaqədar tarif fərqlərinin və əlavə rüsumların ödənilməsini tələb etmək hüququna malik deyil. Lakin, əgər dəyişdirilmiş marşrut üzrə sərnişin tarifi və normadan artıq baqajın daşınması tarifi Sərnişin tərəfindən əvvəl ödənilmiş tarifdən aşağı olarsa, bu halda fərq Sərnişinə qaytarıla bilər.

19.1.6 Aviaşirkət bir biletdə göstərilməyən digər Daşıyıcıların hərəkət cədvəllərində, yaxud digər dərc olunmuş reys qrafiklərində (cədvəldə) yol verilən xətalara və səhvlərə görə məsuliyyət daşımır.

19.1.7 Aviaşirkətin reysinin ləngiməsi nəticəsində, bu biletin uçuş marşrutunda göstərilməyən digər Aviaşirkətin reysinə tranzit keçidin pozulmasına görə Aviaşirkət məsuliyyət daşımır.

20. Daşımada dəyişikliklər

20.1 Qeydiyyat zamanı Sərnişinin xidmət sinfinin dəyişdirilməsi 

20.1.1 Reysə qeydiyyat zamanı biznes sinifdə boş yerlər olduğu təqdirdə, Sərnişinin arzusu ilə qaydalara uyğun olaraq və tətbiq olunan tariflərdə nəzərdə tutulmuş əlavə ödənişlər aparılması şərti ilə xidmət sinfini yüksəltmək olar.

20.2 Təxsisə uyğun xidmətin təqdim edilməsi mümkün olmadığı hallarda xidmət sinfinin dəyişdirilməsi 

20.2.1 Sərnişinə onun təxsisinə uyğun olaraq ekonom sinifdə xidmət təqdim etmək mümkün olmadığı təqdirdə, xidmət sinfi Aviaşirkətin hesabına biznes sinfə kimi yüksəldilir.

20.2.2 Sərnişinə onun təxsis etdiyi biznes sinif üzrə xidmət təqdim etmək mümkün olmadığı təqdirdə, xidmət sinfi ekonom sinfə kimi aşağı salınır və müvafiq məbləğ Sərnişinə qaytarılır. Bu vaxt baqajın pulsuz daşınma norması dəyişmir.

20.3 Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada edilən dəyişikliklər (fors-major şəraitindən başqa) 

20.3.1 Sərnişinlər reysin gözlənilən ləngidilməsi barədə məlumatlandırılmalıdırlar.

20.3.2 Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada dəyişikliklər edildiyi halda (fors-major şəraitindən başqa) Aviaşirkət biletdə göstərilmiş marşrut üzrə Sərnişinin daşınmasını həyata keçirə bilmədiyi vaxt ərzində ona xidmət göstərilməsini təmin edir.

20.3.3 Sərnişinlərə təqdim olunan xidmətlər reysin yubanma müddətindən asılıdır: 

  • Reys 2 saatdan 5 saatadək yubadıldıqda, Sərnişinlərə qəlyanaltı və sərinləşdirici içkilər, rabitə xidmətləri (2 yerli və /və ya beynəlxalq telefon danışıqları, elektron poçt, teleks, yaxud faks) təklif olunur. Səfərdən imtina edən Sərnişinə aviabiletin dəyəri heç bir yığım tutulmadan tam məbləğdə qaytarılır. 
  • reys 5 saatdan çox və gecə saatlarında yubandıqda, Sərnişinlər mehmanxanada yerləşdirilir (beynəlxalq uçuşlar zamanı), aeroportdan mehmanxanaya getmək üçün nəqliyyatla, qida və içkilərlə təmin olunurlar. Qida Sərnişinlərə günün saatından asılı olaraq (səhər yeməyi, nahar, şam yeməyi) verilir. Bu bənddə qeyd olunan xidmətlər heç bir əlavə ödəniş aparılmadan göstərilir. Reysin yubadıldığı ərazidə daimi yaşayan Sərnişinlər reysin ertəsi günə keçirildiyi barədə qərar qəbul olunan anadək gözlədikləri müddətdə mehmanxana ilə təmin olunmurlar. Sərnişinin hər hansı əlavə xərclərinin əvəzi ödənilmir.

20.3.4 Tranzit və ya transfer məntəqələrində digər reysə keçidin baş tutmaması, yaxud reysin ləngiməsi Aviaşirkətin təqsiri üzündən baş verdikdə, uçuşun növbəti sahəsinə təsdiq olunmuş təxsisin mövcud olması şərtilə, həmin məntəqələrdə Sərnişinlərə xidmət göstərilir.

20.4 Reysdə təxsis edilən yerlərin sayının artıq olmasına və ya hava gəmisinin tipinin dəyişməsinə görə daşımada edilən dəyişikliklər 

20.4.1 Reysdə təxsis edilən yerlərin sayının artıq olması, yaxud hava gəmisinin tipinin dəyişdirilməsi səbəbindən Sərnişini daşınmaya qəbul etmək qeyri-mümkün olduqda, Aviaşirkət Sərnişinə 19.1.3. bəndinə müvafiq olaraq xidmət təqdim etməlidir. Uçuşda təxsis edilən yerlərin sayının artıq olması, uçuş təhlükəsizliyi (hava gəmisinin ağırlıq limitləri) və ya texniki səbəbdən hava gəmisinin daha az oturacaqlı hava gəmisi ilə əvəzlənməsi səbəbindən Sərnişini daşımaya qəbul etmək mümkün olmaya bilər. Bu halda Aviaşirkət uçuşda təsdiq olunmuş yerini könüllü şəkildə daha sonrakı uçuş və kompensasiya müqabilində dəyişməyə razı olan Sərnişinlər axtaracaq. Əgər kifayət qədər uçuşdan imtina edəcək könüllü Sərnişin yoxdursa bu zaman bəzi Sərnişinlər Aviaşirkətin minik prioriteti qaydalarına uyğun olaraq uçuşa buraxılmayacaqlar. Aviaşirkətin qeydiyyat vaxtına və digər qaydalarına riayət edərək uçuşdan kənarlaşdırılmış Sərnişini Aviaşirkət alternativ uçuş və kompensasiya ilə təmin edəcəkdir. Əgər Sərnişin Avişirkətin qeydiyyat vaxtı və digər qaydalara riayət etməzsə kompensasiya verilmədən uçuşdan kənarlaşdırıla bilər

20.4.2 Digər xidmət sinfində, Aviaşirkətin digər reysində, digər Daşıyıcının reysində, ya da digər nəqliyyat növündə daşımadan imtina edən Sərnişinə 22.2.2, 22.2.3. bəndlərinə müvafiq olaraq biletin dəyəri qaytarılır.

20.4.3 Reysdə təxsis edilən yerlərin sayının artıq olması, yaxud hava gəmisinin tipinin dəyişdirilməsi səbəbindən Sərnişin daşınmaya qəbul edilməsi qeyri-mümkün olduqda, Aviaşirkət Sərnişinə pul kompensasiyası ödəməklə daşınmadan imtina edə bilər.

20.4.4 Reysdə təxsis edilən yerlərin sayının artıq olması, yaxud hava gəmisinin tipinin dəyişdirilməsi səbəbindən Sərnişin daşınmaya qəbul edilməsi qeyri-mümkün olduqda və sərnişin növbəti reyslə daşınmanı həyata keçirmək arzusunda olduğu halda 20.3.3 bəndinə müvafiq olaraq Sərnişinə xidmət təqdim etməlidir.

20.4.5 Pul kompensasiyasının məbləği aviabiletin dəyərinin 100%-ni təşkil edir, lakin 200 Avrodan az və 1000 Avrodan artıq olmamalıdır. ABŞ istiqamətinə/dən uçuşlarda Sərnişini daşınmaya qəbul etmək qeyri-mümkün olduqda ABŞ-ın "14 CFR Part 250 - Oversales" qaydalarına uyğun olaraq sərnişinə kompensasiya təqdim edilir.

21. Sərnişinlərə xidmət

21.1 Ümumi müddəalar

21.1.1 Aviaşirkət Sərnişinlərə xidmət sinfindən asılı olaraq göstərilən xidmətlərin norma və həcmini müstəqil surətdə müəyyən edir və dəyişir.

21.1.2 Sərnişin hava gəmisinin bortunda və / və ya hava limanında xidmətdən tam həcmdə və ya onun bir hissəsindən imtina edirsə, bu xidmətlərin göstərilməsi dəyəri ona qaytarılmır və bu imtina səbəbindən onun çəkdiyi xərclərin əvəzi ödənilmir.

21.2 Sərnişinlərə hava limanında xidmət göstərilməsi

21.2.1 Hava limanında Sərnişinlərə xidmət göstərilməsi xidmət şirkətləri tərəfindən həyata keçirilir. Sərnişinə xidmət göstərilməsi nəticəsində və ya onunla əlaqədar, yaxud üçüncü şəxslərin, təşkilatların və ya vasitəçilərin təqsiri üzündən belə xidmətdən istifadə etmək imkanı olmadığına görə Sərnişinin çəkdiyi istənilən ziyan və ya zərər üçün Aviaşirkət heç bir məsuliyyət daşımır.

21.3 Sərnişinlərə hava gəmisi bortunda xidmət göstərilməsi

21.3.1 Aviaşirkət hava gəmisinin bortunda xidmət sinfindən asılı olaraq Sərnişinlərə göstərilən xidmətlərin norma və həcmini müstəqil surətdə müəyyən edir və dəyişir.

21.3.2 Hava gəmisi bortunda yerlərin bölüşdürülməsi

21.3.2.1  Qeydiyyat sistemi Sərnişinə avtomatlaşdırılmış şəkildə Hava gəmisinin salonunda oturacaq yeri təqdim edir. Avtomatik təqdim edilən yerin dəyişdirilməsi ödəniş müqabilində mümkündür.

21.3.2.2 Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava gəmisinin bortunda yerlər elə qaydada bölüşdürülür ki, xüsusi kateqoriyalı Sərnişinlər təxliyyəyə mane olmasınlar, digər Sərnişinlər isə qəza vəziyyətində onların təxliyəsinə kömək göstərə bilsinlər

21.3.2.3 Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəza çıxış sıralarındakı oturacaqlarda aşağıdakı kateqoriyadan olan Sərnişinlərin yerləşdirilməsi qadağandır:

  • 15 yaşa çatmamış sərnişinlər;
  • fiziki imkanları məhdud olan sərnişinlər;
  • körpə ilə səyahət edən sərnişinlər və ya hamilə qadınlar;
  • diri heyvanlar aparan sərnişinlər;
  • təhlükəsizlik tələblərini oxuyub yerinə yetirməyə qadir olmayan sərnişinlər;
  • ağır çəkili şəxslər;
  • yaşı ilə əlaqədar tez hərəkət edə bilməyən şəxslər;
  • müşayiət olunmayan uşaqlar;
  • müşayiət olunan və ya olunmayan deportasiya edilən şəxslər.

21.3.2.4 Xüsusi kateqoriyalı Sərnişinləri qəza vəziyyətində qanadların üstünə açılan qəza çıxışları vasitəsilə təyyarəni tərk edə biləcəkləri yerlərdə yerləşdirmək qadağandır.

21.3.2.5 Fiziki imkanları məhdud olan Sərnişinləri, həddən ziyadə kök Sərnişinləri, deportasiya olunan mülki və cinayətkar şəxsləri və uşaqları çıxışın yaxınlığındakı yerlərdə yerləşdirmək qadağandır.

21.3.2.6 Özü ilə diri heyvan aparan Sərnişinləri mətbəxin və tualetin yanında yerləşdirmək qadağandır.

21.3.2.7 Bələdçi itin müşayiəti ilə səfər edən Sərnişinlərə hava gəmisi salonunun sonunda yer verilir.

21.3.2.8 Aviaşirkət tərəfindən Sərnişinlərin hava gəmisinə mindirilməsi prioriteti müəyyən edilmişdir. Sərnişinlər hava gəmisinin salonuna aşağıdakı ardıcıllıqla mindirilir:

  • mühafizə olunan deportasiya edilən şəxslər və həbsdə olan şəxslər;
  • fiziki imkanları məhdud olan Sərnişinlər;
  • müşayiət olunmayan uşaqlar;
  • ekonom sinif Sərnişinləri;
  • biznes sinif Sərnişinləri;
  • VIP Sərnişinlər.

Sərnişinlərin həva gəmisindən düşürdülməsi əks ardıcıllıqla həyata keçirilir.

21.3.2.9 Aviaşirkətin müxtəlif tipli hava gəmilərində qəza-xilasetmə vasitələrinin xüsusiyyətləri ilə əlaqədar olaraq, bəzi hava gəmilərində körpələrlə səyahət edən sərnişinlərin yanaşı oturacaqlarda yerləşdirilməsinə icazə verilmir və aviaşirkət həmin sərnişinlərin yerlərini dəyişə bilər.

21.3.3 Qida və içkilərin təklif olunması

21.3.3.1  Aviaşirkətin uçuşlarında isti bort qidası və digər əlavə xidmətlər nəzərdə tutulmayıb və tarifə daxil deyil, Aviaşirkət isti bort qidasına, içkilərə və digər əlavə xidmətlərə görə haqq almaq hüququna malikdir.

21.3.3.2 Hava gəmisinin bortunda Sərnişinlərə qida xidmət sinfindən, günün saatından və reysin davamiyyətindən asılı olaraq təqdim edilir.

21.3.3.3 Hava gəmisinin bortunda xüsusi qida növləri (uşaq yeməyi, vegetarian, dini, pəhriz yeməkləri və ya dəniz məhsullarından olan yeməklər) yalnız əvvəlcədən (uçuşdan ən azı 24 saat əvvəl) sifariş olunduqda verilir.

21.3.3.4 Aviaşirkətin personalının təklif etdiyi hallar istisna olmaqla, hava gəmisinin bortunda spirtli içkilərin qəbul edilməsi qadağandır. Bu qaydalara riayət olunmadığı halda, sərnişinə məxsus olan, o cümlədən təyyarədəki rüsumsuz ticarət mağazasından aldığı spirtli içkiləri müvəqqəti olaraq, uçuş yerinə yetirildiyi müddətdə müsadirə etməklə (uçuş başa çatdıqdan sonra sərnişinə qaytarılması şərtilə) sanksiyalar tətbiq edilə bilər.

21.4 Sərnişinin xəstəliyi səbəbindən uçuşun dayandırılması

21.4.1 Sərnişinin xəstələnməsi, yaralanması səbəbindən onun xahişi ilə və ya həkimin təkidi ilə uçuşun aralıq məntəqədə (yəni təyinat məntəqəsindən əvvəl) dayandırılması zamanı bütün xərclər (yerüstü nəqliyyatla çatdırma, mehmanxana, qida, xəstəxana) Sərnişin tərəfindən ödənilir.

21.5 Uçuş zamanı davranış

21.5.1 Hava gəmisinin bortunda Sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir. Sərnişin ekipajın öz xidməti vəzifələrini yerinə yetirməsinə mane olmamalı, hava gəmisinin uçuşunun təhlükəsizliyini, sərnişinlərin təhlükəsiz və rahat uçuşunu təmin etmək üçün hava gəmisi komandirinin və ekipajın göstərişlərini yerinə yetirməlidir. Sərnişin digər sərnişinlərin narazılığına səbəb olan və ya səbəb ola biləcək, bundan əlavə heyət üzvləri və digər sərnişinlərin şərəf və ləyaqətini alçaldan və ya alçalda biləcək hərəkətlər etməməlidir.

21.5.2 Uçuşun təhlükəsizliyini təmin etmək üçün Aviaşirkət hava gəmisinin bortunda elektron texnikadan, mobil telefonlardan, səyyar kompyuterlərdən, səyyar maqnitofonlardan, əl radioqəbuledicilərindən, CD-pleyerlərdən, ötürücü qurğulardan, o cümlədən radio ilə idarə olunan oyuncaqlardan, əl rasiyalarından və s. (süni eşitmə cihazlarından və elektrokardiostimulyatorlardan başqa) istifadə etməyi məhdudlaşdırmaq və ya qadağan etmək hüququna malikdir.

21.5.3 Hava gəmisinin bortunda Sərnişin təhlükəyə səbəb ola bilən, yaxud digər sərnişinlər, əşyalar, hava gəmisi və ekipaj üçün təhlükə törədə bilən sərxoş vəziyyətdə (spirtli içkilərin, narkotik yaxud hər hansı digər vasitələrin təsiri altında) olmamalıdır. Hava gəmisinin bortunda hər hansı spirtli içkinin yalnız Aviaşirkətin təklif etdiyi miqdarda və xidmət sinfindən asılı olaraq qəbul edilməsinə icazə verilir.

21.5.4 Siqaret çəkmək, o cümlədən elektron siqaretlər Aviaşirkətin bütün reyslərində qadağan edilir.

21.5.5  Əgər Sərnişin 21.5.1 – 21.5.4 bəndlərində göstərilən müddəalara riayət etmirsə, Aviaşirkət vəziyyətin tələb etdiyi və belə davranışın qarşısını almaq üçün zəruri hesab etdiyi tədbirlər görmək hüququna malikdir. Belə tədbirlərə aiddir: 

  • Sərnişinin hava gəmisinin salonunda hərəkətinin məhdudlaşdırılması;
  • Sərnişinin hava limanından düşürdülməsi;
  • Daşıma marşrutu üzrə istənilən məntəqədə Sərnişinin hava gəmisinin bortuna qəbul edilməsindən imtina edilməsi; 
  • Müvafiq təsir tədbirləri görmək üçün Sərnişinin yerli dövlət hüquq-mühafizə orqanlarına təhvil verilməsi; 
  • Sərnişinə qarşı inzibati və mülki-hüquqi təsir tədbirlərinin görülməsi (inzibati məsuliyyətə cəlb etmək, zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmək); 
  • Sərnişinin şəxsi məlumatlarının arzuolunmaz sərnişinlərin siyahısına daxil edilməsi və sonradan Aviaşirkətin istənilən reysi ilə səfər etməsinin qadağan edilməsi.

21.5.6 Əgər Sərnişinin icazəsiz davranışı nəticəsində Aviaşirkət əlavə xərclər tələb edən müəyyən tədbirlər görmək məcburiyyətində qalmışdırsa, Sərnişin həmin xərcləri Aviaşirkətə ödəməlidir.

22. Məbləğin qaytarılması 

22.1 Ümumi müddəalar

22.1.1 Biletdə göstərilən tarifin tətbiq olunması qaydaları ilə digər hal nəzərdə tutulmamışdırsa, Aviaşirkət biletin (onun hissəsinin) istifadə olunmamasına görə məbləğin qaytarılmasını yalnız Aviaşirkətin (771) ІATA nömrələri olan daşınma sənədləri üzrə həyata keçirir.

22.1.2 Ödəniş daşınma sənədləri qüvvədə olduğu müddət ərzində, adına biletin rəsmiləşdirildiyi şəxsə (yaxud onun vəkalətli şəxsinə, habelə biletin dəyərini ödəmiş təşkilata və ya şəxsə) qaytarılır.

22.1.3 Normal və ya xüsusi tariflərlə rəsmiləşdirilmiş bilet ilkin uçuş tarixindən etibarən bir il ərzində daşınma üçün etibarlı sayılır.

22.1.4 Əgər tarifin tətbiq olunması qaydaları ilə digər hal nəzərdə tutulmamışdırsa, daşıma başlandığı təqdirdə daşınmanın başlanmasının ilk günündən etibarən bir il ərzində, daşıma başlanmadığı təqdirdə isə daşıma sənədlərinin rəsmiləşdirildiyi gündən etibarən bir il ərzində daşıma sənədləri üzrə məbləğ qaytarılır.

22.1.5 Məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir.

22.1.6 Məbləğ qaytarılarkən valyutanın növü və biletin dəyərinin ödəniş forması saxlanılır.

22.2 Qaytarılan məbləğ 

22.2.1 Əgər Sərnişin Aviaşirkətin aşağıdakı hərəkətləri səbəbindən daşımadan imtina edirsə, bu halda ödəniş mütləq qaytarılmalıdır:

  • Aviaşirkət Sərnişinin yer təxsis etdiyi və bilet rəsmiləşdirdiyi reysi təxirə salmış, ləğv etmiş, ləngitmişdir;
  • Aviaşirkət Sərnişin üçün təyinat, yola düşmə məntəqəsində, yaxud dayanacaq olan məntəqədə hava gəmisinin enməsini ləğv etmişdir;
  • xidmət sinfini dəyişmişdir;
  • Sərnişin tərəfindən əvvəlcədən təxsis edilmiş yerə müvafiq yeri təqdim etməmişdir;
  • əvvəlki reysin qeyd olunduğu biletdə göstərilən və Sərnişinin təsdiqlənmiş təxsisi olan reysə keçidi təmin etməmişdir;

22.2.2 Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ Sərnişinə qaytarılır.

22.2.3 Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər daşıma qismən yerinə yetirilmişdirsə, daşımanın həyata keçirilməmiş hissəsinin dəyərinə müvafiq məbləğ qaytarılır.

22.2.4 Sərnişin könüllü olaraq uçuşdan imtina etdiyi (könüllü olaraq bileti qaytardığı) hallarda, məbləğin qaytarılması biletin alındığı yerdə həyata keçirilir və tariflərin tətbiqi qaydaları ilə tənzimlənir.

22.2.5 Sərnişinin özünün və ya onu müşayiət edən şəxsin yaxud onun yaxın qohumlarının xəstələnməsi və ya onların xəstəxanaya yerləşdirilməsi səbəbindən sərnişinin uçuşdan imtina etməsi daşınmadan məcburi imtina hesab edilmir və daşınma xərclərinin geri qaytarılması üçün əsas deyil.

22.3 Məbləğin qaytarılmasından imtina hüququ 

22.3.1 Aviaşirkət aşağıdakı hallarda məbləğin qaytarılmasından imtina etmək hüququna malikdir:

  • Sərnişin biletin etibarlılıq müddəti bitdikdən sonra bu barədə ərizə ilə müraciət etdikdə;
  • bilet xüsusi tariflə əldə edildikdə və onun tətbiqi qaydaları ilə məbləğin qaytarılması nəzərdə tutulmadıqda (bilet belə bir xüsusi tariflə əldə edildikdə Aviaşirkət (onun Agenti) təxsisetmə zamanı Sərnişini bu barədə məlumatlandırmalı və biletdə xüsusi qeyd olmalıdır);
  • Aviaşirkət biletin Sərnişin tərəfindən yalnız özünün immiqrasiya və ya viza məsələlərini həll etmək üçün alındığını və istifadə edildiyini sənədlər vasitəsilə sübut edə bildikdə.

22.4 Öhdəlikdən azad olma

22.4.1 Aviaşirkət aşağıdakı hallarda Sərnişinin daşınmasından imtina etdiyinə görə kompensasiya ödəmir:

  • fors-major şəraitinə görə daşımadan imtina edildikdə,
  • hökumət müvafiq daşımada istifadə olunan hava gəmisinin tutumunu tam və ya qismən müsadirə etdiyinə görə daşımadan imtina edildikdə;
  • Sərnişin aviasiya təhlükəsizliyinə görə yoxlamadan keçməkdən imtina etdikdə, yaxud Aviaşirkət (onun Agenti və ya xidmət üzrə Agenti) tərəfindən verilmiş təlimatı yerinə yetirmədikdə;
  • Sərnişin geniş istehlakçı dairəsi üçün mümkün olmayan pulsuz biletlə və ya xüsusi tarifli biletlə daşındıqda;
  • Sərnişin çarter reysi ilə və ya bütün xidmətlərin ödənilməsi şərtilə qrup şəklində daşımanın, yaxud turist səyahətinin bir hissəsi kimi satılmış reyslə daşındıqda (bu vaxt daşımadan imtinaya görə məsuliyyət müqavilə üzrə Daşıyıcının üzərinə qoyulur);
  • qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

23. Sərnişinlərin müraciəti (rəyləri, təklifləri, şikayətləri)

23.1 Ümumi müddəalar 

23.1.1 Sərnişin ona göstərilən xidmətdən narazılığını şifahi və ya yazılı surətdə ifadə etmək hüququna malikdir.

23.1.2 Sərnişinin şifahi müraciətinə (şikayətinə), imkan daxilində, dərhal baxılmalıdır. Sərnişinə nəzakətli və əsaslandırılmış cavabın verilməsi, habelə lazımi qaydada xidmətin göstərilməsi üçün Aviaşirkət tərəfindən bütün tədbirlər görülməlidir.

23.1.3 Sərnişinin tələbi ilə ona Şikayətlər və təkliflər kitabı verilməlidir.

23.2 Sərnişinlərin yazılı şikayətlərinə baxılması qaydası 

23.2.1 Sərnişinin yazılı şikayətinə qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna edilməklə, bir ay ərzində, əlavə təhqiqat və yoxlamalar tələb etməyən şikayətlərə isə, əgər qanunvericiliklə digər müddət nəzərdə tutulmamışdırsa, 15 gündən gec olmamaqla baxılmalıdır.

23.2.2 Əsaslı cavab vermək mümkün olmadığı hallarda, Sərnişin cavabın ləngidilməsinin səbəbi və onu ala biləcəyi müddət barədə məlumatlandırılır.

24. Aviaşirkətin, Sərnişinin və Yükgöndərənin (yükalanın) məsuliyyəti

24.1 Ümumi müddəalar

24.1.1 Aviaşirkət hava gəmisinin Sərnişini və yükgöndərən (yükalan) qarşısında Azərbaycan

Respublikasının qanunvericiliyi, Varşava Konvensiyası və Monreal Konvensiyası, habelə sərnişin, baqaj və yüklərin hava daşınması üzrə hazırkı qaydalar, yaxud digər əlavə qaydalarla müəyyən olunmuş formada məsuliyyət daşıyır.

24.2 Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına zərər vurulmasına görə Aviaşirkətin məsuliyyəti

24.2.1 Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına vurulmuş zərərə görə Aviaşirkətin məsuliyyəti və məsuliyyətin miqdarı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, habelə Varşava Konvensiyası və Monreal Konvensiyasına müvafiq olaraq müəyyən edilir.

24.2.2 Aviaşirkət Sərnişinin hava gəmisinə minməsi üçün uçuşdan əvvəlyoxlamadan keçdiyi andan Aviaşirkətin səlahiyyətli şəxslərinin müşahidəsi altında aerodromu tərk etdiyi anadək olan müddətdə onun ölümü və ya zədələnməsi nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyır.

24.3 Sərnişinin qeydiyyata alınmış baqajının, yükünün və əl yükünün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə Aviaşirkətin məsuliyyəti

24.3.1 Aviaşirkət zərərin vurulmasının qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüldüyünü, yaxud belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməsə, baqajın və ya yükün hava nəqliyyatı ilə daşıma üçün qəbul olunduqdan sonra və yükalana, yaxud müəyyən edilmiş qaydalara uyğun olaraq digər vətəndaşa və ya hüquqi şəxsə təhvil verilənədək itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət daşıyır.

24.3.2 Aviaşirkət baqajın və ya yükün itməsinin, əskik gəlməsinin və ya zədələnməsinin (korlanmasının) Aviaşirkətin qərəzli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş vermədiyini və ya hava daşıması zamanı baş vermədiyini sübut edə bilməsə, baqajın və ya yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə məsuliyyət daşıyır.

24.4 Baqajın və yüklərin itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə Aviaşirkətin məsuliyyətinin miqdarı

24.4.1 Baqajın, yükün, habelə Sərnişinin yanında olan əşyaların itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə Aviaşirkət onların həqiqi dəyəri miqdarında, lakin Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyi və Varşava Konvensiyası və Monreal Konvensiyası ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət daşıyır.

24.5 Aviaşirkətin məsuliyyətini istisna edən şərtlər

24.5.1 Aviaşirkətin məsuliyyəti faktiki olaraq vurulmuş ziyanın məbləğindən artıq olmamalıdır.

24.5.2 Aviaşirkət dövlət orqanlarının qanunlarına, qərarlarına, qaydalarına və bu Qaydalara riayət etməsi, yaxud Sərnişin tərəfindən onlara riayət edilməməsi nəticəsində bilavasitə və dolayısı ilə baş vermiş zərərə görə məsuliyyət daşımır və ziyanın əvəzini ödəmir.

24.5.3 Aviaşirkət onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən: təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının tələbləri, Aviaşirkətin təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir.

24.5.4 Sərnişinin ölümü və ya səhhətinin pisləşməsi onun sağlamlıq vəziyyətindən irəli gəldikdə aviaşirkət heç bir məsuliyyət daşımır.

24.5.5 Aviaşirkət Sərnişinin ölümü, yaralanması, bədən xəsarəti alması, yaxud onun baqajının, habelə yükünün daşınması zamanı zədələnməsi ilə nəticələnən zərərin vurulmasına səbəb olan hər hansı şəxsin qərəzli hərəkəti və ya hərəkətsizliyinə görə Aviaşirkətə qarşı irəli sürülən iddiaya görə Sərnişin qarşısında məsuliyyət daşımır.

24.5.6 Aviaşirkət baqajın itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıdakı səbəblər üzündən baş verdiyini sübut etdikdə məsuliyyətdən azad olunur:

  • baqajı təhvil verən, yaxud alan şəxsin təqsiri;
  • daşınan əşyaların təbii xüsusiyyətləri;
  • baqaj qəbul edilərkən aparılan zahiri yoxlama zamanı bağlamanın nəzərəçarpmayan nöqsanları;
  • baqajda olan, daşıma və saxlama zamanı xüsusi şərait və ya ehtiyat tədbirləri tələb edən əşyaların və ya maddələrin əlahiddə xüsusiyyətləri.

24.5.7 Aşağıdakı hallarda Aviaşirkət məsuliyyət daşımır:

  • Sərnişin baqajın əskik gəldiyini və bunun Aviaşirkətin təqsiri üzündən baş verdiyini sübut edə bilmədiyi halda, daşınan baqaj oğurluq və ya zədələnmə əlamətləri olmadan, qüsursuz qablamada Sərnişinə təhvil verilərkən onun çəkisinin əskik gəlməsinə görə;
  • kövrək və tezsınan əşyaların zədələnməsinə, pul, zinət əşyaları, qiymətli metallar, gümüş məmulatlar, qiymətli və işgüzar kağızlar, dərman vasitələri, açarlar, pasportlar, vəsiqələr və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyalara görə, Aviaşirkətin bu əşyaların baqajda olub-olmadığını bilməsindən asılı olmayaraq.

24.6 Yükgöndərənin / yükalanın məsuliyyəti

24.6.1 Yükgöndərən / yükalan təqdim etdiyi məlumatların düzgün və ya dolğun olmaması nəticəsində

24.6.2 Aviaşirkətə və ya Aviaşirkətin, öz növbəsində, qarşısında belə məsuliyyət daşıdığı şəxsə vurduğu zərərə görə məsuliyyət daşıyır.

24.6.3 Yükgöndərən / yükalan Azərbaycan Respublikasının dövlət və inzibati orqanlarının və ya təyinat (göndərmə/tranzit) ölkəsinin tələblərini yerinə yetirməməsi nəticəsində Aviaşirkətin çəkdiyi bütün xərcləri ödəməlidir.

24.7 Sərnişinin məsuliyyəti

24.7.1 Əgər Aviaşirkət Sərnişinin təqsiri üzündən zərərə düşmüşdürsə, bu zaman Sərnişin dəymiş zərərin məbləği həcmində maddi məsuliyyət daşıyır.

24.7.2 Sərnişin aşağıdakıları yerinə yetirmədiyinə görə məsuliyyət daşıyır:

  • daşıma qaydalarını (fotoşəkil çəkilişi, kino çəkilişi, hava gəmisinin bortunda mobil və radiorabitə vasitələrindən istifadə və s.);
  • hava gəmisi komandirinin sərəncamlarını;
  • yanğın təhlükəsizliyi qaydalarını, sanitar-gigiyenik və sanitar-əksepidemik qaydaları;
  • təhlükəli maddələrin və ya əşyaların daşınması qaydalarını;
  • uçuş təhlükəsizliyi qaydalarını (qapını, təyyarənin lyukunu açmağa cəhd göstərmək, sərnişinin və baqajın təhlükəsizliyə görə baxışdan keçməsindən imtina etmək, təhlükəsizlik kəmərini bağlamamaq, hava gəmisinin bortunda və qadağan edilmiş digər yerlərdə siqaret çəkmək və s.);
  • aerovağzallarda, şəhər agentliklərində, hava limanlarında, aerodromlarda və hava gəmilərində ictimai asayişin pozmaq, o cümlədən digər sərnişinlərə və Aviaşirkətin işçi heyətinə qarşı hüquqazidd hərəkətlər etmək;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş digər pozuntular.

25. Pretenziyalar və iddialar 

25.1 Pretenziya və iddiaların verilməsi qaydası 

25.1.1 Aviaşirkət, onun nümayəndələri, yaxud xidmət üzrə Agentləri daşıma müqaviləsinin şərtləri pozulduğu hallarda Sərnişinin hansı tədbir görməli olduğunu ona aydınlaşdırmalı və bununla əlaqədar zəruri sənədlərin rəsmiləşdirilməsində Sərnişinə kömək göstərməlidirlər.

25.1.2 Pretenziyalar onları irəli sürənin arzusu ilə yola düşmə, təyinat, transfer, tranzit, dayanacaq məntəqəsində bilavasitə Aviaşirkətə, yaxud onun Agentinə təqdim edilə bilər.

25.1.3 Aviaşirkətə irəli sürülən hər bir pretenziyada onun təqdim edilməsinin səbəbi, vurulmuş ziyan, itirilmiş və ya zədələnmiş baqajın içindəki əşyaların siyahısı, vurulmuş ziyanın xarakteri və miqdarı qeyd olunmalıdır. Marağı olan tərəf ziyanın məbləğini sübut etməlidir.

25.1.4 Ərizəçi ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququnu sübut edən bütün sənədləri - bileti, normadan artıq baqajın ödənildiyini təsdiq edən qəbzi (yaxud onların surətini), baqaj birkasının qoparma talonunu, çekləri, çəkilmiş xərclərin qəbzlərini, baqajın daşınması zamanı nöqsanlar barədə aktı, ziyan məbləğinin hesablanmasını və işə aidiyyəti olan digər sənədləri pretenziyaya əlavə etməlidir.

25.1.5 Sərnişinin bədən xəsarəti alması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi barədə Aviaşirkətə iddianı zərərçəkən, onun ölümü hallarında isə mülki qanunvericiliyin ümumi normalarına müvafiq olaraq zərərin əvəzinə kompensasiya almaq hüququ olan şəxs verir.

25.1.6 Baqajın daşınması zamanı nöqsanlar barədə aktın tərtib edilməsi zərər yetirilməsinin etiraf edilməsi kimi qiymətləndirilməməlidir. Baqajın daşınması zamanı nöqsanlar barədə aktın tərtib olunmaması Sərnişini pretenziya və ya iddia irəli sürmək hüququndan məhrum etmir.

25.1.7 Baqajın alınması və ya çatdırılması zamanı Sərnişinin baqajı etirazsız qəbul etməsi baqajın Aviaşirkət tərəfindən lazımi vəziyyətdə və daşınma müqaviləsinin şərtlərinə uyğun olaraq çatdırıldığını ehtimal edir (əgər bunun əksi sübut edilməmişdirsə).

25.2 Pretenziyalara baxılması qaydası 

25.2.1 Sərnişinlərin pretenziyalarına Aviaşirkətdə müəyyən edilmiş qaydaya müvafiq olaraq baxılır.

25.2.2 Əgər barəsində pretenziya verilmiş daşıma bütünlüklə Aviaşirkət tərəfindən həyata keçirilmişdirsə, Aviaşirkət 3 ay ərzində pretenziyaya baxmalı və onun təmin olunması və ya rədd edilməsi barədə ərizəçini məlumatlandırmalıdır.

25.2.3 Digər Daşıyıcıların iştirak etdiyi daşımalar üzrə Sərnişinlərin pretenziyalarına baxılması müddəti, bu Daşıyıcıların pretenziyaların tənzimlənməsi üzrə qüvvədə olan qaydaları nəzərə alınmaqla, 6 ayadək uzadıla bilər.

25.3 İddialar və müddət 

25.3.1 Sərnişinin və /və ya baqajın daşınması müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə əlaqədar Aviaşirkətə iddialar irəli sürülməzdən əvvəl hökmən Sərnişinin və ya onun tapşırığı ilə hərəkət edən şəxsin yazılı pretenziyası təqdim olunmalıdır. Sərnişinin ölümü və ya sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vurulması halları istisna olunur. Bu hallarda yazılı pretenziyanı mülki qanunvericilik normalarına müvafiq olaraq zərər üçün kompensasiya almaq hüququ olan şəxslər verməlidir.

25.3.2 Sərnişinin ölümü və ya bədən xəsarəti alması ilə əlaqədar iddialar 2 il ərzində verilə bilər.

25.3.3 Sərnişinin daşınması yubadıldığı halda və ya hər hansı digər səbəblərdən Sərnişin və ya onun vəkalətli şəxsi tərəfindən iddia Sərnişin təyinat məntəqəsinə gəldiyi tarixdən və ya onun təyinat yerinə gəlməli olduğu tarixdən ən gec 21 gün sonra verilə bilər.

25.3.4 Baqajına zərər vurulduğu hallarda Sərnişin zərərin əvəzinin ödənilməsi barədə yazılı pretenziyanı aşağıdakı müddətlərdə təqdim edə bilər:

  • Baqaj məhv edildiyi, zədələndiyi və ya əskik gəldiyi hallarda - zərər aşkar edildikdən dərhal sonra, lakin baqajın alındığı tarixdən 7 gündən gec olmamaqla;
  • Baqajın daşınması ləngidildiyi hallarda - baqaj Sərnişinin sərəncamına verildiyi tarixdən 21 gün ərzində;
  • Baqaj itirildiyi hallarda - hava gəmisinin təyinat məntəqəsinə gəldiyi tarixdən və ya təyinat məntəqəsinə gəlməli olduğu tarixdən, yaxud daşıma dayandırıldığı tarixdən 2 il ərzində. Baqaj təyinat yerinə gəlməli olduğu tarixdən 21 gün ərzində axtarış zamanı tapılmadığı təqdirdə o, itirilmiş sayılır.

25.3.5 Sərnişinin və ya baqajın lazımi qaydada daşınmamasına dair Aviaşirkətə irəli sürülən iddialar hava gəmisi təyinat məntəqəsinə gəldiyi tarixdən və ya hava gəmisi təyinat məntəqəsinə gəlməli olduğu tarixdən və ya daşıma dayandırıldığı tarixdən iki ildən gec olmamaqla, Aviaşirkətin qeydiyyatda olduğu yerin, yaxud onun baş ofisinin yerləşdiyi yerin və ya daşıma müqaviləsi bağlamış Daşıyıcının ofisinin yerləşdiyi yerin məhkəməsinə (iddiaçının seçimi ilə) verilməlidir.

25.3.6 24.3.1 və 24.3.2 bəndlərində göstərilən müddətlərdə yazılı pretenziya olmadığı hallarda, Aviaşirkətə qarşı iddia irəli sürülə bilməz.

26. Sərnişinin məlumatlandırılması

26.1.1 Bu bölmənin müddəaları Aviaşirkətə və Azərbaycanın ərazisində daşımaların satışı üzrə Agentlərinə şamil olunur.

26.1.2 Aviaşirkət (onun Agenti) daşımaların satışı üzrə ofisdə istehlakçılar üçün münasib olan, aydın görünən yerdə aşağıdakı məlumatları yerləşdirməlidir:

  • Özünün tam adını, hüquqi ünvanını;
  • Daşımaların (daşımaların satışının) həyata keçirilməsinə icazə verən sənədlərin (lisenziya, sertifikat, şəhadətnamə) surətlərini;
  • Ərazi üzrə İstehlakçıların hüquqlarını müdafiə orqanının telefonunu.

26.1.3 Aviaşirkət (onun Agenti) biletlərin satışı zamanı aşağıdakı məlumatı hökmən Sərnişinin diqqətinə çatdırmalıdır:

  • Sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları;
  • Müvafiq marşrut üzrə daşımanın dəyəri - biletlərin satışı məntəqəsində təxsisetmə zamanı şifahi məlumat (internet sistemi vasitəsilə onlayn rejimdə daşımaların satışı zamanı -daşımaların təxsisi
  • həyata keçirilən sayt vasitəsilə elektron şəkildə, yaxud marşrutun çap olunmuş formasında lazımi məlumat göstərilməklə);
  • Xüsusi tariflə daşıma zamanı dəyəri, şərtləri və məhdudiyyətlər barədə - təxsisetmə zamanı şifahi məlumat (elektron bilet tətbiq olunan zaman - təxsis həyata keçirilən sayt vasitəsilə);
  • Müvafiq marşrut üzrə səyahət zamanı inzibati rəsmiyyətlər barədə -təxsisetmə zamanı şifahi məlumat;
  • Sərnişinin və baqajın daşınması zamanı Aviaşirkətin məsuliyyət həddi barədə - Aviaşirkətin saytı vasitəsilə bu qaydalarda;
  • Daşımanın ləngidilməsinə görə kompensasiya məbləği - daşıma gecikdirildiyi təqdirdə hava limanında Aviaşirkətin (xidmət üzrə Agentin) nümayəndəliyində şifahi məlumat;
  • Daşınması qadağan olunmuş əşyalar və mallar- Aviaşirkətin saytı vasitəsilə;
  • Biznes və ekonom xidmət siniflərində təqdim edilən xidmətlərin siyahısı və norması - Sərnişinin tələbi ilə.